Ötən həftə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 2024-cü ildə yeniyetmələr arasında dünya və Avropa üçüncüsü olan Zəhra Kərimzadə ilk dəfə böyüklərin yarışında fəxri kürsüyə qalxıb. 18 yaşlı güləşçimiz 72 kiloqramda bürünc medal qazanıb. 1/4 finalda olimpiya mükafatçısı, dünya və Avropa çempionu Buse Tosuna 0:2 hesabıyla məğlub olan Kərimzadə üçüncü yer uğrunda qarşılaşmada gənclər arasında dünya və böyüklər arasında Asiya çempionu Mahiro Yoşitakeyə (4:1) qalib gəlib.
Gənc güləşçi yarışla bağlı təəssüratını belə ifadə etdi:
– Böyüklər arasında keçirilən reytinq turnirində bürünc medal qazandığım üçün çox sevincli və qürurluyam. İlk görüşdə türkiyəli olimpiya mükafatçısı Buse Tosunla qarşılaşdım. Məğlub olsam da, ruhdan düşmədim. Bürünc medal uğrunda Yaponiya təmsilçisiylə güləşdim. Titullu rəqiblə qarşılaşacağımı bilirdim. Məşqçilərimiz məni psixoloji və taktiki cəhətdən görüşə yüksək səviyyədə hazırladı. Onların verdiyi motivasiya nəticəsində qarşılaşmaya tam hazır oldum. Mübarizəmiz gərgin keçdi. Sona kimi güləşdim və qalib gəldim. Üzərimdə əziyyəti olan baş məşqçimizə, federasiyamıza və şəxsi məşqçimə təşəkkür edirəm. İnşallah, növbəti yarışlarda bürünc medalı qızıl medalla əvəz edərəm.
Qabil ƏLİYEV
XQ

