Bakıda 2-ci Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib

post-img

 Dekabrın 23-də Bakıda 2-ci Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Əsədov Forumu hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platforma kimi səciyyələndirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı etimadın ikitərəfli iqtisadi əməkdaşlığın davamlı inkişafı üçün möhkəm zəmin yaratdığı diqqətə çatdırılıb.

Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin hər iki ölkə üçün prioritet istiqamətlərdən biri olduğu bildirilib.

İnvestisiya əməkdaşlığının yaxşı dinamika nümayiş etdirdiyi vurğulanıb. Bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına təqribən 18 milyard ABŞ dolları sərmayə qoyub. Hazırda Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş quraraq qardaş ölkənin iqtisadi inkişafına töhfə verir.

Baş nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn tədbirlərin dəstəklənməsi məqsədilə özəl investisiyaların cəlb edilməsi fəal şəkildə təşviq olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl” enerji potensialından səmərəli istifadə üçün mövcud infrastrukturun yenilənməsi və yenisinin tikilməsi istiqamətində xarici kapitalın cəlb edilməsi davam edir.

Qeyd olunub ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər.

Eyni zamanda ölkənin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şəraitin yaradıldığı vurğulanıb. İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt azad iqtisadi zonası xüsusi qeyd edilib.

Bir sıra Türkiyə şirkətlərinin artıq sözügedən xüsusi iqtisadi zonalarda fəaliyyət göstərdiyi bildirilib. “Burada investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik” , - deyə Ə.Əsədov əlavə edib.

Azərbaycan və Türkiyənin birgə iştirak etdikləri qlobal layihələrin ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Bu kontekstdə Orta Dəhlizin təkcə region üçün deyil, qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyəti qeyd edilib. Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcminin 90 faiz artdığı diqqətə çatdırılıb.

Eyni zamanda Zəngəzur dəhlizinin açılmasının region dövlətləri üçün yeni iqtisadi və tranzit imkanları yaradacağı və Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracağı vurğulanıb.

Enerji sahəsində strateji tərəfdaşlığın iri miqyaslı layihələr vasitəsilə daha da möhkəmləndiyi bildirilib. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TANAP layihələrinin Azərbaycanın enerji resurslarının Avropa bazarlarına etibarlı çıxışını təmin etdiyi vurğulanıb.

Ə.Əsədov xatırladıb ki, dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu halqasını təşkil edən TAP boru kəməri vasitəsilə Avropaya qaz nəqlinin başlamasının 5 ili tamam olur və ötən dövr ərzində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 14-ə çatıb.

SOCAR-ın Türkiyəyə 19 milyarda yaxın ABŞ dolları sərmayə ilə qardaş ölkənin ən böyük xarici investoru olduğu qeyd edilib. Bu sərmayələr çərçivəsində neft emalı, neft-kimya və təbii qaz sahələrində bir sıra strateji layihələrin həyata keçirildiyi bildirilib. Şirkətin Türkiyədəki fəaliyyətinin genişləndirilməsi ilə bağlı planları barədə bəhs olunub, Forum çərçivəsində Türkiyədə yerləşən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənədin imzalanacağı bildirilib.

Sənaye və texnologiya sahələrində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyi, müasir texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat, süni intellekt və innovasiya sahələrində əməkdaşlığın genişləndirildiyi qeyd edilib.

Müdafiə sənayesi xüsusilə vurğulanıb. Azərbaycanda müdafiə sənayesinin son zamanlar yüksək templə inkişaf etdiyi, Türkiyə ilə bu sahədə səmərəli əməkdaşlığın qurulduğu diqqətə çatdırılıb.

Türk Dövlətləri Təşkilatı çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq xüsusi vurğulanıb.

Bununla yanaşı Türk İnvestisiya Fondunun yaradılmasının region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyəti qeyd edilib.

Forumun Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı investisiyaların artmasına və birgə uğurlu layihələrin reallaşmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.











İqtisadiyyat