İyunun 21-də Bakı Kristal Zalında Azərbaycanda ilk dəfə UFC turniri keçirilib. Yarışda ümumilikdə 24 idmançı qüvvəsini sınayıb.
Müxtəlif çəkili idmançılar ilkin və əsas döyüşlərdə mübarizə aparıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə 12 nəfər qalib olub. Əsas döyüşlər yüngül çəkidə Azərbaycan idmançısı Rafael Fiziyevlə çilili İqnasio Bahamondes və yarımağır çəkidə ABŞ təmsilçiləri Camal Hill ilə Xalil Rauntri arasında olub. Bu döyüşlərdən Rafael Fiziyev və Xalil Rauntri qalib ayrılıblar.
Azərbaycanın digər təmsilçisi Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə N.Sadıxov rəqibini ikinci raundda nokautla məğlub edib. Yüngül çəkidə mübarizə aparan digər idmançımız Tofiq Musayev isə qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olub.
Yarışda, həmçinin Muhammad Usman (Nigeriya), Taqir Ulanbekov (Rusiya), Klaudiya Siqula (Polşa), Darya Jeleznyakova (Rusiya), Pak Çun Yon, Sok Hyön Ko (hər ikisi Cənubi Koreya), Məhəmməd Nayimov (Tacikistan), Körtis Bleyds (ABŞ) qələbəyə sevinən tərəf olublar.
UFC kimi mötəbər turnirin Bakıda təşkil olunması Azərbaycanın idman ölkəsi kimi dünyada artan nüfuzunun daha bir göstəricisidir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri də turniri izləyiblər.
XQ