Kartof bazarında narahatlıq səngimir

post-img

Gətirilən məhsul aşağı keyfiyyətli, yerli istehsal isə yetərli deyil

İkinci çörək adlandırdığımız kartof ərzaq buğdası və düyüdən sonra dünyada ən çox istifadə olunan, gündəlik istehlak səbətinin əsasını təşkil edən və ərzaq təhlükəsizliyində əhəmiyyətli rol oynayan məhsullar sırasında əvəzsiz qidadır. Kənd təsərrüfatında strateji önəm daşıyan yerli toxum ehtiyatlarının keyfiyyətinin sabit olmaması, toxumçuluq və emal sahələrində ciddi islahatlar aparılmaması səbəbindən isə idxal olunan toxumluq kartofa tələbat yüksəkdir.

Bu baxımdan son vaxtlar bazarlarda texniki kartof satılması ilə bağlı səslənən xəbərlər, təbii ki, sektorun inkişafına mənfi təsir edən amil kimi narahatlıq doğurmaya bilməz. Bu məsələni bir qədər də konkretləşdirib deyə bilərik ki, ölkəyə gətirilən kartofun “texniki” olması, hətta heyvan yemi olan məhsulun insanlara satılması ciddi ictimai narazılıq yaradır.

Mütəxəssislər qeyd edirlər ki, rəsmi terminologiyada “texniki kartof” sözləri işlədilmir. Mətbuatda və ictimai müzakirələrdə bu anlayış daha çox heyvan yemi və ya sənaye xammalı kimi nəzərdə tutulan, insanların qida rasionuna uyğun olmayan keyfiyyətsiz kartof məhsulu mənasında istifadə edilir. Bununla belə, aqrar ekspertlər tərəfindən kartofun əsas kateqoriyaları arasında süfrəlik (ərzaqlıq) və çips, sənaye emalı üçün nəzərdə tutulan sortların mövcudluğu bildirilir.

Ekspertlərin və rəsmi struktur nümayəndələrinin mövqeyinə gəldikdə isə, deyilir ki, həqiqətən, keyfiyyətsiz kartof idxal oluna bilər, ancaq bu məhsul da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlanılır və normal qida standartlarına cavab verən məhsul dövriyyəyə buraxılır. Bəzi hallarda isə idxal olunan kartofun fizioloji keyfiyyəti yerli bazarda aşağı qiymətləndirilir, lakin bu, məhsulun “zərərli”, “təhlükəli” anlamına gəlmir, sadəcə, müştəri gözləntilərini doğrultmur. Bu səbəbdən, hələlik “zərərli kartof gətirilir və satılır” iddialarını sübuta yetirən elmi və statistik arqumentlər müşahidə olunmur. Rəsmi yoxlamalarla idxal məhsullarının qida standartlarına cavab verdiyi təsdiqlənir.

Ümumiyyətlə, heyvan yemi üçün xüsusi kartof istehsalı yoxdur, çünki bu məhsul daha çox insan üçün yetişdirilir. “Texniki kartof” anlayışının özü belə rəsmi təsnifatda göstərilmir. Yəni bu ad ilə bəzi idxal edilən sortların düzgün seçilməməsi, zədələnməsi və ya standartlara cavab verməməsi səbəbindən keyfiyyətsiz məhsul kimi qiymətləndirildiyi hallarda bu ifadə işlədilir. Bununla belə, ekspertlər vurğulayırlar ki, belə məhsulların idxalı qida təhlükəsizliyi standartları çərçivəsində AQTA tərəfindən ciddi yoxlanılır və yalnız uyğun olanlar dövriyyəyə buraxılır.

“Texniki” deyilsə, bəs nədir?

Bütün bunlara baxmayaraq, son günlər Azərbaycanda kartofun idxal keyfiyyəti ilə bağlı ictimai narahatlıq getdikcə artır. Bu narahatlığın isə əsassız olmadığı müəyyən faktlarla öz ifadəsini tapır. Məsələn, həqiqətən də, ölkəmizə gətirilən kartof bəzi hallarda keyfiyyətsizliyi və qida üçün yararsızlığı ilə diqqət çəkir. Bu zaman həmin məhsulun bazarlarda satılması da təəccüb doğurur. Əslində isə belə bir vəziyyətin müşahidə olunması bir sıra hallarda yerli istehsalın azalması ilə əlaqələndirilir. Lakin bu məsələyə dair bəzi ekspert təhlillərində daxili istehsalın mövcud vəziyyətinin heç də narahatlıq doğurmadığı söylənilir və respublikada kartof istehsalının yüksək səviyyədə olması vurğulanır.

Yeri gəlmişkən, cari ilin yanvar ayına olan məlumata əsasən, ötən ilin yanvar – ok t yabr aylarında ölkədə 982 min ton kartof istehsal edilib. Bəzi regionlarda, məsələn, Masallıda orta məhsuldarlıq hər hektardan 177 sentner (17,7 ton) olub. Hesabat ilinin 11 ayında Azərbaycandan 28,2 milyon dollar dəyərində 71 min tondan çox (2024-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 47,3 faiz, dəyər baxımından isə 38 faiz artım) kartof ixrac edilib. 

Daxili istehsalın artmasına və ixracın genişlənməsinə baxmayaraq, ölkə bazarı hələ də müəyyən dərəcədə idxaldan asılıdır. İllik kartof istehlakı respublikada 840–845 min ton civarındadır. 2026-cı il üçün proqnozlar kartof istehsalının 1,1 milyon tona, istehlakın isə 750 min tona çatacağını göstərir.

İdxalın səbəblərinə gəldikdə isə, mütəxəssislər bildirirlər ki, bu, ilk növbədə, mövsüm amili ilə bağlıdır. Belə ki, ilin bəzi dövrlərində yerli kartof bazarda kifayət qədər olmur və bu zaman istehlak tələbatını ödəmək üçün idxalın vacibliyi önə çəkilir. Əslində, bu məsələdə saxlanılma problemlərinin mövcudluğu da narahatlığa səbəb olur. Belə ki, yerli kartofun uzun müddət saxlanılması üçün müasir anbar və soyutma sistemlərinin məhdudluğu üzündən ilin müəyyən vaxtlarında idxala olan tələbat çoxalır. Eyni zamanda, bəzi fermerlərin istehsalın maya dəyəri və gəlir balansı problemi ilə üzləşmələri nəticəsində müəyyən çətinliklər yaşanılır. Bu baxımdan, idxal və yerli istehsal arasındakı əlaqə tamamilə istehsalın azalması ilə bağlı olmur. Əsas səbəb mövsümlük və saxlama infrastrukturu çətinliklərindən irəli gəlir. 

Beləliklə, respublikada əsas ərzaq məhsullarından biri olan kartof istehsalı ümumi ərzaq təhlükəsizliyində önəmli rol oynayır. Əvvəlki illərlə müqayisədə istehsal həcmi getdikcə artır və bu sahədə müsbət göstəricilər nəzərə çarpır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, anbar və saxlama infrastrukturunun məhdudluğu, kartofun uzun müddət saxlanılması ilə bağlı problemlər üzündən idxala böyük tələbat yaranır.

Ekspertlərin fikrincə, kartofçuluğun inkişafı baxımından toxumçuluq diqqətdə saxlanılmalı, bu məqsədlə yerli toxumçuluq gücləndirilməli və keyfiyyətli toxum çatışmazlığı aradan qaldırılmalıdır. Eyni zamanda, aqrotexniki qaydaların həyata keçirilməsinə xüsusi dəstək göstərilməli, eləcə də məhsuldarlığın dünyada müşahidə edilən səviyyələrdən aşağı olması problemi həllini tapmalıdır. Subsidiyalar və dəstək mexanizmlərinin optimallaşdırılmasına, səmərəliyinin artırılmasına önəm verilməlidir. 

Azərbaycan hökuməti keyfiyyətsiz kartof idxalına qarşı müxtəlif tədbirlər həyata keçirir və ya aidiyyəti qurumlar müəyyən təkliflər verir. Məsələn, AQTA idxal olunan kartofu yoxlayaraq fiziki və mikrobioloji göstəricilər üzrə risk qiymətləndirilməsi aparır, yalnız uyğun məhsulu dövriyyəyə buraxır, idxal icazələrinin verilməsini qida təhlükəsizliyi normalarına riayət olunması ilə həyata keçirir, Kənd Təsərrüfatı Nazirliyi isə suvarma sistemli sahələr üçün hektara görə subsidiyaları gerçəkləşdirir.

İdxal keyfiyyətsizdirsə, yerli istehsal niyə tələbatı ödəmir?

Qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov laborator müayinə olmadan, analizlər aparılmadan, tərkibi öyrənilmədən texniki kartof haqqında fikir bildirməyin doğru olmadığını deyir. O, eyni zamanda, bu məhsulun qida məqsədilə bazarlarda satılmasının qeyri-mümkün olduğunu, texniki məqsədlər üçün, məsələn, sənaye xammalı kimi heyvan yemlərində istifadə edildiyini bildirir. İ.Şirinov belə bir halda da müəyyən məsələlərə ciddi əməl olunmasının, qida standartlarına uyğunlaşdırılmasının zəruriliyini diqqətə çatdırır. Çünki bu kartofda kimyəvi maddələrin yükü həddindən artıq çoxdur. Yetişdirilməsində isə normadan çox, yüksək miqdarda gübrələr, pestisidlər və herbisidlərdən istifadə edilir. Buna görə də anbarlarda saxlanılan zaman tərkibdə müxtəlif dəyişikliklər müşahidə olunur. Bu səbəbdən anbarlar da fərqli olmalıdır. Qida üçün nəzərdə tutulmayan yerlərdə saxlanılmalıdır.

Belə kartofların tərkibindəki maddələr toksiki təsirə malikdir. Müxtəlif iltihabların, xəstəliklərin inkişafını sürətləndirir. Tərkibi kimyəvi maddələrlə, normadan çox gübrələrlə zəngindir. Orqanizm üçün toksiki təsirə malikdir. Bədəndə toplanaraq toxumalara və hüceyrələrə zərər verir və təsiri ümumi və zəhərli xarakter daşıyır.

Mütəxəssisin sözlərinə görə, belə kartof, həqiqətən, satışa çıxarılarsa, onun üzərində texniki məqsədlər üçün istifadəsi ilə bağlı qeyd olmalıdır. Əksinə, bu, istehlakçıların birbaşa sağlamlığını risk altına atır. Həmçinin belə bir hal qida təhlükəsizliyi qanunvericiliyinə birbaşa ziddir. Bu cür kartoflarda bişdikdən sonra acı dad olur.

Vaqif BAYRAMOV

XQ

Ekspert rəyi

Məhsəti HÜSEYNOVA,

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi 

Hazırda respublika mediasında ölkəyə idxal edilən kartofun keyfiyyəti ilə bağlı müzakirələr geniş yer alır və “texniki kartof” kimi adlandırılan, insan sağlamlığı üçün təhlükəli sayılan bu məhsulun istehlaka yönəldilərək bazarlarda satılması barədə müəyyən fikirlər səsləndirilir.

Bu növ kartofların qida kimi istifadəsi nəzərdə tutulmadığından sağlamlıq baxımından bir sıra məqamlar diqqətdə saxlanılmalıdır. İlk növbədə, keyfiyyətli, mənşəyi bəlli olan qida məhsulu mütləq şəkildə etibarlı satış nöqtələrindən alınmalıdır. Azad bazar iqtisadiyyatının inkişafına dəstək məqsədilə bir çox insanlara məhsul satışı üçün şərait yaradılsa da, onların bir qismi insan sağlamlığını deyil, şəxsi maraqları üstün tutur, keyfiyyətsiz və yararsız istehsal edilib. Bəzi regionlarda, məsələn, Masallıda orta məhsuldarlıq hər hektardan 177 sentner (17,7 ton) olub. Hesabat ilinin 11 ayında Azərbaycandan 28,2 milyon dollar dəyərində 71 min tondan çox (2024-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 47,3 faiz, dəyər baxımından isə 38 faiz artım) kartof ixrac edilib. Daxili istehsalın artmasına və ixracın genişlənməsinə baxmayaraq, ölkə bazarı hələ də müəyyən dərəcədə idxaldan asılıdır. İllik kartof istehlakı respublikada 840–845 min ton civarındadır. 2026-cı il üçün proqnozlar kartof istehsalının 1,1 milyon tona, istehlakın isə 750 min tona çatacağını göstərir. İdxalın səbəblərinə gəldikdə isə, mütəxəssislər bildirirlər ki, bu, ilk növbədə, mövsüm amili ilə bağlıdır. Belə ki, ilin bəzi məhsulları alıcılara təqdim edir.

Texniki kartoflar müəyyən istehsal prosesi üçün yetişdirilir. Belə məhsullar istehlak edən insanlarda ağır metallarla zəhərlənmə, pestisid qalıqlarının orqanizmdə yığılması riski yarana bilər. Məhsuldarlığı artırmaq və tez yetişdirmək məqsədilə istifadə olunan nitratların miqdarı normadan artıq olduqda isə bu, qısa müddətdə ciddi fəsadlar verməsə də, davamlı qəbul zamanı daxili orqanların, xüsusilə qaraciyər və böyrəklərin funksiyasının pozulması, eləcə də zədələnməsi ilə nəticələnir.

Texniki kartofu adi kartofdan seçmək çətindir. Əgər bu məsul həddindən artıq iri, forması pozulmuş, yumru deyilsə, üzərində şişkinliklər və çıxıntılar varsa, qabığı çox kobud, sərt və qalındırsa, eləcə də qabığın altında yaşıl rəng müşahidə olunursa, bu, zəhərli solanin maddəsinin göstəricisi sayılır. Belə kartofların alınması tövsiyə edilmir. İstehlakdan sonra ürəkbulanma, başgicəllənmə, ağızda acı dad və ya digər xoşagəlməz hallar müşahidə edilərsə, həkimə müraciət olunmalıdır. Yaşıllaşmamış və cücərməmiş kartoflara üstünlük verilməli, ev şəraitində isə kartof günəş şüaları düşməyən, sərin və qaranlıq yerdə saxlanılmalıdır. Digər meyvə və tərəvəzlərlə eyni yerdə saxlanması məqsədəuyğun deyil, çünki tərkibindəki maddələr səbəbindən məhsulların daha tez yetişməsinə və xarab olmasına səbəb ola bilər. Buna görə də kartofun ayrıca saxlanılması tövsiyə olunur.

 



İqtisadiyyat