Tramp: Qrenlandiya ABŞ-a məxsus olmalıdır

post-img

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun 56-cı illik toplantısında iştirak edib. Məlumatı “Anadolu” yayıb. 

Dövlət başçısı Qrenlandiyaya qarşı hərbi güc tətbiq etməyəcəyini bildirib: “Tariximiz boyunca bir çox başqa əraziləri satın aldığımız kimi, ABŞ tərəfindən Qrenlandiyanın satın alınması məsələsi ilə bağlı (Danimarka ilə) təcili danışıqlar tələb edirəm”.

Tramp qeyd edib ki, ABŞ milli təhlükəsizlik səbəblərindən bu əraziyə sahib olmalıdır və onlar bu məsələni Danimarka ilə müzakirə etməyə hazırdırlar: “Həddindən artıq güc tətbiq etmək qərarına gəlməsək, Qrenlandiya ilə bağlı heç nəyə nail ola bilməyəcəyik və bu halda, açığı, bizi dayandırmaq mümkün olmayacaq. Amma mən bunu etməyəcəyəm. Güc tətbiq etmək istəmirəm, güc tətbiq etməyəcəyəm”. 

O, hərbi həlli düşünmədiyini açıq şəkildə bildirib.

Rusiya və Çinə toxunan Tramp əlavə edib ki, Qrenlandiya təkcə ABŞ-ın təhlükəsizliyi üçün deyil, həm də Avropanın təhlükəsizliyi üçün vacibdir və buna görə də ABŞ-a məxsus olmalıdır.

P.ƏMİRCANOV
XQ

Dünya