“Biləsuvar” GES-də günəş panelləri quraşdırılır

post-img

Biləsuvar rayonunda inşa edilən 445 meqavatlıq günəş elektrik stansiyasında ilk panel quraşdırılıb. 

Bu münasibətlə keçirilən mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “Azərenerji” ASC-nin sədr müavini Rüstəm Qasımov, “Masdar” şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli, Dövlət Neft Şirkətinin vitse-prezidenti Əfqan İsayev və “SOCAR Green”nin baş direktoru Elmir Musayev iştirak ediblər. 

Çıxışlarda bildirilib ki, Azərbaycanın bərpaolunan enerji hədəflərinə uyğun olaraq həyata keçirilən “Biləsuvar” Günəş Elektrik Stansiyası layihəsinin enerji keçidi və ətraf mühitin qorunmasında əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, həm istehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyası baxımından regio­nun ən böyük günəş enerji layihələrindən biri olacaq. 

Mərasimdə iştirak edən rəsmi şəxslər və qonaqlar simvolik olaraq günəş panellərini imzalayıblar. Daha sonra onların iştirakı ilə ilk panel quraşdırılıb. Ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8 min 131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. 

İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın gələn il istismara verilməsi planlaşdırılır.

XQ

 

İqtisadiyyat