Qarabağın sənaye parklarına yeni müəssisələr qoşulur

post-img

Bu il Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında dekorativ daşların, tütün məmulatlarının, müxtəlif yapışqan lentlərin və s. istehsalı müəssisələrinin fəaliyyətə başlaması planlaşdırılır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu iki sənaye parkında, ümumilikdə, 45 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, görülən işlərə 150 milyon manatdan çox investisiya yatırılıb, 740 nəfərdən artıq daimi iş yeri yaradılıb.

Hazırda sözügedən sənaye zonalarında 11 müəssisə fəaliyyət göstərir. 2024-cü ilin sentyabrın sonlarından 2025-ci ilin I rübünün sonuna qədər bu müəssisələrdə 87 milyon manatlıq məhsul istehsal edilib. Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, ümumilikdə, 10-dan çox müəssisənin tikintisi davam etdirilir, 20-dən çox müəssisədə isə layihələndirmə işləri görülür.

Məlumatda daha sonra İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyindəki “Desen MM” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verildiyi qeyd edilib. Yeni qeydiyyata alınan rezidentin sənaye parkının ərazisində investisiya dəyəri 1,9 milyon manat olacaq boya fırçası və boya rulosu istehsal sahəsinin yaradılacağı da nəzərdə tutulub. Türkiyə və Çinin qabaqcıl texnologiyalarının tətbiq olunacağı müəssisədə buraxılan məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı da planlaşdırılıb.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Xatırladaq ki, 190 hektar ərazini əhatə edən müasir sənaye kompleksi olan Ağdam Sənaye Parkı ölkə Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın ərazisində elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat və digər zəruri infrastruktur obyektləri mövcuddur. Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Azərbaycanda ikinci ən böyük sənaye parkıdır.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda yerləşən bu park 200 hektar ərazini əhatə edir. Parkın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişini təmin etmək, sahibkarlığı dəstəkləmək və regionun sənaye potensialını inkişaf etdirməkdir.

 

İqtisadiyyat