“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları və işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Ulu öndər Heydər Əliyev mürəkkəb regional reallıqları, daxili siyasi tarazlığı və dövlətin qarşısında duran uzunmüddətli çağırışları dəqiq hesablamaqla strateji seçim etmişdi.
İlham Əliyevin siyasi hazırlığı, beynəlxalq münasibətlər sahəsində formalaşmış təcrübəsi və müasir idarəçilik baxışı bu seçimi zərurətə çevirən əsas amil idi. Sonrakı proseslər göstərdi ki, Ümummilli liderin bu tarixi qərarı şübhəsiz ki, emosiyaya deyil, dövlət maraqlarına söykənirdi və Azərbaycan yeni lideri ilə məqsədyönlü inkişaf mərhələsinə keçdi. Məhz buna görə də İlham Əliyevin ümumxalq səsverməsi ilə prezident seçilməsi siyasi baxımdan məntiqi, tarixi baxımdan isə tam doğru addım kimi bir daha təsdiqini tapdı.
Prezident İlham Əliyev siyasi səhnədə Ulu öndər Heydər Əliyevin ona göstərdiyi etimadı tam doğruldaraq xalqı ümidlərinə qovuşdurdu. Yeni əsrin lideri kimi onun rəhbərliyi dövründə Azərbaycan sürətli siyasi, iqtisadi və sosial tərəqqi yoluna qədəm qoydu, ölkənin idarəetmə və infrastruktur sahələrində mühüm islahatlar həyata keçirildi. Bu uğurlar Azərbaycanı regional liderlik mövqeyindən daha geniş nüfuza malik dövlətə çevirdi. Eyni zamanda, ölkəmizin başçısının fəaliyyəti Azərbaycanı beynəlxalq problemlərin həllində aktiv tərəf kimi tanıtmağa başladı. Enerji resurslarından səmərəli istifadə, nəqliyyat və iqtisadi layihələrin reallaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi ölkənin dünya arenasında nüfuz qazanmasına imkan verdi. Prezident İlham Əliyevin düzgün strategiyası nəticəsində Azərbaycan regionda və qlobal səviyyədə nüfuzlu dövlət kimi qəbul olundu.
Müasir çağırışlara uyğun islahatları ilə xalqın sevgisini qazanan Prezident İlham Əliyev qlobal səviyyəli lider kimi tarixdə öz yerini möhkəm etdi. O, xalqı ilə birgə yaşadı, xalqı kimi düşündü. Yubileyini evindən didərgin salınmış qaçqınlarla görüşərək qeyd etməsi onun hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübuta yetirdi.
Qlobal lider kimi Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Qarabağ danışıqlarında ölkəmizin işğalla barışmayacağını açıq bəyan edərək göstərdi ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılması heç vaxt mümkün olmayacaq.
Dövlətimizin başçısı buna imkan vermədi. İki əsrlik tarixdə bir ilkə imza ataraq Qarabağı işğaldan azad etdi və düşməni rəzil təslimçilik aktı imzalamağa məcbur etdi. Bu tarixi uğur Azərbaycan xalqının milli qürurunu bərpa etdi və ölkəmiz üçün möhtəşəm bir nailiyyət oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət yalnız torpaqların geri qaytarılması ilə məhdudlaşmadı. Bu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi və Qarabağın azad edilməsi tarixi və siyasi baxımdan mühüm bir nailiyyət olaraq yadda qaldı. Ali Baş Komandan sübut etdi ki, o, həm xalqının, həm də Azərbaycanın milli maraqlarının ən sadiq müdafiəçisidir.
Bütün bu uğurlar İlham Əliyevi yalnız siyasi lider deyil, həm də ümumxalq fenomeni kimi tanıtdı. Onun liderliyi göstərdi ki, yalnız düzgün strategiya, uzaqgörən siyasət və xalqla qurulan etibarlı körpü bir ölkəni regional gücdən dünya səviyyəsində nüfuzlu dövlətə çevirə bilər.
Nəticə olaraq, bu gün böyük fəxr və qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin rolu Azərbaycanın müasir inkişaf tarixində əvəzsizdir. Öz fövqəl bacarığı ilə dövlətimizin başçısı Azərbaycanda həm strateq, həm lider, həm də ümumxalq fenomeni kimi sevilir. Onun fəaliyyəti bütün liderlər üçün örnəkdir. Müasir dövrdə Prezident İlham Əliyev kimi xalqı tərəfindən sevilən ikinci bir lideri tapmaq çətindir, bu xoşbəxtlik yalnız işıqlı və xoşbəxt gələcək yolunda əzəmətlə addımlayan xalqımıza nəsib olub.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti

