Buraxılan məhsullara xaricdə də tələbat artır
Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü ildə imzaladığı fərmanla müəyyən edilib. Məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
Sabirabad Sənaye Məhəlləsi isə Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamla yaradılıb. Ümumi ərazisi 20,3 hektar olan məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla tam təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Ümumilikdə, sənaye məhəlləsində 100-dən çox iş yeri yaradılıb və rezidentlər tərəfindən 10 milyon manatdan çox investisiya qoyulub.
“Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə tanış olmaq üçün təsisçi Etibar Ağalarla istehsal prosesində həmsöhbət olduq. O bildirdi ki, cəmiyyətə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu və müvafiq dövlət lisenziyası verilib. Müəssisədə üzvi mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr alman texnologiyasına əsasən daha çox yerli xammaldan istehsal olunur:
“Məhsuldan asılı olaraq 10 faizdən 90 faizə qədər istehsal prosesində yerli xammaldan istifadə edilir. Bununla da respublikamıza xarici ölkələrdən idxal edilən kübrələrin 70-80 faizinin çeşidi və tərkibi ilə eynilik təşkil edir. Bitkiçilik sahəsinin hər bir növünə aid olmaqla Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, xarici ölkələrə də ixrac edilir.
Hazırda müəssisədə hər biri ətraf ərazidə yaşayan 16 nəfər daimi işlə təmin olunub və istehsal edilən məhsullar keyfiyyəti ilə seçilməklə daxili və xarici bazarda yüksək rəqabəti ilə tanınır. Yerli bazarı təmin etməklə Rusiyadan və Pakistandan da təkliflər almışıq. Türkmənistan və Qazaxıstanla yanaşı, Avropa ölkələri də məhsullarımıza son dərəcə böyük maraq göstərir. Slovakiyadan, Polşadan və digər ölkələrdən də təkliflər almağa başlamışıq. İngiltərəyə göndərdiyimiz nümunələr yüksək dəyərləndirildiyindən satış məqsədilə danışıqlar gedir. Məqsədimiz Azərbaycan brendi altında istehsal etdiyimiz keyfiyyətli məhsulları dünya bazarında rəqabətli məhsul kimi tanıtmaq və dünyada alıcı şəbəkəsini genişləndirməkdir. Çünki regionda bu tipli məhsulları istehsal edən yeganə müəssisəyik”.
Müsahibimizin məlumatına onu da əlavə edək ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib. Müəssisə durmadan genişlənir. Məqsədimiz müasir avadanlıqlar gətirməklə məhsulların yeni çeşidlərinin istehsalını genişləndirməkdir. Bu məqsədlə hazırda Çin Xalq Respublikasından yeni avadanlıqların alınması üçün danışıqlar gedir.
İstehsal olunan məhsullara toxunan Etibar Ağalar bildirdi ki, biz əvvəlcə yalnız gübrələr istehsal edirdik, sonradan isə bağçılıqda istifadə olunan məhsulların istehsalına da başlamışıq. Onu da deyim ki, indiyə qədər bu məhsulların hər biri respublikaya kənardan baha qiymətə gətirilirdi. Biz isə çalışırıq ki, yüksək keyfiyyəti ilə xarici məhsullarla eynilik təşkil edən yerli məhsullara bazarda daha çox üstünlük verilsin. Satışın ildən-ilə artması istehsal etdiyimiz məhsulun keyfiyyətini əyani surətdə təsdiqləyir. Qiyməti xarici məhsullardan 2 dəfə ucuz olan məhsullarımızın keyfiyyəti idxal olunanlarla eynidir, çünki biz də brend xammalı eyni texnologiya ilə istehsal edirik.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri


