Qarabağ və Şərqi Zəngəzura kredit qoyuluşu çoxalıb

post-img

Bu il iyulun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 726 min manat və ya 6,5 faiz artaraq 11 milyon 814 min manata çatıb.

Mərkəzi Bankdan verilən məlumatına görə, hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 17,55 faiz təşkil edib. Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 11 milyon 117 min manatı milli valyutada, 697 min manatı isə sərbəst dönərli valyutada yerləşdirilib. Eyni zamanda, cari il iyulun 1-nə Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 500 milyon 26 min manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4 milyon 72 min manat və ya 0,8 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 52 milyon 812 min manat və ya 11,8 faiz çoxdur.

Məlumata əsasən, hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,58 faizə bərabər olub. Dövr ərzində regiona qoyulmuş kreditlərin 498 milyon 761 min manatı milli valyutada, 1 milyon 265 min manatı isə sərbəst dönərli valyutada yerləşdirilib. Qeyd edək ki, 2025-ci ilin iyulun 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 86 milyon manat və ya 0,3 faiz azalıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3 milyard 43 milyon manat və ya 12 faiz artaraq 28 milyard 472 milyon manata bərabər olub.

 

İqtisadiyyat