Bakıda, Milli Gimnastika Arenasında təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri Azərbaycan komandası üçün böyük uğurla başa çatdı. Olimpiya tsiklinin sonuncu ili olduğundan turnirdə rəqabətin səviyyəsi əvvəlki illərdən yüksək olacağı əvvəlcədən aydın idi. Təsadüfi deyildi ki, “Böyük dəbilqə”də dünya reytinqinin liderləri, həmçinin çoxlu sayda Olimpiya, dünya və Avropa çempionları iştirak edirdilər.
61 ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. Qızıl medalları komandamızın aktivinə Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tkçayev (81 kq) yazdırıblar. Leyla Əliyeva (48 kq) gümüş, Zelim Kotsoyev (100 kq) bürünc medala sahib olublar.
Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov müsahibəsində yığmamızın çıxışını çox yüksək qiymətləndirdiyini deyib. O qeyd edib ki, cüdoçularımız əla nəticə göstərib, Paris Olimpiadasına vacib lisenziya xalları qazanıblar. Mütəxəssis yığma üzvləri arasında Zelim Tçkayevin (81 kq) çıxışını xüsusi vurğulayıb. Onun mübarizəsinin xoş təsir bağışladığını söyləyib: “Zelim istedadlı cüdoçudur. Yarışda sonadək mübarizə apardı və ən yüksək mükafatı əldə etdi. Komandamız inamlı təsir bağışladı. Bu, cüdoçularımızın yarışa yüksək hazırlığı ilə bağlıdır”.
Baş məşqçi komandanın təcrübəli üzvü Hidayət Heydərovun (73 kq) qızıl medal qazanmaq üçün səylərini əsirgəmədiyini bildirib: “Hidayət Heydərov təcrübəlidir və yüksək texnikası var. O məhz bu üstünlüyündən də rəqiblərinə qarşı yararlandı”. Elxan Məmmədov onu da bildirib ki, idmançının yüksək nailiyyətində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin də payı çoxdur. Məhz 73 kiloqram çəki dərəcəsində E.Məmmədlinin Olimpiya çempionu olduğunu xatırladan mütəxəssis onun hər zaman millimizə dəstək olduğunu deyib: “Elnur Məmmədli Hidayət Heydərovla öz təcrübəsini, taktikasını bölüşür, onunla əlavə məşğul olur. Düşünürəm ki, Elnur Məmmədlinin Hidayətin yanında olması cüdoçumuzun özünəinamını daha da artırıb”.
Komandamızın aktivinə qızıl medal yazdıran Hidayət Heydərov müsahibəsində bütün qarşılaşmaların çətin keçdiyini bildirib. Qeyd edib ki, çempion olmağı qarşıya məqsəd qoyduğu üçün sona qədər inadla mübarizə aparıb: “Qalib olmağı qarşıya məqsəd qoymuşdum. Rəqiblərim güclü idilər. Bilirdim ki, potensialımdan maksimum istifadə etsəm, hədəfə çata bilərərm. Onu da deyim ki, doğma şəhərdə mübarizə əlavə məsuliyyət tələb edir. Ən çətin görüş yarımfinaldakı qarşılaşma oldu. Sevinirəm ki, azarkeşlərin ümidini doğruldub qızıl medal qazandım”.
İdmançı hazırda əsas məqsədinin Paris Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək olduğunu deyib: “İndi əsas məqsədim Paris Oyunlarında iştirak üçün vəsiqə qazanmaqdır. Bu nüfuzlu turnirə vəsiqə uğrunda mübarizədə bütün səylərimi toplayacağam.
Turnirdə 81 kiloqram çəki dərəcəsində bürünc medala sahib olan Zelim Kotsoyev də turnirə qızıl medal qazanmaq üçün qatıldığını bildirib. Deyib ki, yaxşı formada olmadığı üçün büdrəyib: “Yarış gərgin mübarizə şəraitində keçdi. Çox istəyirəm ki, paytaxtımızda qalib olub, keçənilki nailiyyətimi təkrarlayım”.
Cüdoçu komandamızı qarşıda Avropa çempionatının gözlədiyini, həmin yarışa bütün gücünü səfərbər edərək hazırlaşacağını bildirib.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) baş direktoru Vlad Marinesku Bakıda təşkil olunmuş “Böyük dəbilqə” turnirini Dünya Cüdo Turunun incisi adlandırıb. Qurumun baş direktoru yarışla bağlı hazırladığı məqaləsində yarışın əla nəticələrlə tarixə düşəcəyini bildirib: “Bakıda qazanılan yerlər, xallar qarşıdakı həftələrdə və aylarda böyük rol oynayacaq. Zaman sürətlə irəliləyir. “Paris-2024” Yay Olimpiya Oyunlarına çox az vaxt qalıb. O an hələ yetişməyib, amma hiss edirik ki, tədbir artıq yaxınlaşır. Bütün nümayəndə heyətləri Paris görüşünə hazırlaşırlar”.
Qurum rəsmisi Olimpiya Oyunları yaxınlaşdığı və lisenziyaların tam sürətlə qazanıldığı bir vaxtda, ilk növbədə, Azərbaycana və cüdo federasiyasına təşəkkür etməli olduqlarını bildirib: “Bakı cüdo ailəsini qarşılayaraq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş yüksək keyfiyyətli tədbirə evsahibliyi etdi”.
Beləliklə, Bakıda yüksək səviyyədə təşkil olunmuş “Böyük dəbilqə” turnirində 5 medal qazanan komandamız ümumi hesabda birinci yeri tutaraq dünyanın ən inkişaf etmiş cüdo ölkələrinin yığmalarını geridə qoyub. Gürcüstan 1 qızıl, 2 gümüş medalla 2-ci, Yaponiya 1 qızıl, 1 gümüş, 2 bürünc medalla 3-cü pillədə qərarlaşıblar.
“Böyük Dəbilqə” turniri başa çatdıqdan sonra idmançıların yenilənmiş dünya reytinqində qalib və mükafatçılarımız mühüm irəliləyiş əldə ediblər. Təcrübəli cüdoçumuz Hidayət Heydərov liderliyini daha da möhkəmləndirib. 9 pillə irəliləyən Yaşar Nəcəfov 13-cü yerə yüksəlib. Zelim Tçkayev isə 14 pillə irəliləyərək 14-cü yerə qalxıb. Turnirdə gümüş medal qazanan Leyla Əliyeva (48 kq) da 9 pillə irəliləyib. Xanım cüdoçumuz 25-ci sıradadır. Bürünc medalçı Zelim Kotsoyev (100 kq) isə əvvəlki kimi ikinci yeri tutur.
Leyla QURBANOVA
XQ


