Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində bakalavriat səviyyəsində “Xüsusi pedaqogika” ixtisası üzrə kadr hazırlığına başlanılacaq.
Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli cəhətdən qüsuru olan uşaqların (həm də yaşlıların) inkişafının psixoloji xüsusiyyətlərini, onların təhsilinin nəzəri əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini işləyib hazırlayır. Bu ixtisas müxtəlif istiqamətləri əhatə edir:
- Surdopedaqogika – eşitmə və danışma məhdudiyyətli uşaqların təlim-tərbiyyəsindən bəhs edən;
- Tiflopedaqogika – görmə məhdudiyyətli uşaqların təlim-tərbiyyəsindən bəhs edən;
- Oliqofreno pedaqogika – əqli cəhətdən qüsurlu olan şəxslərin təlim-tərbiyyəsindən bəhs edən;
- Loqopediya – nitq qüsurlu şəxslərin təhsil məsələlərini bəhs edən nəzəri və praktiki məsələləri öyrənir.
Autizm, daun sindromlu, hiperaktivlik, davranış dayaq hərəkət aparatı pozulmaları ilə bağlı uşaqlarla pedaqoji iş də “Xüsusi pedaqogika” ixtisas sahəsinə daxil olmaqla gələcək mütəxəssisləri praktik iş üzrə hazırlayır.
“Xüsusi pedaqogika” ixtisasını uğurla bitirən məzunlar Respublikada sağlamlıq imkanları məhdud olan uşaqlar üçün olan xüsusi dövlət internat məktəbləri, sağlamlıq mərkəzləri, eləcə də özəl psixologiya və tibb mərkəzlərində fəaliyyət göstərə bilərlər.