AMEA-da Gənclər Akademiyasının yaradılması ölkəmizdə gənclərə göstərilən etimad və dəyərin göstəricisidir.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında “Gənc Alimlər Şurasından – Gənclər Akademiyasına” adlı məruzə ilə çıxış edən AMEA-nın Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev söyləyib.
AMEA-nın keçdiyi 80 illik yola nəzər salan Elmir Babayev bildirib ki, bu illər ərzində mühüm elmi nailiyyətlər qazanılıb, nüfuzlu elmi məktəblər formalaşıb, nəsillərarası biliklərin ötürülməsi, akademik mühitin qorunması və insan kapitalının sistemli şəkildə yetişdirilməsinə yönələn tədbirlər həyata keçirilib, son illərdə Akademiyada aparılan islahatlar isə bütövlükdə yeni inkişaf mərhələsinin əsasını qoyub. Sədr AMEA-nın gənclər siyasətinin Akademiyanın strateji inkişaf modelinin əsas dayaqlarından biri kimi xarakterizə edib, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən konfrans, seminar və dəyirmi masalar, beynəlxalq elmi əməkdaşlıq istiqamətində görülən işlər, “Gənc tədqiqatçı” jurnalının fəaliyyətinin genişləndirilməsi, gənclərin elmi-təşkilati və ictimai fəaliyyətinin stimullaşdırılması haqqında bəhs edib.
10 sentyabr 2025-ci il tarixində akademik İsa Həbibbəylinin təşəbbüsü və AMEA Rəyasət Heyətinin qərarı ilə Gənclər Akademiyasının təsis edildiyini deyən Elmir Babayev bu hadisənin yalnız struktur dəyişikliyi deyil, həm də ideya dəyişikliyi olduğunu vurğulayıb. Alim Gənclər Akademiyasının məqsədləri haqqında ətraflı danışaraq qeyd edib ki, qurumun strateji hədəfləri innovasiya yönümlü düşüncə tərzini sistemli şəkildə təşviq etmək, beynəlxalq elmi şəbəkələrə inteqrasiyanı sistemləşdirmək, mentorluq (varislik) institutunu gücləndirmək, akademik liderlik məktəbini formalaşdırmaqdan ibarətdir.
Çıxışının sonunda Elmir Babayev Gənclər Akademiyasının ideyadan doğan ümid, strukturdan güc alan inam və qəbul olunmuş qərardan irəli gələn məsuliyyət olduğunu vurğulayıb. Qurumun əsas missiyasının elmi istiqamətləri müəyyənləşdirə, strateji prioritetləri dəyərləndirə və AMEA-nın inkişafında məsuliyyət daşıya bilən yeni nəsil alimlər yetişdirmək olduğunu qeyd edən sədr gənclərin onlara göstərilən etimadı layiqincə doğruldacaqlarına inamını ifadə edib.

