Azadlığın mahiyyətdən qoparılması

post-img

Universal ölçü və daxili niyyət

Azadlıq anlayışının növbəti tipik təhrifi onun hüquqi və siyasi kontekstdən qoparılaraq əvvəl universal qiymətləndirmə meyarına, daha sonra isə fərdin daxili niyyəti və subyektiv təcrübəsi səviyyəsinə endirilməsidir. Bu iki proses zahirən fərqli görünsə də, eyni normativ reduksiyanın ardıcıl mərhələləridir.

İlk mərhələdə azadlıq hüquqi-institusional münasibət kimi deyil, siyasi hadisələrin üzərinə tətbiq olunan ilkin meyar kimi işlədilməyə başlanır. O, artıq institutların legitimlik əsasını və normativ məqsədini müzakirə edən anlayış deyil; əksinə, həmin institutlar haqqında əvvəlcədən verilmiş yekun qərar funksiyası daşıyır.

Bu transformasiyanın praktik ifadəsi müasir dünyada azadlığın indeksləşdirilməsi və reytinq mexanizminə çevrilməsində açıq görünür. Dövlətlər “azad”, “qismən azad” və ya “azad olmayan” kimi təsnif olunur; mürəkkəb siyasi və hüquqi sistemlər bir neçə göstəriciyə endirilir. Formal baxımdan bu metod müqayisəlilik və şəffaflıq məqsədi daşıyır. Lakin metodoloji problem ondadır ki, müxtəlif tarixi mərhələlərdə olan, fərqli təhlükəsizlik çağırışları ilə üzləşən və institusional yetkinlik səviyyəsi fərqli olan cəmiyyətlər eyni normativ şkala üzrə ölçülür.

Nəticədə, azadlıq hüquqi münasibət olmaqdan çıxaraq statistik indikator statusu qazanır. Kontekstual fərqlər arxa plana keçir və azadlıq universal ölçü kimi tətbiq edilir. Burada azadlıq artıq təhlil predmeti kimi deyil, qiymətləndirmə aləti kimi qəbul edilir.

Daha ciddi problem isə bu ölçünün beynəlxalq konyunkturdan asılı olaraq dəyişkən tətbiq edilməsidir. Eyni tipli hüquqi məhdudiyyət müxtəlif regionlarda fərqli siyasi interpretasiyaya məruz qalır; azadlıq şüarı geosiyasi prioritetlərə uyğun olaraq sərtləşdirilə və ya yumşaldıla bilir. Bu isə azadlığın normativ kateqoriya kimi deyil, təsir və təzyiq mexanizmi kimi instrumentalizasiyasını göstərir.

Azadlıq universal elan olunur, lakin tətbiqi selektiv xarakter daşıyır. Bu yanaşmanın praktik nəticəsi Yaxın Şərqdə baş vermiş proseslərdə aydın göründü. “Ərəb baharı” dövründə azadlıq abstrakt və ümumbəşəri dəyər kimi təqdim edildi, rejimlərin dəyişməsi isə avtomatik şəkildə azadlığın genişlənməsi kimi interpretasiya olundu. Lakin dövlət institutlarının zəifliyi, təhlükəsizlik sisteminin çökməsi və sosial strukturun parçalanması kimi faktorlar nəzərə alınmadı.

Bir sıra hallarda nəticə institusional boşluq, silahlı qruplaşmaların güclənməsi və uzunmüddətli qeyri-sabitlik oldu. Azadlıq elan edildi, lakin onun davamlılığını təmin edəcək mexanizm mövcud deyildi. Universal prinsip real siyasi kontekstlə toqquşdu və normativ iddia praktiki dayaqdan məhrum qaldı.

Bu vəziyyət azadlıq anlayışının mahiyyəti ilə bağlı daha dərin sualı gündəmə gətirir. Fridrix Nitşe “Zərdüşt belə deyirdi” əsərində bu sualı belə formalaşdırırdı: azadlıq yalnız nədən azad olmaq məsələsi deyil; əsas məsələ insanın nə üçün azad olmasıdır.

Bununla yanaşı, azadlıq anlayışında mühüm dəyişmə baş verir: azadlıq artıq ictimai və institusional çərçivədən deyil, getdikcə fərdin daxili vəziyyəti və şəxsi seçimi prizmasından izah olunmağa başlayır. Kontekstdən qoparılmış azadlıq növbəti mərhələdə subyektivləşdirilir – obyektiv hüquqi meyardan fərdi niyyət və daxili təcrübə səviyyəsinə endirilir.

Jan-Paul Sartr azadlığı insanın ontoloji vəziyyəti kimi izah edərək bildirirdi ki, insan “azad olmağa məhkumdur”. Bu yanaşmada məsuliyyət tam şəkildə fərdin üzərinə düşür: seçim edən də odur, nəticəyə cavabdeh olan da. Ali instansiyanın yoxluğu Sartr üçün məsuliyyətin azalması deyil, əksinə, daha da ağırlaşması deməkdir.

Fedor Dostoyevskinin məşhur sualı isə bu mövqeyə fərqli rakursdan yanaşır: əgər ilahi qüvvə yoxdursa, hər şey mümkündürmü? Bu sual əslində məsuliyyətin ləğvini deyil, onun təhlükəli sərhədini göstərir. Dostoyevski üçün problem azadlığın mövcudluğu deyil, onun normativ dayağının zəifləməsidir. Əgər ali ölçü yoxdur, azadlıq hansı meyarla tənzimlənəcək? Subyektiv vicdan kifayət edəcəkmi?

Bu polemika göstərir ki, azadlığı yalnız daxili niyyətə və ya metafizik məsuliyyətə istinadla izah etmək ictimai münasibətlərin sabit tənzimlənməsi üçün yetərli deyil. Fərqli niyyətlər və fərqli əxlaqi iddialar toqquşduqda ümumi və məcburi norma tələb olunur. Məhz burada hüquqi və institusional çərçivənin zəruriliyi yaranır. Azadlıq daxili hiss olaraq qala bilər; lakin onun davamlı və bərabər təminatı normativ mexanizm olmadan mümkün deyil.

Azadlıq daxili niyyətə endirildikdə, onun ictimai və hüquqi ölçüsü zəifləyir.

Hanna Arendt bu təhlükəni nəzərə alaraq azadlığı daxili psixoloji vəziyyət deyil, ictimai fəaliyyət fenomeni kimi şərh edirdi. Azadlıq insanların birgə hərəkət etdiyi siyasi məkan daxilində reallaşır. Əgər azadlıq mübahisəsiz və öz-özünü əsaslandıran prinsip kimi təqdim olunursa, ictimai müzakirə məkanı daralır və alternativ mövqelər legitimlikdən kənarlaşdırılır.

Beləliklə, azadlıq iki istiqamətdə normativ aşınmaya məruz qalır:

– birinci mərhələdə o, kontekstdən ayrılaraq universal ölçüyə çevrilir;

– ikinci mərhələdə isə hüquqi meyardan subyektiv təcrübəyə endirilir.

Birinci halda azadlıq reytinq göstəricisidir, ikinci halda daxili hissdir. Hər iki halda hüquqi mexanizm və institusional məsuliyyət arxa plana keçir.

1990-cı illərin əvvəllərində Azərbaycanda azadlıq anlayışı formal olaraq geniş səslənirdi. “Azadlıq”, “müstəqillik”, “xalq iradəsi” kimi ifadələr siyasi ritorikanın mərkəzinə çevrilmişdi. Lakin bu anlayışlar dayanıqlı hüquqi institutlara, sabit idarəetmə mexanizmlərinə və effektiv dövlət strukturlarına söykənmirdi. Bu dövrdə problem yalnız institutların zəifliyi deyildi. Məsələ daha dərində idi: azadlıq anlayışı siyasi legitimliyin avtomatik mənbəyinə çevrilmişdi. “Azadlıq” şüarına istinad etmək siyasi mövqenin legitimliyini sübut etmək üçün kifayət hesab olunurdu; əlavə normativ və hüquqi əsaslandırma tələb olunmurdu.

Nəticədə, azadlıq hüquqi nizam daxilində paylaşılmalı və tənzimlənməli münasibət olmaqdan çıxaraq, siyasi rəqabətin etik üstünlük alətinə çevrildi. Bu, təhlükəli məqam idi: azadlıq artıq “necə olmalıdır?” sualının deyil; “kim daha azaddır?” ritorikasının predmetinə çevrilmişdi. Və bu da daha “azad” adamın avtomatik olaraq “haqlı” olması anlamına gəlirdi.

Hüquqi məzmun zəiflədikcə, anlayışın simvolik çəkisi artırdı – lakin bu simvolik güc real hüquqi təminata çevrilmirdi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursu məhz bununla fərqləndi: azadlıq anlayışı abstrakt hökm kimi deyil, dövlət quruculuğu və institusional sabitlik çərçivəsində reallaşdırılmalı dəyər kimi təqdim olundu. Hüquqi sistemin bərpası, idarəetmədə ardıcıllıq və təhlükəsizlik mühitinin yaradılması azadlığın real məzmun qazanmasının şərti kimi dəyərləndirildi.

Bu yanaşma Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Suverenliyin gücləndirilməsi, hüquqi mexanizmlərin möhkəmləndirilməsi və dövlət institutlarının effektivliyinin artırılması azadlığın yalnız reytinq göstəricisi deyil, faktiki təminat tələb edən anlayış olduğunu göstərdi. Azərbaycan yanaşmasında azadlıq ölçü deyil, nəticədir; əvvəlcədən verilmiş hökm deyil, hüquqi və siyasi prosesin məhsuludur.

Bu model azadlığın nə statistik indeks, nə də daxili hiss olmadığını göstərir. Azadlıq hüquqi münasibətdir. Artıq qeyd etdiyimiz kimi, o, yalnız prosedur, məsuliyyət və institusional çərçivə daxilində davamlı məna qazanır.

Mahiyyətdən ayrılmış və daxili niyyətə endirilmiş azadlıq isə ya siyasi alətə, ya da abstrakt iddiaya çevrilir.

(ardı var)

Mehdi ABDULLAYEV,
hüquq elmləri doktoru, Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri

Sosial həyat