Dinamik inkişaf edən Bakı–Pekin əməkdaşlığı

post-img

1 ildə ölkəmizdən Çinə ixrac 5,5 dəfə artıb

Bu ilin yanvar–oktyabr aylarında Çindən Azərbaycana 3 milyard 735 milyon 212 min ABŞ dolları dəyərində məhsul idxal olunub. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Çin 19,43 faiz göstərici ilə idxalda lider ölkədir. Ötən ilin eyni dövründə Çindən ölkəyə idxal 3 milyard 1 milyon 210 min dollar olmuşdu. Bir il ərzində idxalın 734 milyon dollar artması Çinlə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin artım dinamikasını özündə əks etdirir.

Hesabat dövründə Azərbaycandan Çinə ixrac 79,57 milyon dollar təşkil edib. Ötən ilin eyni vaxtında isə Çinə 14 milyon 329 min dollarlıq məhsul göndərilmişdi. 2025-ci ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çinin payı 9,33 faiz (3 milyard 814 milyon 792 min dollar) təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan ilə Çin arasında xarici ticarət dövriyyəsi 20,7 faiz yüksələrək 3,7 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2024-cü ilin yanvar-sentyabr aylarına dair rəsmi məlumatlara əsasən, iki ölkə arasında xarici birbaşa investisiya dövriyyəsi 85,9 faiz artaraq 14 milyon ABŞ dolları təşkil edib. Həmin dövrdə Çin şirkətlərinin Azərbaycana yatırdığı birbaşa investisiyaların həcmi isə ötən illə müqayisədə 92,8 faiz artaraq 11,4 milyon ABŞ dollarına yüksəlib. Bu rəqəmlər Azərbaycan-Çin arasında ticarət və investisiya əməkdaşlığının dinamik şəkildə gücləndiyini açıq şəkildə göstərir.

Əvvəlki illərlə müqayisədə hazırda Azərbaycan-Çin münasibətləri həm siyasi, həm də iqtisadi sahədə yüksələn dinamika ilə inkişaf edir. Şübhəsiz ki, bunun əsas təkanverici amillərindən biri Prezident İlham Əliyevin bu ilin 22–24 aprel tarixlərində Çinə səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması barədə qəbul edilmiş qərardır. Qeyd edək ki, uzun illərdir ki, Azərbaycan Çinin Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşıdır. Uzun müddət Azərbaycan-Çin ticarətində əsas yer Çin mallarına aid idi, lakin son illər Azərbaycanın bu ölkəyə ixracı ciddi artış göstərib. Ölkəmizdən Çinə ən böyük ixrac edilən əsas məhsullardan biri neft koksudur. Həmçinin kimya və neft-kimya məhsulları, plastik sənaye məhsulları da ixrac edilir. Bundan başqa, qida və kənd təsərrüfatı məhsulları da ixracatda yer tutur.

Çindao, Canciaciye, Sian və paytaxt Pekində Azərbaycana məxsus ticarət və şərab evləri fəaliyyət göstərir. Ticarət evləri Azərbaycanda dadı və keyfiyyəti ilə seçilən məhsullarının Çində təşviqi ilə yanaşı, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə də töhfə verir. Ticarət evində Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına, eləcə də sərmayə mühitinə aid materiallar nümayiş olunur. Burada İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Made in Azerbaijan” brendli məhsullar çinli istehlakçılara təqdim olunur. Bura əsasən çaylar, meyvə şirələri, şərablar, konservlər, mürəbbələr, qənnadı məmulatları və s. daxildir. Azərbaycana Çindən gətirilən malların böyük bölümü yüksək texnoloji məhsullardır. Mexaniki avadanlıqlar, elektronika və avtomobillər ümumi idxalın yarıdan çoxunu əhatə edir. Bu sahəyə yönəlik diqqət ölkənin sosial-iqtisadi inkişafını sürətləndirir və yerli sahibkarlar üçün geniş perspektivlər açır.

Azərbaycan və Çin arasında “yaşıl enerji” sahəsində də əməkdaşlıq dinamik şəkildə inkişaf edir. “China Datang Overseas Investment Co. Ltd” ilə Azərbaycan quruda 100 MVt gücündə günəş, dənizdə 2 QVt gücündə külək elektrik stansiyalarının inşası layihələri müzakirə edilir. Layihələrin məqsədi “Yaşıl Enerji Dəhlizi” təşəbbüsünə töhfə vermək və Azərbaycanın bərpaolunan enerji sahəsində liderliyini gücləndirməkdir. Ölkə başçısının bu ilin aprel ayında Çinə səfəri zamanı əldə olunan razılaşmaların əsasən bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu sənədlər 260 MVt-lıq günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt-lıq külək elektrik stansiyası, əlavə olaraq 2 MVt-lıq külək enerjisi layihələrinin inkişafı, həmçinin bərpaolunan enerji və elektrik sistemlərinin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.

Son on il ərzində iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas gündəm mövzularından biri Orta Dəhliz layihəsi olub. Həmçinin Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri də Azərbaycan olub. Çinin başladığı “Bir kəmər, bir yol” təşəbbüsü Asiya ilə Avropa arasında, eləcə də daha geniş coğrafiyada ticarət və infrastruktur bağlantılarının formalaşdırılmasına yönəlmiş genişmiqyaslı platformadır. Azərbaycan bu prosesdə strateji mövqeyə malikdir və yeni nəqliyyat marşrutlarının, həmçinin enerji dəhlizlərinin inkişafında fəal rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və Ələt Beynəlxalq Dəniz Limanının fəaliyyətə başlaması bu təşəbbüsün əsas uğurlarından biridir. Həmin layihələr Şərq-Qərb nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə yanaşı, həm də regionun iqtisadi dinamizmini artırır.

2023-cü ilin ilk doqquz ayında Orta Dəhliz üzrə yükdaşımalar 88 faiz artaraq əvvəlki ilin eyni dövründəki 1,1 milyon tonla müqayisədə 2 milyon tona çatıb. 2022-ci ildə isə daşımaların həcmi 2,5 dəfə yüksələrək 1,5 milyon tona çatmış və marşrutun qlobal nəqliyyat şəbəkəsində artan rolunu nümayiş etdirir. Yeri gəlmişkən, son üç ildə Orta Dəhliz vasitəsilə Azərbaycanın ərazisindən keçən yükdaşımaların həcmi 90 faiz artıb və marşrut üzrə tranzit müddətləri əhəmiyyətli dərəcədə qısaldılıb. Yaxın perspektivdə illik 25 milyon ton buraxılış gücünə çatması planlaşdırılan Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər logistika üstünlükləri Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzi kimi mövqeyini daha da gücləndirib.

Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri

2025-ci ilin ilk on ayında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müşahidə olunan artım ölkə iqtisadiyyatı üçün həm qısa, həm də uzunmüddətli strateji təsirlər yaradıb. Bu proses yalnız idxalın genişlənməsi ilə deyil, eyni zamanda, ixracın 5,5 dəfə yüksəlməsi ilə xarakterizə olunur ki, bu da əməkdaşlığın daha balanslı məzmun almasını göstərir. Sözsüz ki, idxalın artması bir neçə istiqamətdə ölkə iqtisadiyyatına müsbət təsir edir.

Bu təsirlərdən biri, xüsusilə, texnologiya və avadanlıq idxalının genişlənməsidir. Çin sənaye avadanlıqları, elektronika, maşınqayırma məhsulları və müxtəlif texniki materiallar üzrə dünya liderlərindəndir. Bu məhsulların ölkəyə daxil olması real sektorda müasir texnologiyaların tətbiqini sürətləndirir, sənaye modernləşməsinə təkan verir, infrastrukturun yenilənməsini sürətləndirir və yerli istehsal müəssisələrində məhsuldarlığın artmasına şərait yaradır. Digər tərəfdən, geniş çeşidli istehlak məhsullarının idxalı daxili bazarda rəqabəti gücləndirir ki, bu da qiymət sabitliyinin qorunmasına, bahalaşmanın qarşısının alınmasına müsbət təsir göstərir. Bu proses, həmçinin yerli istehsal üçün də əlavə motivasiya yaradır. Çin istehsalçıları ilə əməkdaşlıq çərçivəsində bəzi xammal və komponentləri idxal edib ölkədə emal etmək, yaxud yarımfabrikat məhsulların ölkəyə gətirilərək burada tamamlama istehsalının təşkili mümkündür. Bu da qeyri-neft sənayesinin inkişafına və istehsal zəncirinin formalaşmasına müsbət təsir edir. Hesab edirəm ki, gələcək illərdə bu idxal-ixrac axınları yerli istehsalın modernləşməsinə əlavə imkanlar açacaq.

İxracın artması isə iqtisadi diversifikasiya baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Çin istiqamətinə qeyri-neft ixracı illik olaraq 80 milyon dollara yaxınlaşıb ki, bu da yerli məhsulların yeni bazarlara çıxış imkanlarını genişləndirdiyini göstərir. Çin bazarına daxil olmaq kənd təsərrüfatı, aqrar sənaye və digər perspektivli sahələrimizin ixrac potensialını artırır. Digər tərəfdən, neft-kimya məhsullarının satışının artması SOCAR-ın xarici bazarlarda mövqeyini gücləndirir, rəqabət imkanlarını genişləndirir.

Qısa olaraq “yaşıl enerji” sahəsində əməkdaşlığı da qeyd etmək istərdim. Çin şirkətlərinin ölkəmizdə alternativ və bərpaolunan enerji layihələrinə marağı Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, enerji istehsalının strukturunu da şaxələndirir. Bu, gələcəkdə qaz ixracı üçün əlavə imkanlar yaradır, bölgələrdə yeni sənaye və istehsal zonalarının formalaşmasına təkan verir.

Eyni zamanda, tranzit əməliyyatlarının genişlənməsi gəlirlərimizin artmasına mühüm təsir göstərir. Bakı Limanının, Bakı–Tbilisi–Qars xəttinin yükdaşıma gücünün yüksəlməsi, eləcə də Orta Dəhlizin inkişafı Azərbaycanı regionda aparıcı logistika mərkəzinə çevirir. Çin mallarının Avropaya və Türkiyəyə daha sürətli və alternativ marşrutlarla çatdırılması həm ölkəmizin tranzit imkanlarını artırır, həm də strateji mövqeyini gücləndirir.

Sonda vurğulamaq istəyirəm ki, hazırkı ticarət əlaqələrinin möhkəmlənməsi və genişlənməsi Azərbaycan iqtisadi inkişaf modelinə üç əsas istiqamətdə təsir göstərir: Birincisi – iqtisadi diversifikasiya. Ticarət tərəfdaşlarının və ixrac bazarlarının genişlənməsi, xüsusilə Rusiya bazarından asılılığın azalması iqtisadi dayanıqlılığı artırır. İkincisi – innovasiya və modernləşmə. Çin texnologiyalarının idxalı sənaye və infrastrukturu yeniləyir, istehsalda rəqabət qabiliyyətini gücləndirir. Üçüncüsü – strateji mövqe. Azərbaycan Trans–Xəzər dəhlizinin əsas ölkəsi kimi daha böyük strateji əhəmiyyət qazanır, regional ticarət və tranzitdə liderliyini möhkəmləndirir.

Musa BAĞIRLI
XQ



İqtisadiyyat