Dünyanın ən yaşlı insanı hesab olunan braziliyalı rahibə İna Kanabarro Lukas 116 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, Fransanın BFMTV telekanalı bu barədə Porto-Aleqre şəhərinin dini icmasına istinadla məlumat yayıb.
Qadın 1908-ci il iyunun 8-də Braziliyanın cənubundakı San-Francesco-d'Assisi şəhərində anadan olub.
ABŞ-ın gerontologiya tədqiqat qrupunun məlumatına görə, İna Kanabarro Lukasın ölümündən sonra ən yaşlı qadın titulu Britaniyanın Surrey qraflığından olan ingilis Etel Katerhemə keçib. Hazırda onun 115 yaşı var.
Qeyd edək ki, uzunömürlüyə görə mütləq rekordun sahibi - 122 il yaşadığı güman edilən fransalı qadın Janne Kalman hesab olunur. Lakin onun yerinə qızının uzun illərdir ki, özünü anası kimi qələmə verdiyinə dair şübhələr mövcuddur. Təsdiq olunan uzunömürlülük rekordu isə 119 il 107 gün yaşayan yaponiyalı Kane Tanakaya məxsusdur.