NDU-da 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş geniş tədbir keçirilib

post-img

Tədbirdən öncə universitetin tələbələrinin idman sahəsində qazandıqları uğurlardan ibarət sərgiyə və İdman muzeyinə baxış olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor idmanın gənclərin sağlam həyat tərzinin formalaşmasında və mənəvi-psixoloji inkişafında mühüm rol oynadığını vurğulayıb. Həmçinin tələbələrin Azərbaycan Respublikası birinciliyində və Olimpiada çərçivəsində keçirilən müxtəlif idman yarışlarında qazandıqları nailiyyətlərdən danışıb.

Rektor qeyd edib ki, ölkəmizdə idmana göstərilən diqqət və qayğı, eləcə də Prezident İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar Azərbaycanın idman potensialının inkişafına mühüm töhfə verir.

Universitetin İdman Klubunun sədri Məmmədəli Rəhimov çıxışında qeyd edib ki, ali təhsil ocağında tələbələrin idmana cəlb olunması və onların fiziki inkişafının dəstəklənməsi məqsədilə hər il müxtəlif idman yarışları və turnirlər təşkil olunur. Klub sədri bildirib ki, bu yarışlar tələbələr arasında sağlam rəqabət mühitinin formalaşmasına, komanda ruhunun güclənməsinə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.

Xarici Dillər fakültəsinin “Tərcümə (ingilis–Azərbaycan dilləri)” ixtisası üzrə IV kurs tələbəsi, şahmatçı Nəsrin Babayeva tələbələr adından çıxış edərək universitetdə gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb. Şahmatçı çıxışında tələbələrin təhsil alması, eləcə də idmanla məşğul olması üçün göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, xüsusilə, rektora minnətdarlığını bildirib. Nəsrin Babayeva qeyd edib ki, yaradılan imkanlar tələbələrin həm akademik, həm də şəxsi inkişafına mühüm töhfə verir.

Tədbirin davamında idman sahəsində xüsusi fərqlənən tələbələrə universitetin rektoru tərəfindən təşəkkürnamələr təqdim olunub. Nəzərə çatdırılıb ki, bu cür mükafatlandırmalar tələbələrin idmana marağının daha da artmasına və yeni uğurlar qazanmasına stimul verir.

Qeyd edək ki, 2025-ci ildə idman sahəsində NDU tələbələri bir sıra uğurlara imza atıblar. Belə ki, karate üzrə Tbilisi şəhərində keçirilən Grand Prix beynəlxalq turnirində bir tələbə I yerə layiq görülüb. Bundan əlavə, beynəlxalq şahmat turnirində də universitetin bir tələbəsi I yer qazanıb.

Azərbaycan birinciliyində universitetin tələbələri qılıncoynatma və MMA üzrə I yerə, milli güləş üzrə III yerə, voleybol üzrə isə II yerə sahib olublar.

Regional çempionatda cüdo üzrə bir tələbə I yer qazanıb. Türkiyədə keçirilən Dostluq turnirində isə universitetin cüdoçu tələbəsi III yerin sahibi olub.

Tədbirin bədii hissəsində isə NDU nəzdində Musiqi Kollecinin tələbələrindən ibarət “Nuhçıvan Ritm” qrupu və “Bəzmicahan” rəqs kollektivinin ifasında rəngarəng musiqi və rəqs nömrələri nümayiş etdirilib. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan çıxışlar tədbirə xüsusi ab-hava qatıb.

Səbuhi HƏSƏNOV
XQ













Təhsil