Qrenlandiya böhranı Aİ-ni hara aparır?

post-img

Transatlantik gərginliyin yeni mərhələsi

Son aylar beynəlxalq münasibətlərdə iqtisadi alətlərdən siyasi məqsədlər üçün istifadə faktoru daha çox nəzərə çarpır. Böyük güclər arasında artan strateji rəqabət ticarət anlayışını birbaşa təzyiq mexanizminə çevirib. Bu tendensiyanın transatlantik məkan üçün nə qədər riskli ola biləcəyini isə Qrenlandiya ətrafında formalaşan gərginlik fonunda görmək mümkündür. İlk növbədə qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın “alınması” ideyasını tarif təhdidləri ilə müşayiət etməsi transatlantik münasibətlərdə uzun müddət görünməyən güc alətlərinin yenidən gündəmə qayıtdığını göstərir. Trampın bir sıra Avropa, eləcə də NATO müttəfiqlərinə qarşı əlavə idxal rüsumları tətbiq ediləcəyini və bu rüsumların Qrenlandiya ilə bağlı siyasi tələb yerinə yetirilənədək qüvvədə qalacağını bəyan etməsi Avropa İttifaqında ciddi narahatlıq doğurur. Məhz buna görə də Aİ-nin daha sərt əks-tədbirlər paketi müzakirəyə çıxarılıb. “Le Monde” nəşrində qeyd olunan məlumata əsasən, mümkün cavab paketinə ABŞ mallarına təxminən 93 milyard avro həcmində tarif və ticarət məhdudiyyətləri daxildir. Sözsüz ki, burada əsas məsələ Aİ-nin prosesi hansı siyasi məntiq üzrə davam etdirəcəyidir. Çünki İttifaq ilk dəfə olaraq ticarəti suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasına yönəlmiş strateji çəkindirmə aləti kimi formalaşdırmağa çalışır. Sözügedən yanaşma Aİ-nin əvvəlki ehtiyatlı xəttindən uzaqlaşdığını söyləməyə əsas verir. Belə olan halda, geosiyasi baxımdan böhranın əsas yükü birbaşa Qrenlandiyanın statusu üzərində cəmlənir. Avropa paytaxtlarında bu məsələ beynəlxalq münasibətlər sistemində təhlükəli presedent yaradan davranış modeli kimi dəyərləndirilir. Tariflərin siyasi şərtlərlə əlaqələndirilməsi həm Danimarkanın suveren hüquqlarının, həm də NATO daxilində uzun illər formalaşmış müttəfiqlik etikasının faktiki olaraq sorğulanması mənasına gəlir. 

Qeyd edək ki, Aİ üçün yaranan risk ikitərəflidir. Birincisi odur ki, mümkün güzəşt presedenti gələcəkdə digər strateji məsələlərdə də oxşar təzyiq metodlarının normallaşmasına yol aça bilər. Amma mövcud risklərə baxmayaraq, Avropa siyasi diskursunda təzyiq qarşısında geri çəkilməmək getdikcə dominant xəttə çevrilir. Paralel olaraq, sərt cavab modelinin hüquqi əsasları da diqqət mərkəzindədir. Aİ daxilində klassik cavab tarifləri ilə yanaşı, 2023-cü ildə qəbul edilmiş “Anti-Coercion Instrument” mexanizminin tətbiqi də nəzərdən keçirilir. 

ARAYIŞ: “Anti-Coercion Instrument” (ACI) Avropa İttifaqının üçüncü ölkələr tərəfindən üzv dövlətlərə və ya Aİ şirkətlərinə qarşı tətbiq edilən iqtisadi-siyasi təzyiqlərə cavab vermək üçün formalaşdırdığı hüquqi mexanizmdir. Klassik sanksiya siyasətindən fərqli olaraq, bu bexanizm məcburetməni dayandırmağa, qarşı tərəfi davranışını dəyişməyə sövq etməyə yönəlmiş qoruyucu çərçivə kimi nəzərdə tutulur və Aİ-nin xarici ticarət siyasətində institusional çəkindirmə funksiyası daşıyır. ACI-nin əsas fəlsəfəsi ondan ibarətdir ki, hər hansı üçüncü ölkə ticarət, investisiya, gömrük xidmətləri və ya bazara çıxış alətlərindən istifadə etməklə Avropa İttifaqını və ya onun üzvlərini siyasi qərarlarını dəyişməyə məcbur etməyə çalışdıqda bu, strateji təzyiq aktı kimi qiymətləndirilir. 

Bundan başqa, məsələdə “Operation Arctic Endurance” adı ilə tanınan hərbi fəaliyyət də diqqət çəkir. Həmin fəaliyyət çərçivəsində bir sıra Avropa dövlətləri Qrenlandiyaya kiçik hərbi kontingentlər göndərmişdilər. Fransa, Almaniya, İsveç, Norveç, Finlandiya, Niderland, Estoniya, Belçika və Böyük Britaniya kimi ölkələrin isə adada şəxsi heyət və kiçik birliklər yerləşdirilmişdi.

Böhranın ikinci və daha dərin ölçüsü Almaniyada Aİ-nin gələcək modeli ilə bağlı genişlənən müzakirələrdə öz əksini tapır. Alman siyasi və akademik dairələrində İttifaqın dəyişən təhlükəsizlik mühitində real siyasi aktor kimi davranıb-davranmadığı müzakirə edilir. Ukrayna müharibəsinin nəticələri, Avropanın təhlükəsizlik arxitekturasında ABŞ-dan asılılıq problemi, eləcə də Arktika regionunda artan strateji rəqabət bu məsələni daha da aktuallaşdırır. Belə olan halda Aİ-nin vahid bazar və ticarət qaydaları üzərində qurulmuş modelinin risklərin qarşısını almağa kifayət etməyəcəyi fikri güclənir. Alman debatlarında müdafiə, təhlükəsizlik və strateji qərarvermə sahələrində daha çevik, operativ və siyasi iradəyə əsaslanan birlik mexanizmlərinin yaradılması da gündəmdədir. Təbii ki, müxtəlif yanaşmalar Aİ daxilində mövcud siyasi parçalanmaları üzə çıxarır. 

Sonda qeyd edək ki, Qrenlandiya ətrafında formalaşan gərginlik və Aİ–ABŞ münasibətlərində müşahidə olunan sərtləşmə Avropanın geosiyasi konfiqurasiyanı yenidən düşünmək zərurətini ortaya qoyur. Yəni reallıq İttifaqı yeni tərəfdaşlıq modelləri axtarmağa vadar edir. Məhz bu kontekstdə Avropanın diqqətinin getdikcə daha çox Cənubi Qafqaza və xüsusilə Azərbaycana yönəlməsi təsadüfi xarakter daşımır. Azərbaycan son onilliklərdə formalaşdırdığı balanslı xarici siyasət xətti ilə böyük güclər arasında qarşıdurma məkanına çevrilmədən, fərqli geosiyasi mərkəzlərlə paralel və praqmatik əməkdaşlıq modeli qurmağı bacarıb. Aİ–ABŞ münasibətlərində gərginliyin artdığı bir mərhələdə balanslı mövqe Azərbaycanı Avropa üçün etibarlı tərəfdaş kimi ön plana çıxarır. Bununla yanaşı, Aİ–ABŞ münasibətlərində artan qeyri-müəyyənlik fonunda logistika və nəqliyyat dəhlizləri də xüsusi önəm qazanır. Məlumdur ki, Qrenlandiya böhranının dolayı yolla Arktika və Şimal marşrutları ətrafında rəqabətin kəskinləşməsinə təsiri də ehtimallar arasındadır. Belə şəraitdə Avropa üçün alternativ və daha sabit quru-logistika xətlərinin əhəmiyyəti artır. Orta Dəhliz və Cənubi Qafqaz üzərindən keçən nəqliyyat marşrutları bu kontekstdə Aİ-nin strateji planlamasında getdikcə daha çox yer tutur. Azərbaycan isə bu marşrutların mərkəzi həlqələrindən biri olaraq Avropa–Asiya əlaqələrinin davamlılığında açar rol oynayır. 

Nəzrin ELDARQIZI

XQ

Ekspert rəyi,

Züriyyə QARAYEVA, politoloq

Qrenlandiya ətrafında yaranan gərginlik əslində konkret bir ərazi mübahisəsindən daha geniş mənanı ifadə edir və Aİ–ABŞ münasibətlərində yığılıb qalmış strateji ziddiyyətləri üzə çıxarır. Bu böhran Aİ üçün acı olsa da ayıldıcı siqnaldır. Uzun illər təhlükəsizlik məsələlərində ABŞ-a arxalanan Aİ indi görür ki, müttəfiqlik avtomatik təminat demək deyil. Qrenlandiya məsələsində Vaşinqtonun açıq təzyiq dili Avropada suverenlik və strateji müstəqillik mövzularını yenidən ön plana çıxarıb. Bu da Aİ daxilində daha sərt qərarlar, o cümlədən ticarət rıçaqlarından və təhlükəsizlik mexanizmlərindən istifadə ideyasını legitim müzakirə mövzusuna çevirib.

Prosesin davamı olaraq Aİ-nin üçüncü ölkələrlə münasibətlərində daha prinsipial və sərt xəttə keçməsi ehtimalı kifayət qədər realdır. Qrenlandiya böhranı göstərdi ki, yumşaq gücə əsaslanan siyasət hər zaman nəticə vermir və bəzən qarşı tərəf bunu zəiflik kimi oxuyur. Əgər Aİ bu hadisədən nəticə çıxarsa, gələcəkdə ticarət, enerji, təhlükəsizlik və texnologiya sahələrində şərtlərini daha açıq və tələbkar şəkildə irəli sürə bilər. Bu, Aİ-nin maraqlarını qorumaq üçün daha az güzəştə gedən, daha ardıcıl və daha praqmatik mövqeyin formalaşmasına gətirib çıxara bilər. Qrenlandiya böhranının əsas dərsi də məhz budur.

 

 



Dünya