Türkiyənin İstanbul şəhərində Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyası keçirilib.
Sessiyada çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizin neft və təbii qaz təchizatçısı kimi strateji rolunun müasir reallıqlarda davam etdirilməsindən bəhs edib. Nazir Türkiyə ilə birgə reallaşdırılmış layihələrin töhfələrinin artırılması və cari ildə bu ölkəyə, təxminən, 10 milyard kubmetr qaz tədarükünün planlaşdırılması kimi məqamları diqqətə çatdırıb.
Qeyd olunub ki, Türkiyə bizim üçün yalnız istehlakçı deyil, həm də tranzit ölkəsi kimi böyük əhəmiyyətə malikdir. Bu marşrut vasitəsilə Azərbaycanın enerji resurslarını Avropa ölkələrinə nəql edildiyini bildirən P.Şahbazov, həmçinin vurğulayıb ki, karbohidrogenlərə qarşı siyasət qlobal enerji sistemində qaz sektoruna investisiyaların azalmasına, enerji resurslarının bazarlara çatdırılmasını təmin edəcək
infrastrukturların çatışmazlığına yol açmaqla qaz təchizatı planlarının reallaşdırılmasına mane olur. O deyib: “Enerji mənbələrinə siyasi və ideoloji prizmadan yanaşmaq əvəzinə, real enerji strategiyalarının necə inkişaf etdiriləcəyi məsələsinə fokuslanmaq vacibdir. Çünki dünyada əhali, enerji tələbatı artır və gələcəkdə enerjini israf etmək lüksümüz olmayacaq. Məhz buna görə də biz hazırda mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyən etmişik. Bir sıra regional layihələrə start vermişik və bu layihələr reallaşarsa, enerji təhlükəsizliyi və ətraf mühitə müsbət töhfə verəcək.”
O da vuğulanıb ki, əgər Avropa böyük qaz tədarükü istəyirsə, bu istiqamətdə uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir. Əks halda qaz hasilatına böyük sərmayə yatırmaq onu son təyinat nöqtəsinə çatdırmaq və bazarda satmaq üçün zəmanət olmadıqda riskli ola bilər.
“Yaşıl enerji” interkonnektorlarına gəlincə isə Azərbaycanın bu istiqamətdə Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq etdiyini diqqətə çatdıran nazirin sözlərinə görə, gələcəyin enerji layihələri təkcə regionları əlaqələndirməyəcək, həm enerji, həm də iqlim təhlükəsizliyinə xidmət edəcək.
Qeyd edək ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə İraq, Misir, Liviya, Bolqarıstan, Rumıniya və Moldova nazirləri də iştirak ediblər.