Özbəkistanda bayram şənliyi

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Sırdərya vilayəti hakimiyyətinin birgə təşkilatçılığı ilə Gülüstan şəhərindəki Musiqili Dram Teatrında Novruz bayramına həsr olunmuş bayram konserti keçirilib.

AMM-nin direktoru Akif Marifli Novruz bayramının Türk dünyasının ortaq mədəni irsi və mənəvi dəyəri olduğunu qeyd edərək bildirib ki, bu qədim bayram təkcə baharın gəlişini deyil, həm də birlik, həmrəylik və dostluq ideyalarını təcəssüm etdirir. Sırdərya vilayət hakiminin müavini Şoxrux İsakulov Novruz bayramının türk xalqlarının ortaq mənəvi dəyərlərini, qədim ənənələrini və birliyini əks etdirən mühüm bayramlardan biri olduğunu qeyd edib.

Konsert proqramında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, azərbaycanlı müğənni Fəxri Kazım-Nicat, eləcə də Özbəkistanın tanınmış ifaçıları və musiqi kollektivləri çıxış ediblər. Mədəniyyət Mərkəzinin “Xarı bülbül” teatr truppası, “Qarabağ Zəfəri” rəqs ansamblı tamaşalardan səhnələr, xoreoqrafik kompozisiyalar nümayiş etdirilib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Gülüstan

Sosial həyat