Bakı Ali Neft Məktəbində “Banklar sərgisi”

post-img

Bakı Ali Neft Məktəbində (BANM) ölkənin aparıcı banklarının iştirakı ilə “Banklar sərgisi” təşkil edilib.

Bu barədə XQ-yə BANM-dən məlumat verilib.

Sərginin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, ölkədə ilk dəfə BANM-də təşkil olunan “Banklar sərgisi” gələcəkdə mütəmadi şəkildə keçiriləcək. Rektor tələbələrin praktik bacarıqlarının inkişafı baxımından bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını, onlar üçün faydalı olacağına əminliyini vurğulayaraq tələbələri təqdim olunan fürsətdən yararlanmağa çağırıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Gülər Paşayeva maliyyə, texnologiya sahəsindəki sürətli transformasiya dövründə tələbələri mütəmadi olaraq öz bilik və bacarıqlarını inkişaf etdirməyə çağırıb. Sədr müavini bu istiqamətdə BANM-in öz tələbələrinə əlverişli şərait yaratdığını, nüfuzlu şirkət və qurumlarla əməkdaşlığını qeyd edib.

Daha sonra “Bank sektorunda karyera yolu” mövzusunda panel müzakirə keçirilib.

Panel müzakirədə “Bank Respublika”nın pərakəndə bankçılıq üzrə direktor müavini Xanəli Dadaşev, ABB-nin IT infrastruktur departamentinin direktoru Anar Qocayev, “Bank of Baku”nun İnsan resursları departamentinin direktoru Gülarə Novruzova-Gözəlova, “Kapital Bank”ın Kibermüdafiə şöbəsinin rəhbəri, həmçinin BANM məzunu Sənan Səfərəliyev uğurlu karyera inkişafı ilə bağlı təcrübələrini bölüşüb, tələbələrin suallarını cavablandırıblar.

Panel müzakirənin ardınca karyera sərgisi keçirilib. Sərgidə ölkənin 16 aparıcı bankı stendlərini təqdim edib, tələbələrə vakansiya və təcrübə proqramları haqqında ətraflı məlumat veriblər.























Təhsil