Kişineu postsovet təsir dairəsindən uzaqlaşır

post-img

Qərar Avropanın təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək

Müasir dünyada təhlükəsizlik anlayışı artıq siyasi sabitlik, informasiya mühiti və institusional dayanıqlılıq kimi elementləri özündə ehtiva edir. Avropanın şərqində baş verən proseslər göstərir ki, təhlükələr getdikcə daha mürəkkəb və çoxşaxəli xarakter alır. Belə olan halda kiçik dövlətlərin rolu da dəyişir, onlar nəinki təsirə məruz qalır, həmçinin təsirləri analiz edən və qarşısını alan aktorlara çevrilir. Moldova da məhz belə bir transformasiyanın mərkəzində dayanaraq öz təhlükəsizlik təcrübəsini daha geniş geosiyasi məkan üçün əhəmiyyətli model kimi təqdim etməyə çalışır. Təhlükəsizlik anlayışının Moldova üçün hər zaman əsas  məsələlərdən biri olduğunu nəzərə alsaq, ölkənin həm də Aİ-ni daha təhlükəsiz edə biləcəyi barədə iddiaları təəccüb doğurmamalıdır. Moldovanın Avropaya inteqrasiya üzrə baş nazir müavini Kristina Qerasimov bildirib ki, ölkəsinin Aİ-yə inteqrasiyası çox vaxt Moldova üçün təhlükəsizlik zəmanəti kimi təsvir olunsa da, bu, eyni zamanda qitənin öz təhlükəsizliyinə strateji sərmayədir. 

Moldovanın Aİ ilə üzvlük danışıqları rəsmi olaraq iki il öncə başlandı və Kişineu həmin gündən etibarən öz gələcəyini Moskva orbitindən kənarda qurmaq istəyini açıq şəkildə bildirdi. Bu gün ölkə MDB-nin təsisatlarından tam çıxma prosesini rəsmiləşdirib. Sözügedən addım Kişineunun postsovet inteqrasiya modelindən qəti şəkildə uzaqlaşdığını göstərir. Sözsüz ki, cari siyasi kursun arxasında əsas amil Rusiya faktorudur. Çünki Moskva postsovet ölkələri üzərində öz təsir alətlərini müxtəlif formalarda saxlamağa çalışır.  Məsələn, Dnestryanı bölgədə hələ də təxminən 1500 rus hərbçisi qalır ki, bu da Kişineunun suverenliyinin daim təzyiq altında saxlayan real təhlükə kimi qiymətləndirilir. Üstəlik, Rusiya ilə bağlı iddialar təkcə hərbi mövqe ilə məhdudlaşmır. Ötən il Prezident Maya Sandu bildirmişdi ki, Rusiyadan gələn qanunsuz maliyyələşmə və seçki korrupsiyası Moldova üçün əsas təhlükəyə çevrilib. Görünür, Kremlin Moldovaya yanaşması “yumşaq güc”dən çox, hibrid təzyiq məntiqinə əsaslanır.

Kişineunun siyasi kursu məhz bu təhdidlərin fonunda formalaşıb. Moldova seçkiləri xarici müdaxilənin ən həssas nöqtəsi kimi görür. Seçki ərəfəsində səs alqı-satqısı, kiberhücumlar və dezinformasiya kampaniyaları barədə səslənən ittihamlar da bunu təsdiqləyir. Şübhəsiz seçkilər Rusiya üçün ən asan giriş nöqtəsidir və məsələyə artıq milli təhlükəsizlik nöqteyi-nəzərindən yanaşılır.

Diqqətçəkən başqa məqam odur ki, Moldova artıq özünü təcrübə ötürən aktor kimi təqdim edir. Prezidentin milli təhlükəsizlik müşaviri Stanislav Sekrierunun dediyi kimi, ölkə Rusiyanın hibrid təhdidlərinə qarşı “çətinliklə əldə edilmiş bilik və sınaqdan çıxmış həllər” toplayıb. Yəni, Moldova açıq şəkildə bildirir ki, onun təcrübəsi Avropanın digər dövlətləri üçün faydalı ola bilər. 

Moldovanın təhlükəsizlik gündəliyini daha da həssas edən məqam Avropanın özündə də siyasi risklərin artmasıdır. Macarıstandakı seçkilərdən tutmuş Fransa, İtaliya, İspaniya və Polşadakı siyasi yarışlara qədər bir çox proseslərdə xarici təsir, populist dalğa və dezinformasiya ehtimalı müzakirə olunur. Təhlükəsizlik davamlı strategiya ilə dəstəklənməzsə populist dalğanın güclənməsi qaçılmaz ola bilər. Bu isə regional təhlükəsizlik arxitekturasının dəyişməsi ilə nəticələnər. Maya Sandunun diplomatik fəallığı da mövcud risklərin qarşısını almağa yönəlib. O, Avropa paytaxtlarında çıxış edərək Moldovanın inteqrasiyasının vacibliyini əsaslandırır. Lakin Kişineunun müraciətinin Kiyev ilə əlaqələndirilməsi və prosesin Viktor Orbanın mövqeyi səbəbindən ləngiməsi göstərir ki, Aİ-nin genişlənmə siyasəti həm də siyasi dilemmalarla müşayiət olunur. Sandunun Latviya parlamentindəki çıxışı isə bu dilemmaların strateji mahiyyətini açıb. O bildirib ki, öz təhlükəsizliyinə ciddi yanaşan Avropa şərq qonşuluğuna da ciddi yanaşmalıdır: “Bir tərəfdən Ukraynanı dəstəkləyib, digər tərəfdən demokratik ölkələri “boz zonalarda” saxlamaq olmaz. Və vətəndaşlarını parçalamağa çalışan qüvvələr barədə xəbərdarlıq edərkən həmin qüvvələr üçün sərhədlərindən kənarda hazır hədəflər buraxmaq düzgün deyil”.

Çox güman Sandu bu çıxışı ilə həm də Birliyə xəbərdarlıq etmək istəyib. Çünki Kişineu öz təcrübəsi ilə sübut edir ki, təhlükəsizlik boşluqları gec-tez sistemin zəif nöqtəsinə çevrilir. Yəni, Aİ genişlənmə məsələsindən daha çox, təhlükəsizlik arxitekturasının yenidən qurulması prosesinə fokuslanmalıdır. 

Sonda bir məqamı da xatırladaq ki, enerji və iqtisadi asılılıq faktoru artıq təhlükəsizlik müstəvisinə keçir. Uzun illər Rusiya qazından asılı olan Moldova son dövrlər alternativ mənbələrə yönələrək bu asılılığı azaltmağa çalışır. Bununla Kişineu siyasi təzyiqlərin qarşısını almaq istəyir. Çünki enerji rıçaqları hibrid təsirin ən effektiv alətlərindən biri kimi istifadə olunur. Ona görə də Moldova iqtisadi təhlükəsizlik müstəvisində də müqavimət modeli formalaşdırmağa cəhd edir. Xülasə, rəsmi Kişineunun seçdiyi yol Avropa üçün daha geniş mənalar daşıyır. Əgər “qoca qitə” bu siqnalları düzgün oxuyub qərarlarını buna uyğun formalaşdıra bilsə, Moldova kimi dövlətlər sərhəd bölgələri ilə yanaşı, təhlükəsizlik sisteminin aktiv dayaqlarına çevrilə bilər. Əks halda “boz zonalar”ın genişlənməsi və onların geosiyasi qarşıdurmanın əsas meydanına çevrilməsi qaçılmaz olacaq.

Nəzrin ELDARQIZI

XQ

Ekspert rəyi

Elçin MİRZƏBƏYLİ, Milli Məclisin Deputatı

Moldovanın Avropa İttifaqına ünvanladığı mesaj əslində regionda gedən daha geniş geosiyasi qarşıdurmanın, xüsusilə də Qərblə Rusiya arasında sistemli rəqabətin bir epizodudur. Kişineunun “biz sizi dəstəkləyək, siz də bizi qəbul edin” yanaşması klassik təhlükəsizlik-mübadilə modelinə əsaslanır. Moldova uzaq perspektivdə ona təhlükəsizlik və sabitlik qarşılığında real inteqrasiya və siyasi təminatların verilməsini istəyir. Ölkənin bu təşəbbüsü bir neçə paralel reallığın məhsuludur. Birincisi, Ukrayna müharibəsindən sonra Şərqi Avropada təhlükəsizlik arxitekturası faktiki olaraq dəyişib və postsovet məkanı artıq “boş zona” deyil. İkincisi, Rusiya regionda informasiya və siyasi təsir alətləri ilə daha fəal şəkildə iştirak edir. Xüsusilə seçkilər ərəfəsində dezinformasiya kampaniyaları, sosial narazılığın stimullaşdırılması və siyasi qütbləşmənin dərinləşdirilməsi Kreml üçün aşağı xərclə yüksək effekt strategiyasıdır. Moldova isə institusional zəifliklərinə görə bu təsirlərə ən açıq ölkələrdən biridir. Bu baxımdan Kişineunun Avropa İttifaqına təklif etdiyi əməkdaşlıq, yəni dezinformasiyaya qarşı mübarizə, seçki təhlükəsizliyi və kiberdayanıqlılıq sahəsində dəstək təşəbbüsü Brüssel üçün də əhəmiyyətlidir. Çünki Aİ artıq anlayır ki, təhlükəsizlik artıq NATO çərçivəsində hərbi məsələdən əlavə, həm də siyasi sistemlərin dayanıqlılığı ilə bağlıdır. 

Lakin məsələ ondadır ki, Aİ-Rusiya münasibətlərinin hazırkı vəziyyətində prosesi həm sürətləndirən, həm də məhdudlaşdıran faktorlar var. Bir tərəfdən, Brüssel Rusiyanın təsirini zəiflətmək üçün Moldova kimi ölkələri öz orbitinə çəkməkdə maraqlıdır, digər tərəfdən isə Aİ daxilində genişlənmənin doğurduğu problemlər, iqtisadi risklər və dərinləşən daxili siyasi ziddiyyətlər sürətli inteqrasiyaya mane olur. Birbaşa üzvlük məsələsinə gəldikdə isə, bu, qısa və orta müddətli perspektivdə real görünmür. Bunun bir neçə əsas səbəbi var: Birincisi, Moldova hələ də struktur islahatlar, korrupsiyaya qarşı mübarizə və hüquqi dövlət institutlarının möhkəmləndirilməsi sahəsində Aİ standartlarından geri qalır. İkincisi, Dnestryanı problemi ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı ciddi riskdir və bu reallığın yaxın perspektivdə dəyişə biləcəyinə heç bir təminat yoxdur. Bu isə Aİ üçün prinsipial məsələdir. Çünki ittifaq adətən həll olunmamış münaqişələri olan ölkələri üzvlüyə qəbul etmir. Üçüncüsü, Aİ-nin öz daxilində genişlənməyə dair konsensus tam formalaşmayıb. Ukrayna, Gürcüstan və Qərbi Balkan ölkələri də eyni sırada gözləyir və bu, prosesi daha da mürəkkəbləşdirir.

Gələcək perspektivdə Moldova ilə Aİ arasında yaxınlaşma davam edəcək və hətta dərinləşəcək. Xüsusilə təhlükəsizlik, enerji və informasiya sahələrində əməkdaşlıq artacaq. Lakin prosesin sürətli üzvlüklə nəticələnməsi ehtimalı aşağıdır. Daha real ssenari mərhələli inteqrasiya, maliyyə və siyasi dəstəyin artırılması və Moldovanın tədricən Avropa institutlarına uyğunlaşdırılmasıdır.

 



Dünya