AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC Qazaxıstanda keçirilən “New Silk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində “Avrasiya məkanında dəmiryol infrastrukturunun inkişafı” adlı panel müzakirələrində iştirak edib.
XQ xəbər verir ki, Orta Dəhliz, limanlar və dəmir yollarının inteqrasiyası, texnoloji modernləşdirmə kimi mövzuları əhatə edən müzakirələr zamanı Azərbaycanın artıq beynəlxalq nəqliyyat layihələrində sadəcə iştirakçı deyil, həm də regionda aparıcı mövqe sahibi kimi çıxış etdiyi bildirilib.
Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca darboğazların aradan qaldırılması haqqında Yol Xəritəsini imzalayıblar.
Sənədə əsasən, darboğazların aradan qaldırılması üçün infrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərinin yenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcə də Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanın gücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davam etdirilməsi və artan yük həcmlərinə hazır olmaq prioritet istiqamətlər kimi müəyyən edilib.
Həmçinin AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC, “Gürcüstan Dəmir Yolları” SC və Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin rəhbərləri “Bakı – Tbilisi – Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalayıblar.