Vergi ödəyicilərinin sayı çoxalıb

post-img

2026-cı il yanvarın 1-nə Azərbaycanda vergi ödəyicilərinin sayı 1 milyon 674 min 984 olub. Bu da ötən il yanvarın 1-i ilə müqayisədə 4,9 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, vergi ödəyicilərinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,6 faiz, idarə, müəssisə və təşkilatların sayı isə 6,6 faiz artıb. Ötən il dekabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı da 1 il əvvələ nisbətən 7,2 faiz çox – 204 min 65 vahid təşkil edib.

2025-ci ildə 14 min 51 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 88,7 faizi yerli investisiyalı, 11,3 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5 faiz təşkil edib.

Qurumun məlumatına görə, dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

XQ

İqtisadiyyat