Naxçıvanın orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar olunub

post-img

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən  Ordubad rayonu ərazisindəki Xaraba Gilan şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı Naxçıvanın orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar edilib.

Tədqiqat zamanı abidənin içəri şəhər hissəsinə və Narınqalaya gedən yollar aşkar olunub. Müəyyən edilib ki, yolun eni 2 m 35 sm-dir. Yolun giriş hissəsində üzəri gəclə suvanmış arko formalı tikili də tapılıb. Eyni zamanda, yolun divarlarının gəclə suvandığı müəyyən edilib. Araşdırmalar zamanı yarımdairəvi tikililərə rast gəlinib. Bu tikililər abidənin özünəməxsus memarlıq üslubunda tikildiyini sübut edir. Yarımdairəvi tikilinin uzunluğu 8 m-ə yaxın, hündürlüyü isə 1 m 50 sm-dir.

Abidədə aparılan tədqiqat zamanı dördkünc planlı tikili qalıqları və otaqlar da aşkar olunub. Tikili qalıqların öyrənilməsi zamanı məlum olub ki, abidə XII-XIII əsrlərdə dağıntıya məruz qalıb, sonradan bəzi hissələri çiy kərpiclə bərpa edilib.

Qazıntılar zamanı orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatları, heyvan sümüyünün qalıqları, 1 ədəd mis sikkə, znqov formalı metal əşya və s. aşkar olunub. Bu maddi-mədəniyyət nümunələri insanların burada uzun müddət yaşadığını sübut edir.

Qeyd edək ki, arxeoloji qazıntılara 2 iyun 2025-ci il tarixdən başlanılıb və ekspedisiyasının əldə etdiyi tapıntılar Naxçıvanın tarixi əhəmiyyətindən xəbər verir.

 







Elm