Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev Odlar Yurdu Universitetinin informasiya texnologiyaları laboratoriyaları, təlim mühiti və maddi-texniki bazası ilə tanış olub.
XQ xəbər verir ki, universiteti ziyarət edən nümayəndə heyəti Universitetin rektoru professor Əhməd Vəliyev və Milli Məclisin deputatı Samir Vəliyev ilə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.
Universitetin rektoru Əhməd Vəliyev qonaqları Universitetin tədris mühiti ilə yaxından tanış edərək, Universitetdə tədris edilən digər ixtisaslarla yanaşı “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “İnformasiya təhlükəsizliyi” sahəsində kadr hazırlandığını və həmin kadrların müxtəlif dövlət və özəl qurumlarda, o cümlədən ixtisaslaşmış texnologiya müəssisələrində istehsalat təcrübəsinə cəlb olunduğunu vurğuladı.
Daha sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalandı. Memorandumu XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Universitetin rektoru professor Əhməd Vəliyev imzalayıb.
Memorandum “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”ndan irəli gələn vəzifələrə uyğun olaraq özəl ali təhsil müəssələrində yüksəkixtisaslı kadrların hazırlanması, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində innovativ fəaliyyətin təşkili, eləcə də məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məqsədləri daşıyır.
Memoranduma əsasən, tərəflər XRİTDX-nın dəstəyi ilə Universitetdə təhsil proqramlarının təkmilləşdirilməsi, tələbələr üçün praktika təcrübələrinin təşkili, Universitetdə ustad dərslərinin keçirilməsi, birgə laboratoriyaların yaradılması və sahə üzrə mütəxəssislərin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.
İmzalanmış memorandum tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə və informasiya təhlükəsizliyi sahəsində rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına töhfə verəcək.
Qeyd edək ki, XRİTDX bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində mühüm layihələr həyata keçirib.

