BSU-da “Suverenlik və Konstitusiya hüquqları” mövzusunda dəyirmi masa keçirilib

post-img

Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və Konstitusiya hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

BSU rektoru qeyd edib ki,  Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkəmizdə elan olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir çox tədbirlərin həyata keçirilir. Bu tədbirlər sırasında ən vacib məsələlərdən biri, ölkəmizin müstəqilliyini yenidən bərpa etdikdən sonra, 1995-ci ildən bu günə qədər əldə edilən nailiyyətlərin əsasını təşkil edən milli dövlətçilik, onun hüquqi bazası və nəticədə suveren Azərbaycanın formalaşması məsələləridir. Rektor qeyd edib ki, BSU bu il çərçivəsində regional və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Universitet daxilində müəllim və tələbələrin iştirakı ilə müxtəlif elmi-praktik tədbirlər, araşdırmalar, məqalələr hazırlanır, respublika və beynəlxalq səviyyəli konfranslar keçirilir. Bu tədbirlər sırasında Qərbi Azərbaycan tədqiqatlarına həsr olunan konfransın təşkili də xüsusi yer tutur.

A.Nağıyev vurğulayıb ki, BSU-nun üzərinə düşən ictimai rolun bir hissəsi ondan ibarətdir ki, daha geniş auditoriyalarla  işləyərək, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müxtəlif ümumtəhsil məktəblərində təhsil alan şagirdlər üçün rektorun görüşləri keçirilir. Artıq Naxçıvan, Abşeron, Nəsimi, Suraxanı və Quba rayonlarında keçirilmiş bu görüşlər 1000-ə yaxın şagirdi əhatə edib və qeyd olunan görüşlərin il ərzində davam etdirilməsi nəzərdə tutulur.

Çıxışında Anar Nağıyev, həmçinin Prezident İlham Əliyevin 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının binasında ziyalılarla keçirdiyi görüşə toxunaraq, Qayıdış Konsepsiyası çərçivəsində qarşıya qoyulan hədəflərdən birinin Azərbaycan reallıqlarının beynəlxalq auditoriyalara çatdırılması olduğunu diqqətə çatdırıb və qeyd edib ki, BSU da bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirərək, müxtəlif ölkələrdə yerləşən universitetin tərəfdaşı olan  ali təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirir: "Bu yaxınlarda Albaniyanın Tirana Universitetində “Müasir dövrün Azərbaycanı” mövzusunda mühazirə təqdim olunub.Növbəti günlərdə isə Bolqarıstanın Sofiya Universitetində “Azərbaycan regional lider və strateji tərəfdaş kimi” mövzusunda mühazirə ilə çıxış planlaşdırılır".

Rektor çıxışında bildirib ki, görülən hər bir iş, ali təhsil müəssisəsinin ölkəmizdə elan olunmuş "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçdiyi yolu əhatə etməklə yanaşı, 1993–1995-ci illərdə vacib məsələlərin fonunda tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyduğu dövrün gənclərə çatdırılması, təbliğ olunması və eyni zamanda elmi baxımdan araşdırılması məqsədini daşıyır. Bütün çıxışlarda və tədbirlərdə xüsusi olaraq vurğulanır ki, 1993-cü ildə məhz Azərbaycan dövlətçiliyini təmsil edən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, ardınca 1994-cü ildə qəbul edilən mühüm qərarlar Azərbaycanın gələcək inkişafının əsasını qoymuşdur.  1995-ci ildə qəbul edilən Konstitusiya bütöv və suveren Azərbaycan dövlətinin əsalarını möhkəmləndirməklə, yaxşı formalaşdırmaqla yanaşı ölkənin gələcək inkişaf konsepsiyasını təşkil edib. Bütün bu tarixi mərhələlərin davamı olaraq, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı bütün ərazilərində suverenliyini bərpa etməsi məsələləri BSU-da aparılan tədrisin, elmi araşdırmaların və ideoloji istiqamətlərin əsasını təşkil edir.

BSU-nun İctimai elmlər kafedrasının müdiri Habil Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev Konstitusiyanın inkişaf mərhələləri barədə ətraflı məlumat verərək, suverenliyin tarixi, mahiyyəti və dövlətçiliyimiz üçün əhəmiyyətindən bəhs edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə tədbirdəki çıxışında Azərbaycan Konstitusiyasının qəbulunun siyasi əhəmiyyətindən danışaraq, BSU-nun təkcə ali təhsil müəssisəsi deyil, həm də dövlətçiliyimizi müdafiə edən ideoloji mərkəzlərdən biri olduğunu xüsusi vurğulayıb.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə çıxışında Azərbaycan Konstitusiyasının işığında dövlətin sabitliyi və gələcəyi mövzusuna toxunaraq, əsas qanunun cəmiyyətin inkişafında və hüquqi dövlətin formalaşmasında oynadığı rolu önə çəkib.

BSU-nun İctimai elmlər kafedrasının dosenti Sadir Məmmədov isə Azərbaycan Konstitusiyasının suverenliyimizin qarantı və hüquq sistemimizin əsas mənbəyi olduğunu bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ



Elm