“Qərbi azərbaycanlıların milli geyim irsi”

post-img

6 Mart Beynəlxalq Milli Geyim, 8 Mart Beynəlxalq Qadınlar günləri və XIX əsrdə yaşamış görkəmli Azərbaycan portret ustası və nəqqaş rəssam, milli panel rəssamlığının əsasını qoymuş Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə Azərbaycan Milli Xalça Muzeyində “Qərbi azərbaycanlıların milli geyim irsi” adlı albom-kitabın təqdimatı və eyniadlı dəfilə keçirildi.

Mərasimində çıxış edənlər Qərbi Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliğinin vacibliyini vurğuladılar. Bildirildi ki, layihə çərçivəsində işıq üzü görən albom-kitabda bölgənin milli geyim nümunələrinə dair nadir fotolar, tarixi sənədlər və elmi məlumatlar yer alıb. Təqdim olunan albom-kitabda geyimlərin böyük hissəsi Mirzə Qədim İrəvaninin əsərləri, eləcə də tanınmış rəssamlar Qriqori Qaqarin və Maks Tilkenin İrəvan Xan Sarayı və Üçkilsə kafedralında çəkdikləri rəsmlər əsasında hazırlanıb. Azərbaycan və ingilis dillərində işıq üzü görən nəşrə ilk dəfə şəxsi kolleksiyadan 2 geyim nümunəsi, müxtəlif tarixi və informativ mənbələr əsasında bərpa edilmiş 2 dəst milli geyim daxil edilib.

Mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd etdi ki, milli geyimlər xalqın keçmiş həyat tərzini əks etdirən mühüm tarixi irsdir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva bildirdi ki, Qərbi Azərbaycanın mədəni irsinin tədqiqi və təqdimatı beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır .

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru və Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Nağıqızı vurğuladı ki, Qərbi Azərbaycanın maddi və mənəvi irsi xalqımızın ümumi tarixi yaddaş xəzinəsinin ayrılmaz hissəsidir. Bu irsin araşdırılması və təbliği milli varlığımızın qorunmasına xidmət edir.

Milli geyimlər üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova XQ-yə açıqlamasında türk geyimlərinin Qərbi Azərbaycanda türk kimliyinin əsas göstəricisi olduğunu bildirdi:

– İrəvan şəhəri Qərbi Azərbaycan mədəniyyətinin əsas mərkəzi idi. Qıpçaq geyim tərzi bütün Qafqazın geyim adətinə təsir edib. Qıpçaqların geyimini götürən xalqlar onu öz adları ilə tanıdıblar. Çərkəzlərə və Dağıstanın digər xalqlarına aid olunan geyimlər də qıpçaq türklərinin tərzidir. Qərbi Azərbaycanda Heydəri, Qarabatdax, Sinəbənd kimi bəzək əşyaları olub.

İrəvan geyimləri köynək, tuman və uzunqol arxalıqdan ibarətdir. Tuman və arxalıq Naxçıvanda olduğu kimidir, köynək isə fərqlidir. Qadınlarının alt köynəyi dizdən bir qədər yuxarı, qolu uzun olub. Davamlı olmaq üçün köynəyin yaxasına bir qarış enində ikinci qatın qoyulması dəb halını alıb. XIX əsr və XX əsrin əvvəllərində əhalinin geyim materialı kimi, əsasən, yerli ustalar tərəfindən kustar üsulla üfüqi toxuculuq dəzgahlarında - kərəkdə toxunmuş qılıcı şaldan, müxtəlif növlü və rəngli ipəkdən, nazik yun və pambıq parçalardan, aşılanmış gön və dəridən istifadə edirdilər.

Lakin, əhalinin varlı təbəqəsinin geyimi əsas etibarı ilə ipək tafta, darayı, qanovuz, atlas, alaca, xara və s. parçalardan ibarət idi ki, bunlarında çoxu satınalma yolu ilə əldə edilirdi. Rəng çalarlarına gəldikdə isə qadınların geyimlərində tünd qırmızı, yaşıl, sarı rənglərə üstünlük verilirdi.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə XQ-yə açıqlamasında bildirdi ki, İcma yarandığı gündən etibarən Qərbi Azərbaycan tarixi irsinin qorunmasına və yaşadılmasına xüsusi önəm verib:

– Bugünkü təqdimatda əsas məqsəd Qərbi Azərbaycan ərazisinə məxsus zəngin mədəni irsimizə daxil olan bütün dəyərləri qorumaq, onlara sahib çıxmaq və bu dəyərləri dünya ictimaiyyətinə daha geniş şəkildə tanıtmaqdır. Qərbi Azərbaycan İcması bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək, milli-mədəni dəyərlərimizin təbliği ilə bağlı yeni tədbirlər və sərgilər təşkil edəcək. Hədəflərdən biri də bu sərgilərin gələcəkdə xarici ölkələrdə nümayiş etdirilməsidir. Biz çalışırıq ki, bu dəyərlər təhsil proqramlarında da öz əksini tapsın. Çünki gənc nəsil öz milli-mədəni irsini tanımalı, onu mənimsəməli və qoruyaraq yaşatmalıdır.

Mərasim çərçivəsində 40-a yaxın milli geyim nümunəsinin yer aldığı sərgi açıldı. Ziyarətçilər Qərbi Azərbaycanın müxtəlif bölgələrinə məxsus geyim ənənələrini əks etdirən nümunələrlə tanış olmaq imkanı əldə etdilər. Sərgi martın 8-dək davam edəcək.

Fidan ƏLİYEVA
XQ

Sosial həyat