Azadlığın dövlətsizliklə eyniləşdirilməsi

post-img

Azadlıq anlayışının ən köklü və davamlı təhriflərindən biri onun dövlətin yoxluğu ilə eyniləşdirilməsidir. Bu yanaşmada dövlət azadlığın hüquqi və institusional təminatçısı kimi deyil, fərdin təbii azadlığını məhdudlaşdıran xarici və mahiyyət etibarilə mənfi qüvvə kimi təqdim olunur. Azadlıq isə hüquqi nizamın mövcudluğu ilə deyil, bu nizamın zəifləməsi və ya tamamilə aradan qalxması ilə genişlənən hal kimi başa düşülür.

Beləliklə, azadlıq hüquqi münasibət kateqoriyası olmaqdan çıxarılır və institusional çərçivədən kənarda təsəvvür olunan bir hala çevrilir. Dövlət nə qədər zəifdirsə, azadlıq bir o qədər çoxdur – bu, yanaşmanın sadələşdirilmiş formuludur. Bu təsəvvür təkcə siyasi ritorikanın məhsulu deyil; o, ciddi nəzəri ənənəyə söykənir.

Anarxist düşüncədə dövlət azadlığın prinsipial inkarı kimi təqdim olunur. Burada azadlıq mərkəzləşdirilmiş hakimiyyətin ləğvi ilə eyniləşdirilir. Kommunalar və özünüidarə edən birliklər “təbii azadlıq mühiti” kimi idealizə edilir. Lakin bu modellərdə azadlıq hüquqi təminat deyil, faktiki razılaşmaların və real güc balanslarının nəticəsi kimi mövcud olur.

Klassik liberalizm isə daha ehtiyatlıdır: dövlət lazımdır, lakin məhdudlaşdırılmış dövlət. Azadlıq dövlətin yoxluğu ilə deyil, onun məhdud hüquqi çərçivəyə salınması ilə qorunur. Lakin liberal düşüncənin bir xətti - libertarianlar daha da irəli gedərək dövləti “gecə gözətçisi” funksiyasına endirməyə çalışmışdır. Bu modeldə dövlət yalnız təhlükəsizliyi və müqavilələrin icrasını təmin edən minimal mexanizm kimi qəbul olunur; sosial siyasət, iqtisadi tənzimləmə və kollektiv müdaxilə isə azadlığa müdaxilə kimi qiymətləndirilir. Dövlətin sosial rolu daraldıqca, azadlıq bazar münasibətlərinin sərbəstliyinə bərabərləşdirilir. Bu mövqedə azadlıq əsasən dövlətin nə etməməsi üzərindən müəyyən olunur.

Problem məhz burada başlayır. Çünki cəmiyyət yalnız təhlükəsizlik və müqavilə icrası üzərində qurulmur. Sosial bərabərsizlik, iqtisadi güc fərqləri və real imkanların asimmetriyası şəraitində minimal dövlət modeli formal azadlığı qorusa da, faktiki azadlıq bərabərliyini təmin etmir. Dövlət tamamilə geri çəkildikdə azadlıq hüquqi status kimi qalır, lakin onun həyata keçirilməsi fərdlərin real resurslarından asılı olur. Bu modelin ardıcıl tətbiqi göstərdi ki, dövlətin rolu yalnız “gecə gözətçisi” funksiyasına endirildikdə sosial uçurum dərinləşir, cəmiyyətdə sosial partlayış baş verir və formal bərabərlik real imkan bərabərsizliyini ört-basdır edə bilmir. Nəticədə, məhz bu mühitdə bərabərliyi radikal və inzibati üsullarla təmin etməyi vəd edən kollektivist ideologiyalar güclənir. Beləliklə, dövləti minimuma endirmək iddiası paradoksal şəkildə dövlətin ifrat və mərkəzləşmiş formasının yaranmasına zəmin yarada bilir.

Bu istiqamətlərin hər biri azadlığın müəyyən tərəfini vurğulayır. Lakin onları birləşdirən gizli məntiq eynidir: dövlət azadlığın şərti deyil, potensial təhlükəsidir.

Anarxist düşüncə dövlətin ləğvini azadlığın ilkin şərti kimi təqdim etdiyi halda, klassik dövlətçi ənənə bunun əksini iddia edir. Tomas Hobbes dövlətin yoxluğunu azadlığın genişlənməsi deyil, onun hüquqi məzmununun dağılması kimi təsvir edirdi. Onun məşhur ifadəsi ilə, dövlətin olmadığı təbii vəziyyətdə insan həyatı “tənha, yoxsul, qəddar və qısa” olur. Hobbes üçün problem məhdudiyyətin mövcudluğu deyil, məhdudiyyətin ümumi və sabit norma formasında olmamasıdır. Dövlət olmadan formal olaraq hər kəs hər şeyi edə bilər, lakin heç kəs öz azadlığının qorunacağına əmin ola bilməz. Bu mənada, dövlət azadlığın alternativi deyil, onun hüquqi formasıdır: o, fərdlərin faktiki güc münasibətlərindən asılı olmadan birgə yaşamasını mümkün edən sabit çərçivə yaradır.

Məhz burada əsas sual ortaya çıxır: dövlət zəiflədikdə azadlıq həqiqətənmi genişlənir?

Tarixi təcrübə bunun əksini göstərir.

1990-cı illərdə Somalidə mərkəzi dövlət institutlarının dağılması formal qadağaların aradan qalxması kimi təqdim edilə bilərdi. Dövlət nəzarət mexanizmi, normativ çərçivə yox idi. Formal baxımdan fərdlər “azad” idilər. Lakin bu vəziyyət hüquqi azadlıq yaratmadı. Əksinə, fərd silahlı qrupların, klan qarşıdurmalarının və təsadüfi güc münasibətlərinin obyektinə çevrildi.

Bu nümunə göstərir ki, dövlətin yoxluğu azadlığın maksimum forması deyil; çox vaxt onun hüquqi məzmununun dağılmasıdır.

Dövlət institutları zəiflədikdə azadlıq bərabər hüquq kimi yox, faktiki imkan kimi işləməyə başlayır. Və faktiki imkan həmişə bərabər bölüşdürülmür. Resursu, gücü və təşkilatlanma qabiliyyəti olan tərəf daha çox “azadlıq” əldə edir. Beləliklə, azadlıq hüquqi münasibət olmaqdan çıxaraq güc münasibətinə çevrilir.

Məsələ dövlətin müqəddəsləşdirilməsi deyil, azadlığın yalnız hüquqi çərçivədə bərabər paylaşılmasının mümkün olmasıdır. Hüquqi nizam olmadan azadlıq formal sərbəstlik kimi mövcud ola bilər, lakin o, qorunan və davamlı hüquqa çevrilmir. Azərbaycan təcrübəsi bu baxımdan mühüm əhəmiyyət daşıyır.

1990-cı illərin əvvəllərində dövlət institutlarının zəifləməsi, siyasi parçalanma və təhlükəsizlik təhdidləri şəraitində formal azadlıq şüarları geniş səslənirdi. “Azadlıq”, “müstəqillik”, “demokratiya” anlayışları ictimai diskursda üstün mövqe tuturdu. Lakin institusional zəiflik və hüquqi nizamsızlıq bu anlayışları real təminata çevirə bilmədi. Faktiki olaraq, siyasi və iqtisadi sahədə güc boşluğu yarandı. Azadlıq hüquqi münasibət kimi deyil, nizamsız mühitdə səslənən iddia kimi işləyirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə prioritet dəyişdi: ilk növbədə, dövlətçilik bərpa edildi. Hüquqi institutların qurulması, təhlükəsizlik mexanizmlərinin möhkəmləndirilməsi və siyasi sabitliyin təmin edilməsi azadlığın real təminatı üçün zəmin yaratdı. Bu yanaşmada dövlət azadlığın alternativi kimi deyil, onun institusional şərti kimi təqdim edildi.

Prezident İlham Əliyevin dövründə isə milli suverenliyin möhkəmləndirilməsi və dövlətin icra qabiliyyətinin artırılması azadlığın artıq təhlükəsizlik boşluğunda deyil, idarəolunan hüquqi mühitdə reallaşdığını göstərdi. Bu, azadlığın məhdudlaşdırılması deyil, onun qeyri-müəyyənlikdən çıxarılaraq normativ və faktiki zəmanət altına alınması idi.

Burada əsas məntiq budur: dövlət zəiflədikcə azadlıq avtomatik genişlənmir; əksinə, onun təminat mexanizmləri zəifləyir. Güclü hüquqi dövlət azadlığın düşməni deyil; o, azadlığın bərabər və davamlı şəkildə həyata keçirilməsinin institusional formasıdır.

Azadlığın dövlətsizliklə eyniləşdirilməsi bu həqiqəti nəzərdən qaçırır. O, azadlığı hüquqi nizamdan ayıraraq faktiki münasibətlər səviyyəsinə endirir. Nəticədə, azadlıq hüquq kimi yox, imkan kimi işləyir. İmkan isə həmişə gücə bağlıdır.

Bu təhrif azadlığın növbəti problemli təqdimatına – onun kontekstdən qoparılaraq ümumi qiymətləndirmə meyarına çevrilməsinə aparan məntiqə zəmin yaradır.

(ardı var)

Mehdi ABDULLAYEV,
Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri, hüquq elmləri doktoru

Sosial həyat