“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin birinci və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 27.4-cü maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 27.4-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin üçüncü cümləsinə uyğun olaraq, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 863 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “27.3-cü maddələrində,” sözlərindən sonra “27.4-cü maddəsinin birinci və üçüncü cümlələrində,” sözləri əlavə edilsin;
3.2. 2.2-ci bəndə “27.2.4-cü maddələrində,” sözlərindən sonra “27.4-cü maddəsinin üçüncü cümləsində,” sözləri əlavə edilsin;
3.3. 2.4-cü bəndə “27.3-cü maddələrində” sözlərindən sonra “, 27.4-cü maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2026-cı il

