ABŞ-ın elektromobil nəhəngi ən iri ikinci bazarını da itirmək təhlükəsi ilə qarşı-qarşıyadır
ABŞ və Avropa bazarlarında satışların azalması fonunda Tesla şirkətinin Çinə olan asılılığı getdikcə artır. Çin təkcə Tesla üçün ikinci ən böyük satış bazarı deyil, həm də onun mühüm istehsal mərkəzidir. Lakin bu günlərdə Çin elektromobil bazarındakı rəqabətin sərtləşməsi Tesla üçün əlavə problemlər yaradıb.
Wall Street Journal nəşrinin məlumatına görə, Çində yerli istehsalçıların – xüsusilə BYD kimi brendlərin – daha münasib və texnoloji cəhətdən rəqabətədavamlı modellər təqdim etməsi Tesla-nın bazardakı payını ciddi şəkildə azaldıb. Rəqəmlər vəziyyətin nə qədər kritik olduğunu göstərir. 2025-ci ilin may ayında Tesla Çində 40 minə yaxın avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% azalma deməkdir. Müvafiq azalmalar Şimali Amerika və Avropa bazarlarında da müşahidə olunur. Bu meyillər Tesla-nın qlobal strategiyasına təzyiq göstərməklə yanaşı, onu yerli nizamlayıcıların artan nəzarəti və tələbləri ilə də üz-üzə qoyur.
Tesla-nın gələcək texnoloji üstünlüyü hesab edilən avtonom sürüş sisteminin (autopilot) Çində tətbiqi də qarşısında ciddi baryerlərlə rastlaşır. Pekin hələ ki bu texnologiyanı tam şəkildə sertifikatlaşdırmayıb. Bu isə Çin şirkətlərinə – məsələn NIO, XPeng və digərlərinə – bu sahədə irəliləmək və bazar payını artırmaq üçün əlavə vaxt qazandırır.
Müşahidəçilər Tesla-nın Çin bazarındakı bu geriləməsini daha geniş kontekstdə qiymətləndirirlər. Bir zamanlar Çində böyük uğur qazanan Motorola və Apple kimi ABŞ texnologiya nəhənglərinin aqibəti indi Tesla üçün də aktual ola bilər. Rəqabətədavamlı texnologiyalar və Pekinin getdikcə daha çox daxili bazara yönələn iqtisadi siyasəti xarici şirkətlərin mövqelərini zəiflədir.
Hazırda Çin təkcə istehsal gücünə görə deyil, həm də istehlakçı prioritetlərinin, qiymət siyasətinin və texnoloji meyarların müəyyən edildiyi qlobal bazar rolunu oynayır. Bu şəraitdə Tesla kimi şirkətlər ya yerli şərtlərə uyğunlaşmalı, ya da bazar paylarını itirmək riski ilə üzləşməlidirlər.
Nəticə etibarilə, Tesla-nın Çindəki vəziyyəti təkcə bir şirkətin çətinliyi deyil, Qərb texnoloji brendlərinin Asiya bazarlarındakı gələcəyi və transformasiyası baxımından da əhəmiyyətli nümunədir. Əgər bu tendensiya davam edərsə, elektromobil sektorunda liderliyin Qərbdən Şərqə keçməsi artıq uzaq perspektiv deyil.
S.ELAY
XQ