Nazirlikdən verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasda gündəliyə əsasən bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasda Uşaq-Gənclər İdman Məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəblərində cüdo idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlərin təsdiqi ilə bağlı qərar qəbul edilib. Bundan əlavə, idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb. Nazirliyin Kollegiya qərarı ilə Asxab Kalayevə və Rauf Nəbiyevə (hər ikisi ağırlıqqaldırma), İslam Nəcəfquliyevə (cüdo) “Ölkə dərəcəli hakim” dərəcəsi verilib. Qaşim Maqomedov (taekvondo), İmaməddin Xəlilov və Sabir Zeynalova (hər ikisi parataekvondo) “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib.
Mərasimdə 2026-cı il üçün “İdman səfirləri” və 2027-ci il üçün “İdman Paytaxtı” seçimi ilə əlaqədar namizədlərin təqdimatları dinlənilib, səsvermə keçirilib. Nazirliyin Kollegiya qərarı ilə Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusufova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped idmanı) 2026-cı il üçün “İdman səfiri” seçiliblər. Yevlax şəhəri isə 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib.
Qabil YUSİFOĞLU
XQ

