“ADPU-2030” Strateji İnkişaf Planının icrasının monitorinqi və qiymətləndirilməsinə dair metodik çərçivə qəbul olunub

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi şuranın növbəti iclasında universitetin uzunmüddətli inkişafının effektiv icrasını təmin etmək məqsədilə mühüm qərar qəbul olunub. İclasda “ADPU-nun 2025–2030-cu illər üzrə Strateji İnkişaf Planının icrasının monitorinqi və qiymətləndirilməsi haqqında Əsasnamə (Metodik Çərçivə)” təsdiq edilib.

Qəbul olunan sənəd universitetdə strateji idarəetmənin institusional əsaslarını gücləndirərək Strateji İnkişaf Planının icrasının sistemli şəkildə izlənməsi, qiymətləndirilməsi və nəticələr əsasında qərarverməni təmin etməyə yönəlib.

ADPU-dan XQ-yə bildirilib ki, yeni metodik çərçivəyə əsasən strateji məqsədlər, prioritetlər və fəaliyyət istiqamətləri üzrə icra vəziyyəti davamlı monitorinq ediləcək, nəticələr isə obyektiv indikatorlar və sübutlar əsasında qiymətləndiriləcək. Bu yanaşma qərarvermə prosesinin daha şəffaf, analitik və nəticəyönümlü təşkilinə imkan yaradır.

Sənədə görə, monitorinq prosesi yalnız fəaliyyətlərin icrası ilə məhdudlaşmır, eyni zamanda, nəticə və təsir göstəricilərinin ölçülməsi, resurslardan istifadə səmərəliliyinin təhlili, institusional risklərin müəyyənləşdirilməsi və düzəliş tədbirlərinin hazırlanmasını əhatə edir.

Metodik çərçivə beynəlxalq yanaşmalara uyğun hazırlanaraq ESG standartları, nəticəyə əsaslanan idarəetmə (Results-Based Management) və PDCA (Plan–Do–Check–Act) idarəetmə dövrü kimi müasir mexanizmlərə əsaslanır. Bu isə ADPU-da keyfiyyət təminatı və strateji idarəetmə sistemlərinin inteqrasiyasını daha da gücləndirir.

Yeni sistem çərçivəsində monitorinq çoxsəviyyəli yanaşma əsasında həyata keçiriləcək: strateji səviyyədə ümumi irəliləyiş, proqram və fəaliyyət səviyyəsində icra vəziyyəti, həmçinin nəticə və təsir səviyyəsində real dəyişikliklər qiymətləndiriləcək.

Sənəd, həmçinin “Əsas Fəaliyyət Göstəriciləri (KPI)”nin tətbiqini nəzərdə tutur. Hər bir indikator üzrə bazis göstəricilər, illik hədəflər və yekun nəticələr müəyyən ediləcək, icra vəziyyəti isə RAG (yaşıl–sarı–qırmızı) status sistemi ilə qiymətləndiriləcək.

Bununla yanaşı, monitorinq prosesi rəqəmsal platformalar və məlumat bazaları üzərindən həyata keçiriləcək, məlumatların toplanması, yoxlanılması və təhlili üçün vahid prosedurlar tətbiq olunacaq. Bu yanaşma məlumatların etibarlılığını artırmaqla yanaşı, real vaxt rejimində qərarverməni mümkün edəcək.

Sənəddə riskəsaslı monitorinq mexanizmi də xüsusi yer tutur. Bu çərçivədə idarəetmə, maliyyə, insan resursları və digər sahələr üzrə risklər sistemli şəkildə izlənəcək, yüksək risk hallarında operativ müdaxilə tədbirləri həyata keçiriləcək.

Hesabatlılıq sistemi təkmilləşdirilərək rüblük, yarımillik və illik monitorinq hesabatlarının hazırlanması, nəticələrin rəhbərliyə təqdim olunması və zəruri hallarda ictimaiyyətlə paylaşılması nəzərdə tutulur.

Qəbul edilmiş metodik çərçivənin tətbiqi nəticəsində ADPU-da strateji planın icrası üzrə vahid monitorinq sistemi formalaşacaq, qərarvermə prosesi daha sübut əsaslı və analitik olacaq, şəffaflıq və hesabatlılıq səviyyəsi yüksələcək, institusional inkişaf prosesləri isə daha çevik və nəticəyönümlü idarə olunacaq.

Bu addım ADPU-nun milli və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması, keyfiyyət təminatı sisteminin gücləndirilməsi və müasir universitet idarəetmə modelinə keçid baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, sözügedən çərçivə əsasında SİP üzrə fəaliyyətlərin icra monitorinqi və qiymətləndirmə işlərinin sistematik və operativ həyata keçirilməsi məqsədilə, həmçinin ADPU-nun Strateji İnkişaf Mərkəzinin Əsasnaməsi yenilənib və mərkəzin fəaliyyət istiqamətləri genişləndirilib. Yenilənmiş əsasnamədə strateji planlaşdırma, icra və monitorinq proseslərinin vahid yanaşma əsasında idarə olunması nəzərdə tutulur. Eyni zamanda, institusional inkişaf fəaliyyətlərinin daha effektiv koordinasiyası və qərarvermə proseslərində analitik göstəricilərdən istifadə əsas prioritetlərdən biri kimi müəyyən edilir.

Təhsil