Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektİ 45 ünvanındakı “28 Mall” ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirib.
Nazirlikdən verilən məlumata görə, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.
Təlimə ümumilikdə 20 nəfərdən ibarət şəxsi heyət, 4 ədəd texnika cəlb edilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
P.ƏMİRCANOV
XQ




