Süni intellekt hədəflərimiz

post-img

Suveren infrastruktur və Generativ Aİ üçün münbit zəmin hazırlanır

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ABŞ-da OpenAI və NVIDIA kimi qlobal süni intellekt liderlərinin rəhbər heyətləri ilə görüşləri ölkəmizdə bu sahədə yeni mərhələnin başlandığına işarədir. Bu görüşlərdə Azərbaycanda “suveren süni intellekt infrastrukturu” nun qurulması və innovasiya, təhsil, lokal həllər üzrə əməkdaşlıq imkanları müzakirə edildi. Azərbaycan süni intellekt sahəsində dünya ilə inteqrasiya olmaqla yanaşı, milli maraqlarını qoruyan dayanıqlı bir ekosistem yaratmaq niyyətində olduğunu nümayiş etdirir.

Bəs, okeanın o tayında müzakirə olunan suveren süni intellekt infrastrukturu nələri əhatə edir? İlk olaraq, AzInTelecom-un qurduğu ilk Superkompüter Mərkəzi ölkədə süni intellekt üçün yüksək hesablama gücü təmin edən milli platforma kimi ön plana çıxır. Azərbaycan reallığında “suveren Sİ infrastrukturu” dedikdə ilk növbədə yüksək hesablama gücü və məlumat mərkəzləri nəzərdə tutulur. Artıq ölkədə ilk superkompüter mərkəzi qurulub və ən müasir GPU əsaslı hesablama sistemləri ilə təchiz olunub. Bununla dövlət və özəl qurumlar Aİ layihələrini xarici resurslardan asılı qalmadan ölkə daxilində həyata keçirə bilir, dövlət məlumatlarının emalı üçün təhlükəsiz lokal mühit təmin olunur. Suveren infrastrukturun digər vacib tərəfi bulud platformaları və data mərkəzləridir. Hazırda ölkədə iki müasir data mərkəzi fəaliyyət göstərir, daha ikisinin tikintisi davam edir. Bu resurslar sayəsində məlumatlar ölkə daxilində saxlanılır və milli süni intellekt sistemlərinin fasiləsiz işi təmin olunur.

Bundan başqa, lokal böyük dil modelləri və məlumat bazaları suveren süni intellektin tərkib hissəsidir. Azərbaycan dilində və yerli reallığa uyğunlaşdırılmış intellektual həllər hazırlanmalıdır. Məsələn, strateji hədəf kimi 2029-cu ilə qədər Azərbaycan dilində generativ süni intellekt (GenAİ) modelinin dövlət idarəçiliyində tətbiqi planlaşdırılır, bu da ölkənin rəqəmsal suverenliyini möhkəmləndirəcək.

Dövlət xidmətlərinin rəqəmsal modernizasiyasında da süni intellekt bir çox istiqamətdə sürətli nəticə verə bilər. Məlumat emalı və qərar dəstəyi tələb olunan sahələrdə bunun tətbiqi iş proseslərini xeyli sürətləndirə və avtomatlaşdıra bilər. Artıq hüquqi sənədlərin intellektual axtarışı və təhlili üçün ölkəmizdə süni intellekt əsaslı sistem istifadəyə verilib. Bu texnologiya saniyələr içində qanunvericilik bazasında mürəkkəb axtarışlar apararaq vətəndaşlara lazım olan cavabları təqdim edir.

Sosial təminat sektorunda da yeni texnoloji reallıq dərhal faydasını göstərir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial portalında süni intellekt aztəminatlı ailələri proaktiv müəyyənləşdirərək onlara avtomatik yardım təyin olunmasına imkan verib. Nəticədə xidmətlərin əlçatanlığı yüksəlib, şikayətlərin sayı isə əhəmiyyətli dərəcədə azalıb. Ümumilikdə, süni intellekt böyük həcmli məlumatları təhlil etdiyi hər bir dövlət xidmətində proseslər sürətlə yaxşılaşır. Xarici ekspertlərin fikrincə, bu həllər sayəsində hətta məhkəmə sistemi və ümumi dövlət idarəçiliyində bir neçə həftə ərzində nəzərəçarpacaq irəliləyiş əldə etmək mümkündür. Beləliklə, süni intellektin inteqrasiyası dövlət xidmətlərini həm daha sürətli, həm də daha şəffaf edə bilər.

Süni intellekt kimi sürətlə inkişaf edən sahədə ixtisaslı kadr çatışmazlığı qlobal problemdir və Azərbaycan da istisna deyil. Lakin bu boşluğu doldurmaq üçün artıq konkret addımlar atılır. Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı ölkədə Süni İntellekt Akademiyasının yaradılmasını da nəzərdə tutur. 2026–2027-ci illərdə fəaliyyət başlayacaq bu akademiya vasitəsilə yüzlərlə mühəndisin hazırlanması və minlərlə gəncin cəlb olunduğu geniş Aİ icmasının formalaşdırılması hədəflənir.

Onu da bildirək ki, ölkəmizdə Milli Süni İntellekt Mərkəzi də fəaliyyət göstərir. Artıq mərkəz 3 süni intellekt layihəsini istifadəyə verib. Bununla yanaşı, mərkəz ilk yerli mütəxəssislərini yetişdirməyə başlayıb. İndiyədək 15-dən çox mütəxəssis hazırlanıb və hazırda 100-dən artıq gənc mühəndis təhsil alır. Bundan əlavə, bu sahədə çalışan xaricdəki azərbaycanlıların təcrübəsindən faydalanmaq üçün ABŞ-da, Silikon Vadisindəki mütəxəssislərlə görüşlər keçirilib, onların ölkənin rəqəmsal inkişafına töhfələri müzakirə olunub.

Kadr potensialını gücləndirmək üçün beynəlxalq onlayn tədris resurslarının lokalizasiyası da diqqətdədir. Məsələn, Coursera platformasındakı qabaqcıl Sİ kurslarının Azərbaycan dilinə tərcüməsi təşəbbüsləri start götürüb ki, gənclər dil maneəsi olmadan qlobal biliklərə yiyələnsin.

Qeyd edək ki, ölkə başçısının birbaşa diqqət və qayğısı nəticəsində “2026–2029-cu illər üçün rəqəmsal iqtisadiyyat” strategiyasında ilk dəfə Generativ Süni İntellekt (GenAI) texnologiyalarının iqtisadiyyata təsiri ilə bağlı real hədəflər öz əksini tapıb. Bu sənədə görə 2029-cu ilə qədər Azərbaycan dilində generativ süni intellekt modeli dövlət idarəçiliyində tətbiq ediləcək. Mütəxəssislər hesab edir ki, generativ Sİ-nin geniş tətbiqi ölkə iqtisadiyyatına əlavə milyardlarla dollar dəyər verə bilər. Lakin bu potensialı gerçəkləşdirmək üçün təkcə plan kifayət etmir, fiziki addımların paralel atılması vacibdir.

Elvin ABBASOV,
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri

ABŞ-da keçirilən görüşlərdə diqqətçəkən məqamlardan biri də "Suveren Süni İntellekt infrastrukturu" anlayışının müzakirəsi idi. Ümumiyyətlə, bu anlayış Azərbaycan reallığında milli data suverenliyini və təhlükəsizliyi təmin edən üç əsas komponenti əhatə etməlidir. Birincisi, Fizik İnfrastruktur: Ölkə daxilində yerləşən, TIER III sertifikatlı data mərkəzləri ilə dəstəklənən və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və "AzInTelecom"un qurmaqda olduğu kimi, NVIDIA H200 qrafik çiplərinə əsaslanan və gücü 1.2 PFLOPS təşkil edən Yüksək Performanslı Hesablama (HPC) mərkəzləri şəbəkəsi. Bu güc, Azərbaycanın regional Süni İntellekt rəqabətində irəli çıxması üçün kritikdir. İkincisi, Məlumat və Model Suverenliyi: Azərbaycan dilində və lokal ehtiyaclara uyğun öyrədilmiş, xarici siyasi təsirlərdən asılı olmayan milli böyük dil modellərinin (LLM) və digər Süni İntellekt modellərinin yaradılması. Üçüncüsü, Kadr və Tənzimləmə Suverenliyi: Süni İntellektin etik istifadəsini tənzimləyən milli qanunvericilik bazasının yaradılması və lokal mütəxəssislərin bu infrastrukturu idarə etmək qabiliyyəti.

Süni İntellekt texnologiyalarının dövlət xidmətlərinin modernizasiyasında tətbiqi ən sürətli nəticəni təkrarolunan, böyükhəcmli sənəd emalı və vətəndaş müraciətlərinin ilkin idarə edilməsi sahələrində verə bilər. Bu sahələrə elektron hökumət portalı üzərindən daxil olan müraciətlərin təsnifləşdirilməsi və avtomatik yönləndirilməsi, habelə vergi, gömrük və notariat əməliyyatlarında sənədlərin ilkin yoxlanılması daxildir. Süni İntellektin bu cür "Back-Office" əməliyyatlarına tətbiqi həm insan resurslarının yükünü azaldır, həm də xidmətlərin sürətini, şəffaflığını və dəqiqliyini kəskin şəkildə artırır. Bu, vətəndaş məmnuniyyətinə dərhal təsir edəcək qısa müddətli qələbə (quick win) sahələridir.

Bəli, Azərbaycan qlobal bazara nisbətən Süni İntellekt üzrə ixtisaslı kadr çatışmazlığı problemi ilə üz-üzədir. Bu boşluq, xüsusən Süni İntellekt mühəndisliyi, data elmləri və Süni İntellekt etikası/hüququ sahələrində daha kəskindir. Bu problemin aradan qaldırılması üçün üç istiqamətli yanaşma tələb olunur: 1) Xarici tərəfdaşlarla (NVIDIA və OpenAI kimi) birgə intensiv kadr hazırlığı proqramlarının yaradılması və yerli universitetlərin tədris proqramlarının qlobal standartlara uyğunlaşdırılması. 2) İT mütəxəssislərinin reskilling (yeni ixtisaslaşma) və upskilling (təkmilləşdirmə) proqramlarına cəlb edilməsi. 3) "Beyin axını" riskini azaltmaq məqsədilə yerli Süni İntellekt mühəndislərinə rəqabətədavamlı əməkhaqları və HPC kimi müasir infrastrukturda işləmək imkanının təmin edilməsi.

"Rəqəmsal İqtisadiyyatın İnkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da Generativ Süni İntellektin (GenAI) iqtisadiyyata təsirləri ilə bağlı real hədəflərin müəyyənləşdirilməsi müsbət və zəruri bir addımdır. ABŞ-da keçirilən görüşlərə paralel olaraq fiziki addımlar dərhal atılmalıdır. Bu fiziki addımlara daxildir: 1) 4SİM və AzInTelecom-un Superkompüter mərkəzlərinin tam gücü ilə işə salınması və startaplara əlçatanlığının təmin edilməsi. 2) Əməkdaşlıq çərçivəsində NVIDIA və OpenAI-dən mütəxəssislərin cəlb edilməsi ilə Lokal Süni İntellekt Tədqiqat Laboratoriyalarının (Research Labs) qurulması. 3) Süni İntellektin tətbiqini sürətləndirmək üçün pilot dövlət layihələrinin (məsələn, səhiyyə və ya təhsil sahəsində) maliyyələşdirilməsinə başlanılması. Sözdə olan hədəflər dərhal konkret, ölçüləbilən və vaxtı müəyyən edilmiş icra planlarına çevrilməlidir.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat