Azərbaycan millisi adını daşımağa layiq olmayan komanda İslandiyadan 0:5 hesablı məğlubiyyətlə qayıdır. O ruhsuz, gücsüz, məqsədsiz komanda...
Bəli, bu komanda milli adlanmağa layiq deyil. “AFFA-nın komandası” - ona daha çox yaraşır. Zatən formasında da elə AFFA-nın loqosu var.
0:5-lə İslandiya futbolunun da tarixinə düşdü. “Buzlar ölkəsi” millisi evdə rəsmi oyunlarda ən böyük qələbəsini qazanmış oldu!
Qonaqlar ilk hissədə total müdafiə (topla oynama faizi 23-77-yə qarşı) ilə 45+2-ci dəqiqəyədək tab gətirə bilsələr də, fasilədən sonra daha sürətli və ağıllı oynamağa başlayan islandlar Şahruddin Məhəmmədəliyevin qapısına yol tapmaqda çətinlik çəkmədilər. Amma böyük hesabla məğlub olan komandanın elə ən yaxşı oyunçusu da qapıçı idi. Onun qurtarışları olmasaydı... Hesabın hansı həddə çata biləcəyini yazmıram.
Bəs digər futbolçular? Emin Mahmudov əvvəlki deyil, fiziki hazırlığının aşağı səviyyədə olması texnikasını da nümayiş etdirməyə imkan vermir. “Neftçi”də son illərdə yaşadıqları, yaşının da 33-ə çatması öz sözünü deyir. Yorğun kapitan...
Mahir Emreli 28 yaşına çatıb, beşinci mövsümdür Avropada oynayır, amma hec cür komandanın lideri ola bilmir.
Başqalarının da adlarını çəkib, yazını uzatmaqdansa, onları heyətə cəlb edən baş məşqçiyə keçək.
Fernandu Santuşun rəhbərliyi ilə 11 oyunda 9-cu məğlubiyyət. Çarəsiz portuqaliyalı...
Bu iş, təbii ki, sənlik deyil.
Kriştiano Ronaldo ilə Avropa çempionu ola bilərsən, amma zəif komanda ilə möcüzə yaradacaq biri deyilsən.
Pensiyaçı yaşında “milyonlar” qazanan 70 yaşlı qocanın bura da pula görə gəldiyini bilirik.
Bəs Azərbaycanda futbola birbaşa məsuliyyət daşıyan AFFA? Federasiya isə artıq “günah keçisi” axtarmağa başlayıb...
AFFA günahkar olaraq komandaya bəh-bəhlə baş məşqçi təyin etdiyi Fernandu Santuşu göstərir. Qurumun baş katibi Cahangir Fərəcullayevin oxu artıq hədəfə doğru yol alıb: “Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. O, komandanı oyuna hazırlaya bilməyib. Fernandu Santuş ev tapşırığını düzgün yerinə yetirməyib. Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə AFFA tədbir görəcək".
Vəziyyəti düzəltmək gücündə olmayan Fernandu Santuş isə öz xoşuna istefa verməyi düşünmür: “Mənim Azərbaycan millisi ilə müqaviləmin müddəti davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?”.
0:5! Bu, hələ digər rəqiblərə nisbətən o qədər də güclü sayılmayan İslandiya ilə oyunun nəticəsidir. Qarşıda isə Ukrayna və son 27 ildə iki dəfə dünya çempionluğunu qazanmış Fransa ilə matçların olduğunu nəzərə alsaq, “AFFA-nın komandası”nın aqibətini ehtimal etmək çətin deyil.
Komandanın nəticələri, AFFA-nın fəaliyyəti/fəaliyyətsizliyi gələcəyə ümidlə baxmağa əsas vermir. Vaxt keçir, heç nə də dəyişmir.
Azərbaycan futbolunun “Qarabağ”ın uğurlarının kölgəsində gizlənmək cəhdləri ilə tarixi aldatmaq mümkün deyil. Uğurlu “Qarabağ” Qurban Qurbanovun layihəsidir və onu AFFA İcraiyyə Komitəsinin üzvü kimi formal vəzifəyə təyin etməklə, əsas işlərdən uzaq tutulması isə təəssüfdən başqa hiss doğurmur.
Rasim Mövsümov
idman şərhçisi