İran–ABŞ–İsrail münaqişəsi və qlobal enerji bazarına təsirləri
Fevralın 28-dən etibarən Yaxın Şərqdə artan hərbi gərginlik dünya enerji bazarının diqqətini yenidən Hörmüz boğazına yönəldib. ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra Tehran boğaz boyunca gəmilərin hərəkətini ciddi şəkildə məhdudlaşdırıb. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəsmi bəyanatında bildirilir ki, boğazdan keçməyə cəhd edən hər hansı gəmi hədəf olacaq.
SEPAH həmçinin vurğulayıb ki, ABŞ və İsrail səfirlərini öz ərazilərindən çıxaracaq hər hansı ərəb və ya Avropa ölkəsinin gəmiləri ertəsi gün Hörmüz boğazından sərbəst keçid hüququ əldə edəcək.
Fars və Oman körfəzlərini birləşdirən bu strateji su yolu dünya enerji ticarətinin ən kritik marşrutlarından biridir. Boğazın şimalında İran, cənubunda isə Oman və BƏƏ yerləşir. İran və Oman arasında yerləşən Hörmüz boğazı, dünya üzrə dəniz yolu ilə daşınan xam neftin təxminən dörddə birini və mayeləşdirilmiş təbii qazın təxminən 20 faizini daşıyır. Bu səbəbdən, burada yaranan hər hansı gərginlik qlobal enerji bazarına dərhal təsir göstərir.
SEPAH boğazın bağlandığını elan etdikdən sonra qlobal bazarlarda dərhal təlatüm müşahidə olunub və neft qiymətləri yüksəlib. CNN öz mənbələrinə istinadla bildirir ki, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq strateji neft tranziti marşrutu boyunca onlarla mina yerləşdirməyə başlayıb. Bu da öz növbəsində dünya bazarlarında qeyri-sabitlik yaradır.
“JPMorgan Chase” tərəfindən yayımlanan analitik hesabat isə göstərir ki, Hörmüz boğazının bağlanması qlobal neft hasilatına ciddi təsir göstərə bilər. Hesabata əsasən, boğaz bağlanarsa, ilk günlərdə ixrac problemləri yaranacaq, daha sonra isə Körfəz ölkələrində hasilat məcburi şəkildə azaldılmağa başlanacaq. Proqnoza görə, 8-ci günə qədər qlobal hasilat gündəlik təxminən 3,3 milyon barel azalacaq, on beşinci gün 3,8 milyon barelə yüksələcək və on səkkizinci gün isə itki gündəlik 4,7 milyon barelə çatacaq.
Bu azalmanın əsas səbəbi logistik məhdudiyyətlərlə bağlıdır. Körfəz ölkələrinin böyük hissəsi nefti ixrac etmək üçün məhz Hörmüz boğazından istifadə edir. Tankerlər boğazdan çıxa bilmədikdə limanlardakı anbarlar dolur və istehsalçı ölkələr hasilatı məcburən azaldır. Xüsusilə İraq, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ enerji ixracının böyük hissəsini bu marşrutdan həyata keçirir.
Bu gərginlik istehsalçı ölkələrlə yanaşı, idxalçılara da təsir edir. Məsələn, Vyetnam Ticarət Nazirliyi yanacaq sərfiyyatını azaltmaq məqsədilə şirkətlərə əməkdaşların məsafədən işləməsinə icazə verməyi tövsiyə edib. Ölkə enerji resurslarının böyük hissəsini Yaxın Şərqdən idxal etdiyi üçün yaranan fasilələr onun üçün ciddi problem yaradır. Banqladeş isə yanacaq satışına limitlər tətbiq edib: motosikletlər üçün gündə 2 litr, minik avtomobilləri üçün 10 litr yanacaqla məhdudlaşdırılıb və əvvəlki qəbzlərin təqdim edilməsi şərti qoyulub.
Aviaşirkətlər də bu gərginlikdən təsirlənib. “Qantas Airways”, SAS, “Air New Zealand” və digər aviaşirkətlər Yaxın Şərqdəki münaqişə səbəbindən yanacaq xərclərini qarşılamaq üçün bilet qiymətlərinə əlavə haqq qoyublar və uçuş cədvəllərini dəyişdiriblər.
Beynəlxalq səviyyədə reaksiya da gecikməyib. Martın 9-da G7 ölkələri, bir barel neftin qiymətinin 119 dollara qalxması fonunda, ehtiyatlardan istifadə etməyə hazır olduqlarını açıqlayıb. Lakin ekspertlər qeyd edir ki, hazırkı tədarük şoku 1950-ci illərdə baş verən Süveyş böhranı ilə müqayisədə daha böyükdür və strateji ehtiyatlardan istifadə uzun müddət bazarı sabitləşdirə bilməz.
Analitiklər vurğulayır ki, İranın boğazı uzun müddət tam blokadada saxlaması həm riskli, həm də iqtisadi baxımdan məhdudlaşdırıcı addımdır. Belə bir blokada digər ölkələrə deyil, İranın öz maraqlarına da ciddi zərbə vurur. Eyni zamanda, regionda yerləşən beynəlxalq hərbi qüvvələrin müdaxilə ehtimalı bu addımın uzun müddət davam etdirilməsini çətinləşdirir.
Hörmüz boğazı dünyanın enerji sistemində strateji nöqtə kimi qalır və İranın hərbi addımları, minalama iddiaları, ABŞ-ın sərt hədələri və geosiyasi gərginlik bu su yolunu qlobal enerji təhlükəsizliyi baxımından kritik məkana çevirib. Hər iki tərəfin atacağı addımlar gələcəkdə neft tədarükünə, qiymətlərə və beynəlxalq siyasətə ciddi şəkildə təsir edə bilər.
Hörmüz boğazı dünya neft ticarətinin təxminən beşdə birini təşkil etdiyindən, buradakı hər hansı gərginlik qlobal bazarlarda dərhal qiymət dəyişikliklərinə və iqtisadi təsirlərə səbəb olur. Bu vəziyyət həm də beynəlxalq münasibətlərdə yeni strateji qərarların qəbuluna təkan verir. İranın hərbi addımları, ABŞ və İsrailin cavabları, minalama iddiaları və strateji ehtiyatların istifadəsi qlobal enerji bazarını hər an gərgin vəziyyətdə saxlayır və bazar iştirakçılarını gələcəkdə potensial risklərə hazırlıqlı olmağa məcbur edir.
K.XALİD,
iqtisadçı-ekspert
Müharibələrin iqtisadi təsirləri, xüsusilə enerji bazarında adətən daha kəskin və sürətli şəkildə özünü göstərir. Yəni müharibənin enerji sektoruna təsiri hiss olunan kimi neft və qaz bazarlarında dərhal ciddi dalğalanmalar yaranır.
Belə dövrlərdə bazarda yüksək volatillik müşahidə olunur, qiymətlər qısa zaman ərzində kəskin şəkildə həm yüksəlir, həm də enir. Məsələn, bir neçə gün əvvəl günün əvvəlində neftin qiyməti təxminən 30 faiz artmışdı, günün sonunda isə 6 faiz geriləmişdi. Başqa sözlə, gün ərzində qiymətlərdə 35–36 faiz civarında dalğalanma baş vermişdi. Bu səviyyədə volatillik uzun müddət ərzində bazarda müşahidə olunmurdu. Yayılan xəbərlər və informasiyalar da bazara ciddi təsir göstərir.
Bu proseslərin davamlı olub-olmayacağı isə müharibənin nə qədər sürəcəyindən asılıdır. Əgər münaqişə qısa müddətdə başa çatarsa, onun enerji bazarına təsiri kəskin olsa belə, təsirin müddəti uzun çəkməyə bilər.
Digər tərəfdən, müharibənin yaratdığı təsirlər yalnız onun müddəti ilə məhdudlaşmır. Münaqişə zamanı enerji infrastrukturuna vurulan zərbələr də bazara ciddi təsir göstərir. Məsələn, İranın neft sənayesinə zərbələrin endirilməsi, eləcə də regiondakı digər ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin enerji infrastrukturuna yönələn hücumlar qlobal enerji bazarında əlavə risklər yaradır.
Bu müharibənin enerji infrastrukturuna vurduğu fiziki zərərin miqyası da qeyd etdiyiniz suala cavab baxımından mühüm rol oynayır. Hazırda müxtəlif xəbərlər eşidirik, müəyyən partlayışların və hücumların baş verdiyi bildirilir. Lakin indiki mərhələdə bu hadisələr hələ genişmiqyaslı xarakter daşımır. Yəni həm körfəz regionunda, həm də İranda enerji infrastrukturuna böyük və sistemli zərbələrin endirildiyini demək çətindir.
Başqa sözlə, 2 əsas amil həlledici rol oynayır: münaqişənin nə qədər davam edəcəyi və enerji infrastrukturuna vurulan fiziki ziyanın miqyası. Əgər müharibə qısa müddətdə başa çatsa və neft hasilatı sahələrinə, emal müəssisələrinə, eləcə də neft platformalarına ciddi zərər dəyməsə, bu halda bazarda yaranan gərginlik də nisbətən tez aradan qalxa bilər.
Lakin münaqişə uzun müddət davam edərsə və neft zavodlarına, hasilat obyektlərinə və digər enerji infrastrukturuna ciddi ziyan vurularsa, bu prosesin qlobal neft bazarına təsiri də daha uzun müddət hiss oluna bilər.
Musa BAĞIRLI
XQ

