Gürcüstanın Qara dəniz limanlarından Bakı istiqamətində blok qatarları göndəriləcək. Bu barədə “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətindən bildirilib. Qurumun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Almatıda imzaladığı qarşılıqlı razılaşmaya əsasən, yük sahiblərinə sadələşdirilmiş xidmət təqdim olunacaq.
Batumi-Poti-Tbilisi-Abşeron-Sumqayıt-Ələt marşrutu üzrə hərəkət edəcək blok–qatarlar Qara dəniz limanlarını Azərbaycanın ən böyük terminalları ilə birləşdirəcək. Qatarların hərəkəti isə öncədən müəyyən edilmiş qrafik üzrə tənzimlənəcək. Yük sahibləri konteynerləri Poti limanından Bakıya ən qısa müddətdə daşıya biləcəklər. Onlar öz konteynerinin Bakıya gəlməsinin nə qədər vaxt çəkəcəyini və boş konteynerin geri qayıtmasının nə qədər vaxt aparacağını da əvvəlcədən biləcəklər.
“Gürcüstan Dəmir Yolları”nın baş direktoru Laşa Abaşidze bildirib ki, yeni xidmətlə yük sahibləri vaxtdan əlavə xərclərə əhəmiyyətli dərəcədə qənaət edəcəklər: “Yüklərin və boş konteynerlərin terminallarda saxlanması gündəlik ödəniş tələb edir. Məqsədimiz odur ki, şirkət mümkün qədər çox yük daşısın və nəticədə “Gürcüstan Dəmir Yolları”nın gəlirləri artsın”.
XQ