Enerjidən logistikaya

post-img

Azərbaycan – Avropa əməkdaşlığının genişlənən gündəliyi

Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında baş tutan görüş Aİ və ölkəmiz üçün iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Liderlərin mətbuata bəyanatlarla çıxışı da deyilənlərə əyani sübutdur. İlk olaraq, ölkə başçımız Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfərinə böyük əhəmiyyət verildiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər dinamik inkişaf edir.

Bununla yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığı artıq yeni mərhələyə qədəm qoyur və bu əməkdaşlıq çərçivəsində bərpaolunan enerji istiqaməti xüsusi önəm kəsb edir. Azərbaycanın külək və Günəş enerjisi potensialının yüksək olduğunu vurğulayan ölkə başçısı bu sahədə genişmiqyaslı layihələrin həyata keçirildiyini və enerji infrastrukturuna böyük sərmayələrin yatırıldığını qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da çıxışında qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycan ilə əməkdaşlığın əhəmiyyətinin daha da artdığını vurğulayıb. Onun sözlərinə görə, hazırda regionda, xüsusilə İranda baş verən hadisələr dünya enerji bazarlarında ciddi dalğalanmalar yaradır və belə şəraitdə Azərbaycan ilə enerji tərəfdaşlığı Avropa üçün strateji əhəmiyyət daşıyır. Avropa İttifaqı Azərbaycanın enerji keçidi siyasətini dəstəkləməyə və bu istiqamətdə sərmayələrin cəlb edilməsinə hazırdır. O, həmçinin Avropa ölkələrindən olan bərpaolunan enerji şirkətlərinin bu prosesdə fəal iştirak edə biləcəyini qeyd edib.

Görüşdə regionun nəqliyyat və logistika imkanları da diqqət mərkəzində olub. Antonio Koşta Orta Dəhlizin inkişafının Avropa ilə Asiya arasında yeni strateji imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, Bakı–Naxçıvan dəmir yolu layihəsinin başa çatdırılması bu marşrutun formalaşmasında mühüm rol oynayacaq və qitələrarası nəqliyyat əlaqələrinin daha dayanıqlı və səmərəli qurulmasına şərait yaradacaq. Avropa İttifaqı Şurasının Prezidenti qeyd edib ki, bu layihə yeni iqtisadi imkanların açılmasına, iş yerlərinin yaradılmasına və region ölkələrinin iqtisadi potensialının güclənməsinə töhfə verəcək.

Məlumdur ki, enerji strategiyasının yeni mərhələsi Azərbaycanın qlobal enerji xəritəsində rolunu daha da möhkəmləndirən Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə bağlıdır. Bu nəhəng və çoxşaxəli layihə Xəzər hövzəsində hasil olunan təbii qazın Avropa bazarlarına çatdırılmasını təmin edən mühüm enerji arteriyası kimi qiymətləndirilir. Müxtəlif ölkələri və infrastruktur xətlərini birləşdirən bu sistem təkcə iqtisadi layihə kimi yox, həm də Avrasiyanın enerji təhlükəsizliyində strateji əhəmiyyət daşıyan platforma kimi diqqət çəkir.

Dəhlizin əsas elementlərindən biri olan Cənubi Qafqaz Qaz Boru Kəməri Azərbaycan qazını Gürcüstan ərazisindən keçirməklə Türkiyə sərhədinədək çatdırır. Bu xətt Cənub Qaz Dəhlizinin ilkin halqasını təşkil edir və regionun enerji marşrutlarının formalaşmasında mühüm rol oynayır. Layihənin növbəti həlqəsi isə Trans-Anadolu Qaz Boru Kəməri – TANAP-dır. TANAP Azərbaycan qazını Gürcüstan sərhədindən başlayaraq Türkiyə ərazisi boyunca uzadaraq Yunanıstan sərhədinədək nəql edir və beləliklə, Avropaya uzanan enerji dəhlizinin mərkəzi hissəsini təşkil edir. Bu kəmər Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, Avropaya qaz nəqlinin əsas tranzit xətlərindən biri kimi strateji əhəmiyyət qazanıb.

TANAP-ın ilkin ötürmə gücü isə illik 16 milyard kubmetr müəyyənləşdirilib. Lakin layihənin perspektiv inkişafı daha böyük həcmlərin nəqlini nəzərdə tutur. Qeyd edək ki, 2026-cı il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Boru arzuları: gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada Prezident İlham Əliyev TANAP-ın ötürmə gücünün gələcək mərhələdə 31 milyard kubmetrə qədər artırılmasının planlaşdırıldığını diqqətə çatdırdı. Bu perspektiv plan regionda enerji əməkdaşlığının daha geniş miqyas alacağından xəbər verir.

Cənub Qaz Dəhlizinin Avropaya açılan qapısı isə Trans-Adriatik boru kəməri – TAP layihəsidir. 2020-ci il dekabrın 31-də istismara verilən bu kəmər Azərbaycan qazının birbaşa Avropa bazarına çatdırılmasını mümkün etdi. TAP-ın fəaliyyətə başlaması ilə Azərbaycanın enerji siyasətində yeni mərhələ başlandı. Bu hadisə Avropanın enerji təhlükəsizliyi arxitekturasında yeni geosiyasi reallıq formalaşdırdı.

Enerji sektorunda əldə olunan nəticələr rəsmi statistik göstəricilərdə də aydın şəkildə, əksini tapır. Son illərdə ölkədə qaz hasilatı nəzərəçarpacaq templə artıb. Əgər 2017-ci ildə Azərbaycanda təbii qaz hasilatı 28,6 milyard kubmetr təşkil edirdisə, 2025-ci ildə bu göstərici 51,5 milyard kubmetrə yüksəlib. Eyni dövrdə qaz ixracı da sürətlə genişlənib və 8,5 milyard kubmetrdən 25,2 milyard kubmetrə qədər artıb. Bu dinamikanın arxasında isə yeni ixrac marşrutlarının açılması, enerji infrastrukturunun gücləndirilməsi və uzunmüddətli beynəlxalq müqavilələrin imzalanması dayanır.

Hazırda ixrac edilən qazın 12,8 milyard kubmetri Avropa ölkələrinə, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya çatdırılır. Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. Bu siyahıda Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya kimi dövlətlər yer alır. Bu ölkələrin 13-ü Avropa qitəsində yerləşir və onların 10-u Avropa İttifaqının üzvüdür.

Son 5 ildə Avropaya nəql edilən Azərbaycan qazının ümumi həcmi 56 milyard kubmetri ötüb. Bu göstərici ölkəmizin Avropa İttifaqına qaz ixrac edən əsas tərəfdaşlardan biri kimi mövqeyini gücləndirib. Hazırda Azərbaycan qazı Mərkəzi və Şərqi Avropa ilə yanaşı, tədricən Qərbi Avropa bazarlarına da daxil olur. Bütün bunlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan və sistemli rol oynadığını aydın şəkildə nümayiş etdirir.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Avropa Şurasının Prezidentinin Azərbaycana səfəri ölkəmizin qlobal və regional siyasi mövqeyinin daha da gücləndiyini göstərən mühüm hadisə kimi qiymətləndirilir. Regionda baş verən proseslər və formalaşmaqda olan yeni geosiyasi reallıq fonunda Azərbaycan bir tərəfdən Cənubi Qafqazda təsirli regional güc kimi çıxış edir, digər tərəfdən isə Avropanın və bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.

Bu kontekstdə qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər də diqqət çəkir. Son dövrlərdə Avropa bazarlarında həm neftin, həm də təbii qazın qiymətlərində artım qeydə alınıb. Məlumatlara görə, təbii qazın qiyməti təxminən 50 faizə yaxın yüksəlib, neftin qiymətində isə təqribən 27 faizlik artım müşahidə olunub. Bu tendensiya Avropa ölkələrində enerji daşıyıcılarının bahalaşmasına, nəticə etibarilə isə iqtisadi proseslərə, xüsusilə inflyasiya meyillərinin güclənməsinə təsir göstərir.

Belə bir şəraitdə Azərbaycan ilə Avropa arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu tərəfdaşlıq təkcə ənənəvi enerji sahəsi ilə məhdudlaşmır, eyni zamanda, innovativ istiqamətləri də əhatə edir. Xüsusilə bərpaolunan enerji və “yaşıl enerji” sahəsində əməkdaşlığın genişləndirilməsi gündəmdə duran əsas məsələlərdən biri kimi diqqət çəkir.

Məhz bu kontekstdə Avropa Şurası Prezidentinin Bakıya səfəri və Azərbaycan Prezidenti ilə keçirilən görüş tərəflər arasında əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Görüşdən sonra mətbuata verilən bəyanatlarda da vurğulandığı kimi, tərəflər siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsində maraqlıdırlar.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Xüsusilə beynəlxalq yükdaşımalarının artması, Orta Dəhlizin daha fəal istifadəsi və Zəngəzur dəhlizinin perspektiv imkanları Azərbaycan ilə Avropa arasında iqtisadi əlaqələrin genişlənməsi üçün əlavə imkanlar yaradır. Bu marşrutlar Avropa ilə Asiya arasında yük daşımalarının daha sürətli və səmərəli təşkilinə xidmət edə bilər.

Bu proses Azərbaycanın iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Enerji sektorundan əldə olunan gəlirlərin artması dövlət büdcəsinin imkanlarını genişləndirir, ölkə iqtisadiyyatının dayanıqlılığını artırır və enerji sektorunun strukturunun daha da şaxələndirilməsi üçün yeni imkanlar yaradır.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat