Bu dəfə Ermənistana 31 vaqon dizel yanacağı göndərilib
Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya istehsalı olan gübrələrin daşınması davam edir. Son aylar həyata keçirilən sülh missiyası regionda iqtisadi əlaqələrin tədricən bərpa olunması və Cənubi Qafqazda formalaşan yeni əməkdaşlıq mühitinin diqqətçəkən göstəricisidir.
Məlumata görə, 1984 ton dizel yanacağı yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi daşıyan 2 vaqon “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yüklər Gürcüstan ərazisi vasitəsilə tranzit keçərək Ermənistana göndərilib.
Qeyd olunduğu kimi, bu, son aylarda həyata keçirilən tədarüklərin növbəti mərhələsidir. Fevralın 25-də də Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı daşıyan 39 çən vaqonu yola salınmışdı. Ondan əvvəl yanvarın 11-də 979 ton “Aİ-92” markalı avtomobil benzini yüklənmiş 18 vaqon Ermənistana göndərilmişdi. Yanvarın 9-da isə, ümumilikdə, 2698 ton neft məhsulu tədarük olunmuşdu. Həmin partiyaya 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel yanacağı daxil idi.
Qeyd edək ki, Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın 18-də start verilib. Həmin tarixdə bu ölkəyə 1220 ton “Aİ-95” markalı avtomobil benzini göndərilmişdi. Bu daşımalar Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin oktyabrında imzalanmış qərara əsasən həyata keçirilir. Sözügedən sənədlə işğal dövründən qüvvədə olan və Azərbaycandan Ermənistana yüklərin tranzitini məhdudlaşdıran qaydalar ləğv edilib, beləliklə, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası üçün hüquqi zəmin formalaşdırılıb.
Ekspertlərin fikrincə, bu addım Cənubi Qafqazda iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı asılılığın artması baxımından əhəmiyyətlidir. Azərbaycanın tranzit və logistika imkanlarından istifadə etməklə Ermənistana yanacaq və digər məhsulların çatdırılması regionda yeni iqtisadi dinamikanın formalaşdığını göstərir.
Ermənistan rəsmiləri də Azərbaycan yanacağının ölkə bazarında ciddi maraq doğurduğunu etiraf edirlər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün iqtisadi baxımdan sərfəli hesab olunur. Onun sözlərinə görə, bəzi qruplar tərəfindən boykot çağırışları səslənsə də, real vəziyyət fərqlidir.
Nazir qeyd edib ki, yanacağa tələbat yüksəkdir və bir çox yanacaqdoldurma məntəqələrində vətəndaşlar növbəyə dayanırlar. A.Mirzoyan vurğulayıb ki, region ölkələri arasında iqtisadi əməkdaşlıq qaçılmazdır və bu proses qarşılıqlı fayda prinsipi əsasında inkişaf etməlidir. Onun fikrincə, Azərbaycan və Türkiyədən malların Ermənistan ərazisindən daşınması, eyni zamanda, Ermənistan məhsullarının həmin ölkələrin ərazilərindən tranzit keçməsi regional iqtisadi inteqrasiyanın mühüm elementidir.
A.Mirzoyan Azərbaycan yanacağının ucuz qiymətə satılmasının Ermənistanın daxili siyasətinə təsir göstərmək məqsədi daşıdığı barədə səsləndirilən iddiaları da təkzib edib. Nazir bildirib ki, bu cür iddialar əsassızdır və qiymətlərin sonradan kəskin şəkildə artırılacağı barədə deyilənlər reallığı əks etdirmir.
Azərbaycandan Ermənistana neft məhsullarının ixrac edilməsi Cənubi Qafqazda yeni geoiqtisadi reallığın formalaşdığını göstərir. Xüsusilə ötən ilin avqustunda ABŞ-da keçirilən Azərbaycan–Ermənistan görüşündən sonra regionda sülh bərqərar olub və Cənubi Qafqazın tarixində yeni səhifə açıb. Nəqliyyat və ticarət əlaqələrinin bərpası tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və Cənubi Qafqazda sabitliyin güclənməsinə xidmət edən mühüm addımlardan biridir.
Bundan başqa, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması da gündəmin əsas mövzularındandır və bu istiqamətdə işlər aparılır. Bu kontekstdə TRIPP layihəsi xüsusi diqqət çəkir. Layihə çərçivəsində Cənubi Qafqazda uzun müddət bağlı qalmış nəqliyyat marşrutlarının mərhələli şəkildə bərpası, dəmir yolu və avtomobil yollarının yenidən istifadəyə verilməsi nəzərdə tutulur.
Əsas məqsədlərdən biri region ölkələri arasında iqtisadi və logistika əlaqələrini genişləndirmək, eyni zamanda, Cənubi Qafqazı daha geniş beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya etməkdir. Bu çərçivədə dəmir yolu xətlərinin bərpası xüsusi əhəmiyyət daşıyır.
Layihə Azərbaycanın tranzit potensialına müsbət təsir göstərəcək. TRIPP Orta Dəhlizin mühüm seqmentlərindən biri olacaq. Bu halda, Azərbaycan öz yüklərini Ermənistan ərazisindən keçirməklə alternativ marşrutlardan istifadə edə biləcək. Bundan əlavə, layihə yalnız iki ölkə ilə məhdudlaşmır. TRIPP çərçivəsində üçüncü ölkələr arasında da yeni nəqliyyat əlaqələrinin formalaşması mümkündür. Bu isə regionun daha geniş Avrasiya nəqliyyat sisteminə inteqrasiyasına töhfə verə bilər.
Məlumata görə, TRIPP layihəsinin praktiki tətbiqinin 2026-cı ilin ikinci yarısından etibarən başlanması nəzərdə tutulur. Bu mərhələdə ilkin infrastruktur işlərinin görülməsi, logistika marşrutlarının müəyyənləşdirilməsi və tərəflər arasında texniki mexanizmlərin razılaşdırılması planlaşdırılır.
Musa BAĞIRLI
XQ

