Rəqəmsal tərəqqi misə tələbatı yüksəldir

post-img

Süni intellekt və müdafiə sektorlarındakı inkişaf 2040-cı ilə qədər qlobal mis tələbini 50 faiz artıracaq.

Bu barədə “S&P Global” şirkətinin açıqladığı yeni hesabatda bildirilib.

Uzun müddətdir ki, tikinti, nəqliyyat, texnologiya və elektronika sahələrində geniş istifadə olunan mis ən yaxşı elektrik keçirici metallardan biridir. O, korroziyaya davamlıdır və asanlıqla şəkilləndirilə, formalaşdırıla bilir. Son bir neçə ildə elektromobil sənayesi misə tələbatı artırsa da, süni intellekt, müdafiə və robototexnika sahələrinin inkişafı növbəti 14 ildə daha çox mis ehtiyacı yaradacaq. Bu tələbat, eyni zamanda, ənənəvi istehlakçı tələbləri olan kondisionerlər və digər mis tələbatlı cihazlarla paralel olacaq.

Qlobal miqyasda misə tələbat 2025-ci ildə 28 milyon ton idisə, 2040-cı ilə qədər bu rəqəmin 42 milyon ton olacağı gözlənilir. Qeyd olunub ki, yeni təchizat mənbələri olmadan bu tələbin, təxminən, dörddəbiri qarşılanmayacaq.

Qeyd edək ki, süni intellekt misə tələbatı artıracaq sahələrdən biridir. Ötən il yalnız 100-dən çox yeni data mərkəzi layihəsinin dəyəri, təxminən, 61 milyard dollar olub. Ukraynada baş verən münaqişə və Yaponiya, Almaniya kimi ölkələrin müdafiə büdcələrini artırması da mis tələbini artıracaq.

Demək olar ki, hər bir elektron cihazda mis mövcuddur. Çili və Peru ən böyük mis mədənçiliyi ölkələridir, Çin isə ən böyük mis əridicisi olaraq ön plandadır. ABŞ misin bir hissəsini idxal edir və illik olaraq ehtiyacının yarısını xaricdən alır.

XQ

İqtisadiyyat