Zaman bəzən nə qapını döyür, nə də xəbər verir. Sadəcə bir gün güzgüdəki əksimizdə, yorğun baxışlarımızda, saçlarımıza düşən ağlarda özünü hiss etdirir. İnsanlıq tarix boyu bu səssiz gücə - yaşlanmaya qarşı mübarizə aparıb. Əfsanələrdə “əbədi gənclik bulağı”, elmdə isə uzunömürlülük sirləri axtarılıb. Bu gün isə həmin axtarışlar yeni bir mərhələyə qədəm qoyur: gen terapiyası ilə hüceyrələrin “cavanlaşdırılması”.
ABŞ-ın “Life Biosciences” biotexnologiya şirkətinin hüceyrələri “cavanlaşdırmağı” hədəfləyən ER-100 adlı yeni gen terapiyası elmi ictimaiyyətdə böyük rezonans doğurub. Yaşlanmaya qarşı səs-küy yaradan yeni preparatın ilk dəfə olaraq insanlar üzərində sınaqdan keçirilməsinə icazə verilməsi təkcə tibbi yenilik deyil, həm də insanın zamanla münasibətində dönüş nöqtəsi kimi qiymətləndirilir. Əgər bu sınaqlar uğurlu olarsa, yaşlanma artıq qaçılmaz taleyimiz deyil, idarə olunan bir prosesə çevrilə bilər.
Alimlər hesab edirlər ki, yaşlanma təkcə DNT zədələnməsi ilə yox, genlərin işləmə mexanizminin dəyişməsi - epigenetik dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklər zamanla hüceyrələrin fəaliyyətini zəiflədir və bərpa qabiliyyətini azaldır. 2006-cı ildə yapon alim Shinya Yamanaka müəyyən etmişdi ki, bəzi genlər aktivləşdirildikdə hüceyrələr daha “gənc” vəziyyətə qaytarıla bilər.
Sonrakı tədqiqatlarda, o cümlədən “Harvard Medical School” alimlərinin apardığı təcrübələrdə bu yanaşmanın siçanlarda zədələnmiş görmə sinirini bərpa etdiyi göstərilib. Bu isə yetkin toxumaların müəyyən hallarda “gənclik vəziyyətinə” qayıda biləcəyini göstərib.
ER-100 terapiyası torlu qişa hüceyrələrinə xüsusi genetik siqnallar ötürərək onları tam dəyişdirmədən yalnız “cavanlaşdırmağı” hədəfləyir. Preparatın ilk sınaqları görmə itkisinə səbəb olan torlu qişa xəstəlikləri olan xəstələr üzərində aparılacaq. İlk mərhələdə əsas məqsəd preparatın təhlükəsizliyini yoxlamaqdır. Əgər nəticələr uğurlu olarsa, bu texnologiya yalnız xəstəlikləri müalicə edən deyil, hüceyrələri gəncləşdirən yeni dərmanların yaranmasına yol aça bilər.
Bu yanaşma elmi fantastika kimi səslənsə də, heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, bəzi hüceyrələr həqiqətən də funksional baxımdan “cavanlaşa” bilir. İndi isə bütün diqqət insan üzərində aparılacaq klinik sınaqlara yönəlib. Bu mərhələ həm böyük ümidlərin, həm də ciddi məsuliyyətin başlanğıcıdır. Çünki hər bir elmi sıçrayış özündə həm imkan, həm də risk daşıyır. Hüceyrələrin yenidən proqramlaşdırılması prosesi nə qədər təhlükəsizdir? Bu müdaxilə uzunmüddətli perspektivdə hansı nəticələrə gətirib çıxara bilər? İnsan ömrünün uzanması cəmiyyətin sosial və iqtisadi strukturuna necə təsir edəcək? Bu suallar hələ ki cavabını gözləyir.
Bununla belə, bir həqiqət dəyişmir: insan daim öz sərhədlərini genişləndirməyə çalışır. ER-100 kimi innovasiyalar bu istəyin növbəti təzahürüdür. Bəlkə də yaxın gələcəkdə yaşlanma artıq qorxulu bir son deyil, sadəcə, ləngidilə və idarə edilə bilən bir mərhələ olacaq. Zamanın axarını tam dayandırmaq mümkün olmasa da, onun sürətini azaltmaq arzusu artıq xəyaldan reallığa doğru addımlayır. Bu yolun sonu hələ bilinməsə də, başlanğıcı artıq qoyulub. Və bəlkə də insan ilk dəfədir ki, zamanla yarışda geri qalmaqdan çox, onunla bərabər addımlamağa bu qədər yaxınlaşır.
Nurəngiz ADİLQIZI
XQ

