Sumqayıt Azərbaycanın ən mühüm sənaye mərkəzlərindən biri kimi ölkə iqtisadiyyatında strateji əhəmiyyətə malikdir. 1949-cu ildə şəhər statusu almış Sumqayıt xüsusilə kimya, metallurgiya və digər sənaye sahələrində inkişafı ilə xüsusi yer tutur. Xəzər dənizinin sahilində yerləşən bu şəhər sənaye potensialı və geostrateji mövqeyi ilə hər zaman diqqət mərkəzində olub. Ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdar olub. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşayıb. Lakin 1982-ci ildən müstəqilliyin ilk illərindək geriləmə yaşayan şəhər daha sonra Ümummilli Liderin hakimiyyəti illərində yenidən dirçəlməyə başladı və 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində sosial-iqtisadi inkişaf baxımından ciddi yol qət etdi. Dövlətimizin başçısı 2003-cü ildə Prezident seçildikdən sonra regionların, o cümlədən Sumqayıtın sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdi. Elə Prezidentlik dövründə etdiyi ilk səfərlərində təməlini qoyduğu müəssisələr, obyektlər onu göstərdi ki, Sumqayıt yenidən Azərbaycanın sənaye şəhəri kimi öz mövqeyini qoruyacaq və inkişaf yolundan dönməyəcək. Prezident İlham Əliyevin ümumilikdə Sumqayıta 33 səfər edib ki, bunların da təqribən 70 %-i iqtisadi obyektlərin, infrastruktur layihələrinin açılışı və ya təməlqoyma mərasimləri ilə yadda qalıb.
Sumqayıtda həyata keçirilən sosial layihələr iqtisadi rifahın təməlidir
Dövlətimizin başçısının Sumqayıtla bağlı ilk fəaliyyəti sosial problemlərinin həlli istiqamətində olub və bu sahədə böyük işlər görülüb. Belə ki, infrastrukturun müasirləşdirilməsi, hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyasının istifadəyə verilməsi, qazlaşdırmanın səviyyəsinin 100 %-ə çatdırılması, içməli su probleminin həlli buna əyani sübutdur. Həmçinin Bakı-Sumqayıt avtomobil yolunun, o cümlədən şəhərdaxili yolların tikilməsi, Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışı, Bakı-Sumqayıt dəmir yolunda dünyanın ən qabaqcıl şirkətinin istehsalı olan “Stadler”in fəaliyyət göstərməsi, müasir avtobusların gətirilməsi, böyük və geniş Sumqayıt bulvarının salınması, Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində aparılan əsaslı təmir və yenidənqurma, eyni zamanda Sahil küçəsində yenidənqurma işləri şəhərin iqtisadi rifahının təmin edilməsi üçün təməl olan sosial layihələrdir. Bütün bunlar Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə planlı şəkildə həyata keçirilib.
Sumqayıt yenə də Azərbaycanın əsas sənaye şəhəri statusunu qoruyur
Görülən işlər, verilən tapşırıqlar, aparılan iqtisadi islahatlar və həyata keçirilən layihələr hesabına Sumqayıt sənaye şəhəri kimi bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. Artıq həmin ərazilərdə Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Kimya Sənaye Parkları (SKSP) yaradılıb. 2003-cü ildən bu yana şəhərdə boru, alüminium, kağız və karton, pestisidlər, termoformasiya metodu ilə şüşə istehsalı üzrə müəssisələr, qida-sənayesi və aqrar-sənaye kompleksləri, mis emalı, tikiş, yunəyrici-boyaq fabrikləri istifadəyə verilib. O cümlədən beton məmulatı, texniki avadanlıqlar, polad boru, yüksək sıxlıqlı polietilen, boruyayma, “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen və “SOCAR karbamid” zavodlarının açılışı sənaye sahəsində inkişafın göstəricisidir. Bütün bunlarla yanaşı zamanın tələblərinə dərhal cavab verən Sumqayıtda tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisələri də yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkı şəhərin sənaye üzrə şah damarıdır
2011-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan, 2013-cü ildə təməli qoyulan Sumqayıt Kimya Sənaye Parkını artıq şəhərin sənaye üzrə şah damarı hesab etmək olar. Bu Parkın yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması olub. Bu istiqamətdə inamla addımlayan SKSP artıq Cənubi Qafqazın ən böyük sənaye parkına çevrilib. Bütün bunlar 613 hektarlıq ərazidə yerləşən Parkın statistik göstəricilərində də öz əksini tapır. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında 2015-2024-cü illər ərzində 13,2 milyard manatlıq məhsul istehsal edilib və 2016-2024-cü illər ərzində 4,6 milyard manatlıq məhsul ixrac olunub. Parkda istehsal edilən məhsullar dünyanın 70-dən artıq ölkəsinə satılıb. Sumqayıt Kimya Sənaye Parkına sahibkarlar tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq daimi iş yeri yaradılıb. Bu il də sənaye parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Fəaliyyətə başlayacaq müəssisələr elektrik mühərrikli avtobusların, yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, tikinti kimyəvilərin, inşaat materiallarının və aqrosənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın və sair məhsulların istehsalı ilə məşğul olacaqlar.
Azərbaycan iqtisadiyyatında mühüm yer tutan, Prezident İlham Əliyevin açılışlarında iştirak etdiyi və Sumqayıt Kimya Sənaye Parkında yerləşən inşaat kimyəviləri, əlvan metallar və ferroərintilər, karbamid istehsalı, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodları, tibbi maska, vərəqə şüşə istehsalı müəssisələri, tütün məmulatları istehsalı fabrikləri və digərləri bu gün Azərbaycan məhsullarının dünya bazarına çıxarılmasında müstəsna rol oynayır.
Xüsusi qeyd etmək lazımdır ki, dövlətimizin başçısının açılışında iştirak etdiyi Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzi bu gün Parkın ərazisində yerləşən müəssisə və zavodlar üçün peşəkar kadrlar yetişdirir, mütəxəssislər hazırlayır ki, bu da güclü və dayanıqlı iqtisadiyyatın əsas amillərindəndir.
Şəhərin iqtisadi həyatında mühüm rola malik Sumqayıt Kimya Sənaye Parkı demək olar ki, hər il rezidentlərini qəbul edir və burada yeni təməlqoyma mərasimləri həyata keçirilir.
STP-də istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarılır
Prezident İlham Əliyevin Sumqayıtda açılışında iştirak etdiyi bir sıra müəssisələr də var ki, onlar Sumqayıt Texnologiya Parkında yerləşir. 2012-ci ildə yaradılan, Sumqayıt Kimya Sənaye Parkının rezident üzvü olan Sumqayıt Texnologiyalar Parkı şəhərin iqtisadi həyatında xüsusi yerini tutub. STP regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Burada istehsal edilən məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır. STP, tarixində ilk dəfə mexaniki emal detalları və metalkonstruksiya çeşidlərindən olan məhsullarını Avropa sənayesinin lokomotivi sayılan Almaniyanın Venden və Köln şəhərlərinə ixracını da həyata keçirib. STP-nin ən əsas hədəflərindən biri keyfiyyətli və çox çeşitli məhsulları və xidmətləri ilə Azərbaycanı Yaxın Şərq və Avropa ölkələrində uğurla təmsil etməkdir.
STP Azərbaycan Respublikasının iqtisadiyyatının stabil inkişafına öz tövhəsini verən ən iri vergi odəyicilərindən biridir.
Hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP-də 30 dan çox istehsalat sahəsi var və 2000 nəfərə yaxın işçi çalışır. Onun nizamnamə kapitalı 225,87 milyon manatdır.
Sumqayıtın iqtisadi inkişafı statistik göstəricilərdə
2024-cü il Sumqayıtın iqtisadiyyatında nəzərəçarpacaq inkişaf qeydə alınıb. 2024-cü ildə ümumi məhsul və xidmətlərin həcmi 4 milyard 837 milyon 409,3 min manata çatıb ki, bu da 2023-cü illə müqayisədə 1,1 % artım deməkdir. Ümumi məhsul buraxılışında istehsal sahələrinin payı 84,3 %, xidmət sahələrinin payı isə 15,7 % təşkil edib.
Sənaye sektorunda da müsbət dinamika müşahidə olunub. Ötən il iri, orta, kiçik sahibkarlıq subyektləri, ev təsərrüfatları və fərdi sahibkarlar tərəfindən istehsal olunan mal və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 1,2 % artaraq 3 milyard 775 milyon 504,5 min manata yüksəlib.
Şəhərin iqtisadi və sosial inkişafına yatırılan investisiyalar da artıb. 2024-cü il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 339 milyon 160,2 min manat vəsait yönəldilib. Bunun 282 milyon 609,3 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Əsas kapitala yatırılan vəsaitlərin 58,2 %-i dövlət sektorunun, 41,8 %-i isə qeyri-dövlət sektorunun payına düşüb.
Pərakəndə ticarət dövriyyəsində də artım müşahidə edilib. Ötən il istehlakçılara 1 milyard 885 milyon 817,2 min manatlıq məhsul satılıb. Bunun 467 milyon 608,7 min manatı (24,8 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 milyard 418 milyon 208,5 min manatı (75,2 %) isə qeyri-ərzaq malları olub.
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 2023-cü illə müqayisədə real ifadədə 8,6 % artaraq 416 milyon 728 min manata çatıb. Bu xidmətlərin 67,6 %-i (281 milyon 541,4 min manat) hüquqi şəxslər tərəfindən göstərilib.
Prezident İlham Əliyevin Sumqayıta hər səfəri şəhərin iqtisadi həyatında tarixi iz buraxıb
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi zamandan indiyədək Sumqayıta hər səfəri bu şəhərin iqtisadi həyatında tarixi iz buraxıb, ölkə sənayesinin inkişafına mühüm töhfə olub. Bu səfərlər təkcə simvolik xarakter daşımayıb, həm də şəhərin iqtisadi inkişaf strategiyasının formalaşmasına birbaşa təsir göstərib. Burada açılan yeni zavodlar və fabriklər yerli əhalinin iqtisadi rifahına müsbət təsir göstərib, eyni zamanda gənclər üçün yeni iş imkanları yaradıb. Bu, ölkədə, o cümlədən şəhərdə yoxsulluğun ciddi şəkildə azalmasına və sosial sabitliyin güclənməsinə yol açıb. Sumqayıtda həyata keçirilən infrastruktur layihələri, yolların, küçələrin yenidən qurulması şəhərin nəqliyyat və logistika imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu isə investor cəlbediciliyinin artmasına gətirib çıxarıb. Həmçinin burada fəaliyyət göstərən müəssisələr hesabına idxaldan asılılıq ciddi şəkildə azalıb və xarici valyuta ehtiyatlarının ölkədə qorunub saxlanmasına xidmət edib.
Sumqayıt ənənəvi olaraq kimya və metallurgiya sənayesinə bağlı olsa da, yeni obyektlərin açılması şəhərin iqtisadi strukturunun diversifikasiyasına imkan verib, Sumqayıtı təkcə sənaye mərkəzi deyil, həm də müxtəlif iqtisadi sahələrin inkişaf etdiyi bir şəhərə çevirib.
Səbinə SALMANOVA,
Milli Məclisin deputatı.