Qarşıdan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının bir əsrlik yubileyi gəlir. Bu böyük bilik məbədinin direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovla söhbətimiz də elə bu barədədir.
– Hüseyn müəllim, Mərkəzi Elmi Kitabxana Azərbaycanın sayılıb-seçilən kitabxanalarından biridir. Burada milli və dünya əhəmiyyətli zəngin fond toplanıb. İstərdim ki, Mərkəzi Elmi Kitabxananın dünəni, bugünü və perspektivləri barədə məlumat verəsiniz.
– Əvvəla xatırladım ki, bu il Mərkəzi Elmi Kitabxananın 100 yaşı, həm də akademiyamızın 80 illiyi qeyd olunur. Məlumdur ki, Mərkəzi Elmi Kitabxana ilk olaraq biblioqrafiya bürosu kimi 1923-cü ildə “Tətbiq və Tədqiqat” cəmiyyətinin tərkibində yaradılmışdır. Lakin 1925-ci ildən etibarən artıq bu büro “Kitabxana” statusunu almış və o vaxtdan etibarən kitabxana kimi fəaliyyət göstərməyə başlamışdır. O zaman kitab fondumuz cəmi 450-yə yaxın idi. Hazırda isə 1,5 milyon nüsxəyə yaxındır.
Kitabxanamız ən böyük elmi ədəbiyyat məbədidir. Nəşrlər Azərbaycan dilində ədəbiyyat, xarici dillərdə ədəbiyyat, Qarabağ müharibəsi qəhrəmanları, nadir kitablar və digər fondlarda saxlanılır. Bundan əlavə, dövlətçiliklə bağlı materiallar Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində toplanır. Müxtəlif sahələri əhatə edən bu ədəbiyyatlar oxucuların istifadəsinə açıqdır.
Ötən illər ərzində kitabxanamız böyük inkişaf yolu keçib. Bilirsiniz ki, hazırda əyləşdiyimiz bu bina möhtərəm Prezidentimizin iştirakı ilə 2014-cü ildə istifadəyə verilib. Burada oxucular üçün müasir şərait yaradılıb və hazırda kitabxanamızda elektronlaşma istiqamətində çox sürətli işlər həyata keçirilir. Düşünürəm ki, bu sahədə yaxın gələcəkdə oxucularımız üçün sevindirici yeniliklər olacaq.
Fəaliyyətimiz yalnız oxuculara xidmətlə məhdudlaşmır. Digər önəmli fəaliyyət sahələrimiz də var. Belə ki, AMEA Rəyasət Heyətinin qərarı ilə görkəmli alimlərimizin biblioqrafiyalarının hazırlanması və nəşri Mərkəzi Elmi Kitabxanaya tapşırılıb. Təkcə 2024-cü ildə 25 adda belə biblioqrafiya hazırlanıb. Bundan başqa, əməkdaşlarımızın bir neçə şəxsi kitabı da çap olunub.
– Buranın gözəl interyeri, rahatlığı var. Mənə elə gəlir ki, bir oxucu üçün vacib şərtlərdən biri də kitabxanada özünü rahat hiss etmək və burada oxumağa həvəsli olmaqdır. Bəs, oxucu axını ilə bağlı vəziyyət necədir? Bilirik ki, bu gün ölkəmizdə mütaliə səviyyəsi, xüsusilə, gənclər arasında, əvvəlki dövrlərlə müqayisədə o qədər də yüksək deyil...
– Düzü, mən də bu göstəriciləri müsbət qiymətləndirmirəm. Kitabxanaya marağın artırılması, xüsusən, gənclər arasında mütaliə mədəniyyətinin təşviqi üçün hələ görüləsi çox iş var. Biz də müxtəlif tədbirlərlə oxucu cəlbinə nail olmağa çalışırıq. Onu da qeyd etmək lazımdır ki, son vaxtlar müsbət bir inkişaf tendensiyası yaranıb. Kitabxanamızda oxucu sayı tam qənaətbəxş olmasa da, bu sahədə müəyyən artım müşahidə edilir.
Siz düzgün vurğuladınız ki, ümumilikdə, cəmiyyətimizdə kitab oxumağa maraq azalıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Sosial şəbəkələrin təsiri, elektronikanın inkişafı və texnologiyaya meyil bu marağın azalmasında mühüm rol oynayır. Amma biz də bu dəyişikliklərə uyğunlaşmağa çalışırıq. Əgər oxucular artıq ənənəvi formada kitab oxumaq istəmirlərsə, o zaman biz də elektron kitabxana formatını inkişaf etdirməliyik. Mən deyərdim ki, bu sahədə müəyyən irəliləyiş var. Elektron resurs bazamız daim yenilənir və tədqiqatçılar üçün onlayn rejimdə əlçatandır. Yəni burada həm humanitar, həm də təbiət və dəqiq elmlərin hər birindən ixtisas fondlarımız mövcuddur. 2024-cü ilin sentyabrın 25-i Mərkəzi Elmi Kitabxana tərəfindən ictimaiyyət üçün “Elektron Kitabxana” platforması təqdim olundu. Bu, çox ciddi bir layihədir və biz artıq bu ildən öhdəlik götürmüşük ki, AMEA-nın tabeliyində olan bütün kitabxanaları mərhələli şəkildə elektronlaşdıracağıq. Bu istiqamətdə artıq praktik fəaliyyətə başlamışıq. İlkin mərhələdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu seçilib və həmin institutların kitabxanalarının elektronlaşdırılması prosesi start götürüb. Bu, çox vacib bir mərhələdir, çünki elmi biliklərin sürətli ötürülməsi və informasiya mübadiləsi günün əsas tələblərindəndir.
Oxucular üçün daha əlçatan və rahat kitabxana mühiti yaratmaqla yanaşı, elmi tədqiqatlara da yeni nəfəs gətiriləcək. Bir yenilik də budur ki, bizdə artıq kitab sifarişləri saat 16:30-a qədər deyil, saat 20:00-a qədər qəbul olunur. Bu da oxucular üçün daha əlverişli şərait yaradır və onların kitabxanaya gəlmək istəyini artırır. Bundan əlavə, bildiyimiz kimi, bizim kitabxana ödənişli əsaslarla fəaliyyət göstərir. Lakin AMEA əməkdaşları, təqaüdçülər, qazilər və şəhid ailələri üçün bu xidmətlər tamamilə ödənişsizdir. Bununla yanaşı, artıq 1 ildir ki, hər ayın ilk iki iş günü “Açıq qapı” günləri keçiririk. Həmin günlərdə kitabxanadan istifadə hamı üçün tam ödənişsizdir. Bu cür təşəbbüslər də oxucu sayının artmasına müsbət təsir göstərir. Məqsədimiz kitabxana xidmətlərini maksimum əlçatan etməkdir.
– Ümumiyyətlə, Mərkəzi Elmi Kitabxana elmi resurslar fondunu hansı prinsiplə genişləndirir?
– Qeyd etdiyim kimi, Mərkəzi Elmi Kitabxanada elmin bütün sahələri üzrə nəşrlər var. Buraya təbiət elmləri, texniki elmlər, humanitar və ictimai elmlər, tibb, kənd təsərrüfatı və digər istiqamətlər daxildir. Artıq biz kitab alışını planlaşdırarkən tələbələrin üstünlük verdiyi sahələri nəzərə alırıq. Yəni hansı sahəyə tələbat çoxdursa, həmin istiqamətdə kitabların daha çox alınmasına üstünlük verilir. Bunun üçün xidmət şöbəmizdə xüsusi anketlər var. Əgər hansısa nəşr kitabxanamızda yoxdursa, şöbə həmin sorğunu qeydiyyata alır. Bu məlumatlar sistemli şəkildə toplanır və kitab alışı zamanı oxucuların arzularına uyğun seçimlər edilir.
Bu yaxınlarda bizim metodik şöbənin təşəbbüsü ilə AMEA-nın tabeliyində olan kitabxanaların əməkdaşları üçün təlimlər təşkil olundu. Hətta Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kitabxanasından da müraciət oldu və onlar da təlimlərdə iştirak etdilər. Bu da onu göstərir ki, kitabxanalararası əməkdaşlıq getdikcə genişlənir.
– Mərkəzi Elmi Kitabxananın beynəlxalq elmi bazalara çıxış imkanları hansı səviyyədədir?
– Kitabxanamızın xarici elmi bazalara çıxışı əvvəllər, demək olar ki, yox səviyyəsində idi. Amma bu sahədə də ciddi dönüş baş verib. Xüsusilə qeyd etdiyim kimi, 2024-cü ilin sentyabr ayında “Elektron Kitabxana” layihəsinin təqdimatı zamanı artıq dünyanın 84 kitabxanasına birbaşa keçid imkanı yaradılmışdı. Oxucularımız kitabxananın elektron zallarında oturaraq həmin xarici elmi resurslardan istifadə edə bilirlər. Daha bir sevindirici hal odur ki, bu gün həmin rəqəm 300-ə yaxınlaşıb. Yəni dünyanın 300-dən çox elmi kitabxanasına, universitet və akademik resurslara birbaşa giriş imkanı mövcuddur. Bu sırada yalnız xarici resurslar deyil, ölkəmizdəki aparıcı ali təhsil müəssisələrinin, məsələn, ADA Universiteti, Bakı Dövlət Universiteti və digərlərinin kitabxanaları da bu sistemə inteqrasiya olunub.
– Süni intellekt bu gün elmin bir çox sahələrində tətbiq olunur və artıq geniş yayılıb. Kitabxanaçılıq və biblioqrafiya sahəsində necə, bu imkanlardan istifadə olunurmu?
– Hələlik, bizdə bu texnologiyalar birbaşa tətbiq olunmur. Elektronlaşma prosesi hələ yenicə başlayıb və bu sahədə bir sıra texniki yenilənmələr, o cümlədən server sisteminin yenilənməsi həyata keçirilir. Lakin bu o demək deyil ki, süni intellekt imkanları nəzərə alınmır. Əksinə, bu sahədə konkret planlarımız var və düşünürəm ki, yaxın gələcəkdə süni intellekt əsaslı texnologiyaların tətbiqinə də başlanacaq. Bu, həm axtarış sistemlərinin təkmilləşməsi, həm oxucu davranışlarının analizi, həm də biblioqrafik məlumatların avtomatlaşdırılması baxımından çox faydalı olacaq.
– Digər yeniliklər nədən ibarətdir?
– Məsələn, biz Mərkəzi Elmi Kitabxana olaraq yeni bir layihəyə start vermişik – “İnklüziv Kitabxana” layihəsinə. Bu çərçivədə artıq səsləndirilmiş kitablar hazırlanır. Könüllülərin iştirakı ilə “Səsli kitablar” adlı layihə də həyata keçirilir. Diksiya uyğunluğu baxımından seçilmiş könüllülər müəyyən kitabları səsləndirir və bu kitablar sayta yerləşdiriləcək. Yaxın vaxtlarda görmə imkanları məhdud olan oxucularımız sayt üzərindən həmin kitabları rahatlıqla dinləyə biləcəklər. Əslində, bu təkcə onlar üçün deyil. Elə insanlar da var ki, işə gedərkən, uzun yol gedərkən oxumağa vaxtı olmur – bu halda kitabları audioversiyada dinləmək böyük rahatlıq gətirəcək. Nəticə olaraq, biz kitabı oxucuya yaxınlaşdırmalıyıq. Həm fiziki, həm də virtual şəkildə. Oxucunu gözləmək yox, ona doğru getmək dövrüdür artıq.
Eyni zamanda, biz Mərkəzi Elmi Kitabxana olaraq, fəaliyyətimizi zamanın çağırışlarına sürətlə uyğunlaşdırmaq üçün dünyanın müxtəlif ölkələrindən qonaqları qəbul edir, təcrübə mübadilələri aparırıq. Baxın, əyləşdiyimiz bu zalda “Diplomatik guşə” adlandırdığımız xüsusi bölmə mövcuddur. Burada 40-a yaxın ölkə əhatə olunub. Ən sonuncu guşəmizi Şimali Kipr Türk Cümhuriyyətinə həsr etmişik. Həmin guşənin açılışı AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Şimali Kipr Türk Cümhuriyyətinin səfiri və təhsil nazirinin iştirakı ilə həyata keçirilib.
– Bu yaxınlarda Nobel mükafatı laureatı Əziz Sancar da kitabxananın qonağı olub...
– Bəli, Əziz Sancar akademiyamızın rəhbəri İsa müəllimin dəvətilə Azərbaycana bir həftəlik səfərə gəlmişdi. AMEA-da bununla bağlı xüsusi tədbir keçirildi, eyni zamanda, dünya şöhrətli alim fəxri üzv seçildi. Çox sevindirici haldır ki, Əziz Sancar kitabxanamızı da ziyarət edərək yaxından tanış oldu. Ən çox Qarabağ müharibəsi qəhrəmanları fondundan təsirləndi. Öz istəyilə həmin fondun qarşısında şəkil də çəkdirdi.
– Sizə 100 illik yubiley ilində və sonrakı dövrdə daha böyük uğurlar diləyirik!
– Çox sağ olun!
Müsahibəni qələmə aldı:
Anar TURAN
XQ