Energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) “Beynəlxalq Əməkdaşlıq və Dayanıqlı, Təmiz və Ədalətli Enerji Keçidinin Sürətləndirilməsi” mövzusunda çıxış edib.
Məlumatı nazirlikdən veriblər.
Nazir Bakı İqlim Fəaliyyəti Həftəsinin qlobal iqlim gündəliyinin icrasını yerli və regional səviyyədə sürətləndirən nüfuzlu platforma kimi COP29-un nəticələrinin reallaşdırılması və təmiz, ədalətli enerji keçidinin irəlilədilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb. COP29-un qlobal iqlim fəaliyyətinə güclü impuls verərək ədalətli həllər və bərpa olunan enerjinin sürətli inkişafı istiqamətində yeni üfüqlər açdığını deyən nazir bildirib ki, burada dövlət başçısının Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirən, “yaşıl artım” və “yaşıl enerji” ölkəsi kimi inkişafını təmin edən uzaqgörən strateji liderliyi və iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə təşəbbüskarlığı misilsiz rol oynadı. “Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin günəş və külək layihələrinin inkişafını, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonasına çevrilməsini, ölkənin enerji sisteminin dayanıqlılığını təmin edən və şaxələndirilmiş nəql infrastrukturlarının yaradılmasını hədəfləyən siyasəti COP29-un enerji təşəbbüslərinin əsas hərəkətverici qüvvəsi oldu. İndiyədək 67 ölkə, “Qlobal Enerji Saxlama və Şəbəkələr Öhdəliyi”nə, 66 ölkə “Hidrogen Bəyannaməsi”nə, 59 ölkə isə “Yaşıl Enerji Öhdəliyi”nə qoşulub.”
Nazir Pərviz Şahbazov bildirib ki, 2030-cu ilədək dünyada 1,5 dərəcə hədəfinə çatmaq üçün bərpa olunan enerjinin istehsal gücünü 11,000 QVt-a çatdırmaq kifayət deyil; həmçinin enerji saxlanc sistemləri 1,500 QVt-a yüksəldilməli, 25 milyon kilometr elektrik şəbəkəsi inşa və ya yenilənməli, istehsal və tələbat mərkəzlərini birləşdirən, regionlararası sistemlərdə qarşılıqlı dayanıqlığı təmin edən enerji dəhlizləri yaradılmalıdır.
Qeyd olunub ki, Azərbaycan 2030-cu ilədək şəbəkənin maksimum inkişaf imkanlarına uyğun olaraq 2,7 QVt gücündə külək- günəş elektrik stansiyalarının inşasını planlaşdırır. Bu addım ölkəmizdə bərpa olunan enerjinin quraşdırılmış gücünü üç dəfə artıraraq 4 QVt-a çatdırmaqla, 3,2 milyon ton istixana qazı emissiyasının qarşısını alacaq. Növbəti iki il ərzində şəbəkəyə 10 yeni stansiya və 2 QVt-lıq bərpa olunan enerji gücünün idarə olunması üçün 250 MVt gücündə və 500 MVt/saat saxlama həcminə malik batareya sistemləri inteqrasiya ediləcək. Bu stansiyalardan biri, 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası isə noyabr ayında istifadəyə veriləcək. Həmçinin 2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda hidro, günəş, külək stansiyalari və damüstü panellər hesabına istehsal gücünün 1,6 QVt-a çatacağı, nəticədə 2 milyon tondan çox emissiyanın azaldılacağı bildirilib.
Çıxışda Azərbaycanın regional müstəvidə enerji keçidi və iqlim hədəflərinə töhfə verən, Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı birləşdirən yaşıl enerji dəhlizləri layihələrindən də bəhs edilib. “2032-ci ilədək quruda və dənizdə yaradılacaq 6 QVt-dan çox gücün 4 QVt-nın “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi ilə mərhələli şəkildə ixracına başlanması planlaşdırılır ki, bu da təxminən 4,5 milyon ton emissiyanın azaldılmasına bərabərdir”,- deyə nazir əlavə edib.
P.Əmircanov
XQ