Türkiyə effektiv xarici siyasəti ilə həm regionda, həm də dünyada nüfuzlu oyunçu olmaq yolunda inamla irəliləyir. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna sülh müqaviləsinin 102-ci ildönümü ilə bağlı açıqlamasında deyib. Dövlət başçısının müraciətini Prezident Administrasiyası yanında Kommunikasiya şöbəsi yayıb.
Məlumatı “Anadolu” verib.
Prezident Ərdoğan qeyd edib ki, Lozanna sülh müqaviləsi Türkiyə xalqının müstəqillik arzusunu və bu istiqamətdə beynəlxalq hüquq normalarına uyğun mübarizəsini təsdiq edib və möhkəmləndirib.
“Lozanna müqaviləsinin imzalanmasından 102 il keçsə də, ölkəmiz “Türk əsri” baxışı ilə inkişafa və tərəqqiyə doğru inamla irəliləməkdə davam edir. Biz sülhə, əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan xarici siyasət yeritməklə inamla regionumuzda və dünyada nüfuzlu oyunçuya çevrilirik. Sabah daha yüksək inkişaf səviyyəsinə çatacaq”, - Türkiyə Prezidenti qeyd edib.
Dövlət başçısı Lozanna müqaviləsinin 102-ci ildönümündə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Vətənin müdafiəsi zamanı şəhid olan Qurtuluş Savaşı qəhrəmanlarının xatirəsini bir daha ehtiramla yad edib.
P.ƏMİRCANOV
XQ