Bu gün Qazaxın Ürkməzli kəndində, bir evin pəncərəsinə günəş başqa cür düşür. Bu gün bir ananın qapısında övlad səsi əksikdir… Bu gün 27 avqust şəhid İlkin Şükürovun doğum günüdür.
Əgər yaşasaydı… Bu gün igid Vətən oğlunun 30 yaşı tamam olacaqdı…
Ancaq o, yaşamaq əvəzinə yaşadan oldu. O, ailəsindən, gəncliyindən, arzularından keçərək vətənini yaşatmaq üçün canını verdi. İkinci Qarabağ müharibəsinin od-alovunun içində - Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Vətən sağ olsun dedi və bu dedikləri ilə əbədiyyətə qovuşdu.
İlkin Şükürov 1995-ci ilin avqustunda Qazaxın sərhəddəki Ürkməzli kəndində doğulmuşdu. Məktəbi də orada oxumuşdu. Sadə, səssiz bir kənd uşağı idi, amma içində vulkan kimi bir Vətən sevgisi vardı. Hərbi xidmətə çağırıldı, sonra isə Silahlı Qüvvələrdə gizir kimi xidmətini davam etdirdi və bir gün… tarix onu səhnəyə çağırdı. 2020-ci ilin oktyabrında müharibənin ən qaynar nöqtələrindən birində – Füzuli uğrunda döyüşlərdə şəhid oldu.
Şəhidliyi ilə bir millətin yaddaşına yazıldı. İlkin təkcə döyüş meydanında deyil, hər bir azərbaycanlının qəlbində qələbə qazandı.
Məkanı cənnət olan qəhrəman gizirimiz ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olundu. Qazax şəhərindəki adsız küçələrdən birinə onun adı verildi. Doğulduğu kənddə isə adına bulaq inşa olundu – sərin suyu ilə yadını diri saxlayan, adını əbədiləşdirən bir bulaq…
Bu gün onun doğum günüdür. Amma o, bu günü yaşamaq üçün deyil, yaşatmaq üçün gedib. Onun yerinə bu torpaqda doğulan uşaqlar nəfəs alır, bayrağımız Xankəndidə, Şuşada, Xocalıda dalğalanır. İlkin bu doğum gününü yer üzündə deyil, şəhid yoldaşları ilə birlikdə səmanın ən uca qatında qeyd edir. Bəlkə də indi göylərdə qürurla boylanır , “Mən öz borcumu verdim” – deyə.
İlkinin adı və xatirəsi bu xalqın, bu torpağın, bu bayrağın yaddaşında sonsuza qədər yaşayacaq.
Ruhun şad olsun, Şəhidim!
Hamlet Qasınov
XQ-nin bölgə müxbiri
Qazax