TDT nazirlərinin Bakı toplantısı

post-img

Qəbələ Zirvəsinin qərarları icraya yönəldilir

Dünən Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin ikinci iclası keçirilib. Toplantıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, TDT Baş katibi Kumanıçbek Ömüraliyev, Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov, Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır və digər rəsmi nümayəndələr iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə TDT-nin mühüm nəticələrə nail olacağına əminliyini vurğulayıb. Bu ayın əvvəlində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının 12-ci sammiti keçirildiyi və Azərbaycanın növbəti il üçün təşkilata sədr qəbul edildiyini xatırladan nazir qarşıdakı dövrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi sayəsində mühüm nəticələr əldə ediləcəyini diqqətə çatdırıb.

Qeyd olunub ki, son illər TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir ki, bu da ölkələrimizin iqtisadiyyatına əhəmiyyətli töhfə verir. Nazir Azərbaycanın bütün TDT üzv dövlətləri ilə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, cari ilin 9 ayında Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsinin artım dinamikası davam edib. Dövlət başçılarının bu müsbət tendensiyanı daha da gücləndirməyi hədəflədiklərini vurğulayan M.Cabbarov bildirib ki, bu kontekstdə Azərbaycan türk dövlətləri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin sadələşdirilməsi istiqamətində mühüm addımlar atır.

Nazir daha sonra qeyd edib ki, qəbul edilmiş Qəbələ Bəyannaməsində dayanıqlı və rəqəmsal texnologiyaların inkişafı, eləcə də innovasiyaların iştirakçı ölkələrin sənaye strategiyalarına inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib. Bu isə türk dövlətlərinin iqtisadi inkişafının innovativ əsasını gücləndirmək baxımından mühüm addımdır.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev isə öz növbəsində qeyd edib ki, qurumun 2025–2026-cı illər üçün yenilənmiş Fəaliyyət Planı türk dövlətlərinin texnoloji inteqrasiyasının əsasını formalaşdırır. Onun sözlərinə görə, bu sənəd üzv ölkələr arasında süni intellekt, rəqəmsal və “yaşıl” texnologiyalar, standartlaşdırma, kosmik tədqiqatlar sahəsində əməkdaşlığı, həmçinin kiçik və orta biznesin dəstəklənməsini gücləndirməyə yönəlib.

Baş katib daha sonra deyib ki, nazirlər səviyyəsində görüş 12-ci TDT Sammitinin Qəbələdə uğurla baş tutmasından sonra keçirilir və türk dövlətlərinin strateji tərəfdaşlıqdan texnoloji inteqrasiyaya doğru mühüm addımını təşkil edir. Ötən il İstanbulda keçirilən ilk görüşdən bəri sənaye, elm, texnologiya və innovasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayan K.Ömüraliyev əldə olunan nəticələr arasında 2024-cü il Fəaliyyət Planının icrasında işçi qrupların və alt qrupların irəliləyişi, süni intellekt və rəqəmsal transformasiya sahəsində təcrübə mübadiləsi, Türkiyə və İstanbulda “Technofest”, Özbəkistanda isə “Innoweek” kimi beynəlxalq texnologiya festivalları vasitəsilə innovativ ekosistemin inkişafının yer aldığını diqqətə çatdırıb.

İclasın yekununda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev birgə bəyannamə imza atıblar.

 

İqtisadiyyat