Komandamız 2-ci dəfə ən yüksək pillədə
Slovakiyada keçirilən Avropa çempionatında sərbəst güləşçilərimizdən sonra yunan-Roma güləş yığmamız da böyük uğura imza ataraq qalib adını qazanıb. Azərbaycan 3 qızıl, 1 gümüş, 2 bürünc medalla bütün ölkələri qabaqlayaraq 1-ci yerdə qərarlaşıb.
Sevindirici haldır ki, bütün medalları doğma güləş məktəbimizin yetirmələri əldə ediblər. Yəni yüksək nəticələri qazananlardan heç biri də legioner deyil. Qızıl medal qazanan pəhləvanların doğulduğu coğrafiyaya diqqət edək. 3-cü dəfə Avropa çempionu titulunu qazanan Həsrət Cəfərov Goranboyda, ikiqat qitə çempionu Nihat Məmmədli Füzulidə, Qurban Qurbanov Kürdəmirdə doğulub. Deməli, regionlarımızda, kənd, rayonlarımızda güclü potensiala malik uşaqlar var və bölgələrdə güləş seksiyalarının fəaliyyəti daha da genişlənməlidir.
Həsrət Cəfərov artıq 3-cü dəfədir ki, Avropa çempionatında rəqib tanımır. 23 yaşlı gənc güləşçi üçün bu böyük bir uğurdur. Həsrət Paris Olimpiadasının bürünc medalına sahib olub. 2017-ci ildə U17 Avropa çempionatının, 2021-ci ildə U20 Dünya və Avropa çempionatlarının, həmçinin U23 Dünya çempionatının qalibi olub. Avropa Gənclər Olimpiya Festivalı, İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, bir sıra beynəlxalq turnirlərin də qızıl medallarına sahib olub. Karyerası ərzində çıxdığı 12 nüfuzlu yarışın final görüşlərinin 11-də qalib gəlib, cəmi bir finalda – 2023-cü ildə keçirilən Dünya çempionatında məğlub olub.
Ötən il Avropa çempionu olan Nihat Məmmədli (60 kq) bu dəfə də titulunu qorumağı bacarıb. İstedadlı güləşçi ötən il Albaniyada keçirilən Dünya çempionatında bütün rəqiblərini məğlub edərək qalib adını qazanmışdı.
Həsrət Cəfərov (67 kq), eləcə də Nihat Məmmədli yarışla bağlı təəssüratlarını bölüşərkən əldə etdikləri qələbəni xalqımıza həsr etdiklərini bildiriblər. Onlar dəstəyə görə azarkeşlərə təşəkkür ediblər.
Kişilər arasında ilk dəfə qatıldığı Avropa çempionatında qalib olan Qurban Qurbanovun (82 kq) da bundan əvvəl qazandığı böyük nailiyyətləri ilə qürur duymaq olar. İstedadlı pəhləvan 20 və 23 yaşadək güləşçilər arasında Dünya çempionu olub. 23 yaşadək güləşçilərin Avropa çempionatında 2 dəfə qalib adını qazanıb. Hər 3 çempion 2002-ci il təvəllüdlüdür. Onlar dünya çempionatlarında, Olimpiya Oyunlarında parlaq nailiyyətlər qazana bilərlər.
Sərbəst güləşçilərimizin 5-ci dəfə Avropa çempionu tituluna sahib çıxması parlaq nəticədir. Qadın güləşi üzrə millimizin üzvü Jalə Əliyeva (57 kq) zədələrə baxmayaraq, böyük ustalıq göstərərək Avropa 3-cüsü oldu.
Kişilər arasında ilk dəfə Avropa çempionu olan Qurban Qurbanov mediaya açıqlamasında Avropada güləşin çox inkişaf etdiyini və yarışda gərgin rəqabətin olduğunu bildirib. O qeyd edib ki, qələbə üçün komanda ruhu və əzmkarlıq gərəkdir. Güləşçimizin sözlərinə onu da əlavə edək ki, son illər Azərbaycanın dünyada mövqeyi qüvvətləndikcə, gücü artdıqca idmançılarımızın da qələbə əzmi çoxalır. Budəfəki Avropa çempionatında güləşçilərimizin nümayiş etdirdikləri yenilməz güc bir daha qitəyə səs saldı. Avropa çempionatında nəticələr bir daha göstərdi ki, Azərbaycan güləş ölkəsidir və təmsilçilərimiz ən nüfuzlu yarışlarda öz sözlərini deməyə qadirdirlər.
Leyla QURBANOVA
XQ