Bu yaxınlarda oxuculara təqdim olunmuş “İctimaiyyətlə əlaqələrin əsasları” adlı tədris vəsaiti sahənin nəzəri və praktik tərəflərini əhatə edən fundamental mənbədir. Müxtəlif qurumlarda çalışan 10-dan artıq müəllifin birgə əməyinin nəticəsi olan kitabda ictimaiyyətlə əlaqələrin tarixi inkişaf mərhələləri, nəzəri yanaşmalar və prinsiplər ətraflı şəkildə təqdim edilib.
Kitabda dövlət və özəl sektorda auditoriyalarla münasibətlərin təşkili, strateji yanaşmaların işlənməsi, planların və proqramların hazırlanması, böhranlı situasiyalarda idarəetmə yolları xüsusi diqqətlə işlənib. Bununla yanaşı, müasir dövrün tələbləri əsasında sosial medianın imkanları, mətbuatla əməkdaşlıq istiqamətləri, yeni kommunikasiya tendensiyaları, rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi geniş şərh olunub.
Müasir kommunikasiya alətlərinə dair fəsillərdə sosial media platformalarının rolu, rəqəmsal texnologiyaların tətbiqi və süni intellektin kommunikasiya proseslərinə təsiri geniş əksini tapıb. Bu məzmun tələbələrin çağırışlara uyğun peşəkar bacarıqlar qazanmasına və sahə mütəxəssislərinin iş praktikasının zənginləşməsinə yardımçı olacaq.
Ümumilikdə, doqquz fəsildən ibarət vəsait nəzəri yanaşmalarla bərabər, praktik nümunələri də özündə birləşdirir. Ali məktəblərdə jurnalistika, kommunikasiya və idarəetmə ixtisaslarında təhsil alan tələbələr üçün nəzərdə tutulmuş kitab həm də ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərən mütəxəssislərin gündəlik işində faydalı ola biləcək mənbə xarakteri daşıyır.
Yeni dərs vəsaiti ölkədə bu istiqamətdə aparılan elmi-tədris işlərinin genişlənməsinə, gələcək peşəkarların hazırlığına və praktik biliklərin zənginləşdirilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaiti həm də elektron formada oxuculara təqdim edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Bakı Dövlət Universitetinin birgə təşəbbüsü çərçivəsində hazırlanmış bu kitab Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr edilib.
XQ